Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 02:08

İranda Məhsa Əmininin dayısına iş kəsilib


Məhsa Əmini
Məhsa Əmini

İranda məhkəmə polisdə vəfat etmiş gənc qadın Məhsa Əmininin dayısı Səfa Aaelini 5 il, dörd ay, 17 gün müddətinə azadlıqdan məhrum edib.

O etirazlarda iştirak etməkdə, ali rəhbər ayətüllah Əli Xameneyini təhqir etməkdə və antihökumət təbliğatı aparmaqda ittiham olunurdu.

Məhkəmə habelə qərara gəlib ki, Aaeli Məhsa Əmininin ölümünə “Qadın, həyat, azadlıq” devizi ilə keçirilən etiraz aksiyası zamanı həlak olmuş polis barəsində bioqrafik məqalə yazmalıdır.

Əmininin dayısı bu məhkəmə hökmünə görə həmin məqaləni başqa məhbuslar arasında yaymalıdır.

Bundan başqa ona İran hakimiyyətini tənqid etmək və iki il müddətində ölkədən çıxmaq qadağan olunub.

Məhkəmənin qərarına görə məhkum cəzasını fasilələrlə çəkə bilər. Amma azadlıqda olduğu vaxtlarda o, "maarifləndirici, etika və dini kurslara" getməlidir.

Aaelini ötən ilin sentyabrında öz evində həbs ediblər. Ailə Məhsa Əmininin ölümünün ildönümünü qeyd edirdi.

“Qadın, həyat, azadlıq”

İranda ötən il sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürümüşdü.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

İranda etiraz aksiyaları genişləndikdən sonra hakimiyyət nümayişlərin iştirakçılarına qarşı sərt repressiyalara başlayıb.

İctimai yerlərdə hicab qaydasını pozanların aşkar edilməsi üçün gizli kameralar quraşdırılıb.

Məhsa Əmini və onun ölümündən sonra İranda başlamış “Qadın, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin ali Saxarov Mükafatına layiq görülüb.

Repressiyyalar davam edir

İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib.

2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub.

Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər.

Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi.

İnsan haqlar müdafiəçilərinin məlumatlarına görə etiraz aksiyaları müddətində 600-dək nümayişçi həlak olub, 20 minədək şəxs həbs edilib.

XS
SM
MD
LG