Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:32

Nefti tükənən ölkədə “benzin üsyanı”


Reuters agentliyi xəbər verir ki, benzinin 20 faiz bahalaşmasından sonra Meksika boyunca etirazlar qopub. Yerli mətbuat benzinin kəskin bahalaşmasını“qazolinazo” adlandırır.

Xəbər verilir ki, yanacaqdoldurma məntəqələrindəki növbələrdən başlanan etirazlar bütün ölkədə yolların bağlanması ilə nəticələnib.

Benzinin qiyməti yanvarın 1-dən artırılsa da, ölkənin neft nəhəngi Pemex “oğurluq” nəticəsində yaranmış problemlərlə bağlı yanacaqdoldurma məntəqələrini təchiz edə bilməyib.

Pemex elan edib ki, etirazçıların yolları bağlaması ən azı üç ştatda təchizat üçün əlavə problemlər yaradıb.

Bir sıra supermarketlərdə talanların yer aldığı xəbər verilir.

Qərb mətbuatı yazır ki, benzin qiymətlərinin artması bir çox adamların avtomobillərini satışa çıxarması ilə nəticələnib.

Təhlilçilər bildirirlər ki, maaşların onsuz da aşağı olduğu Meksikada benzin qiymətlərinin qalxması zəncirvari şəkildə bütün başqa xidmət və malların bahalaşmasına səbəb olacaq.

Bu da qeyd olunur ki, böhran Meksika üçün o qədər də münasib vaxtda baş verməyib, çünki az sonra bu ölkəyə çox da dost münasibət bəsləməyən birisi Ağ Evə sakin olacaq.

Lakin etirazçılar bildririlər ki, onların öz siyasətçilərinin yanında Trump “toya getməlidir”.

Adamlar ölkəni bürümüş məmur korrupsiyasından təngə gəliblər.

Vəziyyətin gərginləşməsi prezidentliyə populist namizəd Andrés Manuel López Obradorun şanslarını artırır. O hazırda rəy sorğularına görə 2018-ci il seçkisi üçün ən populyar namizəddir.

Obrador benzin və elektrikin qiymətini salmağa və 5 neftayrıma zavodu tikməyə söz verib.

Bahalaşmanın "xeyirləri"

Rəsmilər bildirirlər ki, Meksikada benzinin qiyməti olduqca aşağı idi və qiymət artımı büdcədəki kəsirin aradan qaldırılması üçündür.

Meksikada son bahalaşmadan sonra benzinin bir litri 16 pesoya (75 sent) olub.

İqtisadiyyatı əsasən neft ixracatından asılı Meksikada hazırda neft ehtiyatı tükənir, lakin hökumət qiymət artımını ətraf mühitə qayğı ilə izah etməyə çalışır.

Ətraf mühit naziri Rafael Pacchiano Tvitter hesabından yazır ki, hökumət benzinə subsidiya ayırmaqda davam edə bilməz.

O deyib ki, benzinin bahalaşması Meksikada ətraf mühitin qorunmasına töhfə verəcək. Nazirin sözlərinə görə, bahalaşmadan sonra maşınların və tıxacların sayı azalacaq, hava təmizlənəcək.

Nazir bildirib ki, indiyədək benzinin ucuz olması adamları avtomobil almağa həvəsləndirirdi, bu isə öz növbəsində benzinə tələbatı artırırdı.

Belə bir vəziyyətdə prezident Enrique Peña Nieto vəd edir ki, xarici investorları dəvət etməklə neftin tükənməsinin qarşısını alacaq.

XS
SM
MD
LG