Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:36

Məktəb direktoru olmaq istəyənlər imtahan verib


arxiv foto
arxiv foto

Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə imtahanlar başa çatıb. Bununla bağlı Təhsil Nazirliyi, bu gün, noyabrın 24-də məlumat yayıb.

Verilən məlumata görə, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində ümumilikdə 1411 nəfər iştirak edib. İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən isə 15 test tapşırığı təqdim olunub.

Namizədlər arasında Bakıdakı 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimovun ən yüksək nəticə göstərdiyi, 49 bal topladığı bildirilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq pedaqoji staja malik olanlar iştirak edir.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb. Bütün regionlar üzrə vakant yerlərin mövcud olduğu, ən çox boş qalan direktor yerlərinin cənub zonasının payına düşdüyü bildirilir. Ancaq nazirlik hələlik, imtahanlardan keçənlərin statistikasını açıqlamayıb.

Müsabiqə bütünlükdə bir neçə mərhələdən ibarətdir. Sənəd qəbulundan sonra test imtahanı keçirilib, daha sonra müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələləri keçiriləcək. Həmin mərhələlər haqda daha sonra məlumat veriləcək.

Xatırlatma

Rəsmi məlumatlara görə, 2014-cü ildən indiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək şəxs regionlar, təqribən 100 namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib.

2017-ci ildə açıqlanan statistikaya görə, ölkədə 4 min 500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir.

XS
SM
MD
LG