Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Mehriban Əliyevaya sevinmək üçün 10 səbəb


Kral və kralıça
Kral və kralıça

Prezident İlham Əliyev öz arvadını – Mehriban Əliyevanı yeni dəyişdirilmiş Konstitusiyada özündən sonra ən böyük vəzifəyə, 1-ci vitse-prezident vəzifəsinə təyin elədi.

Bəziləri şokdadır, bəzilərinin kefinə soğan doğranıb. Amma əslində, kefi pozulanların, əhvalı korlananların məhz indi sevinməsi lazım. Bunun üçün ən azı 10 səbəb var.

Niyə?

“Radikal-destruktiv-pozucu-beşinci kolon” kimi damğalanan müxalifətin “bunlar tayfa hakimiyyəti qurmaq istəyir” xəbərdarlığı çin çıxdı, deyən lazım, siz deyən oldu da, niyə heyfsilənirsiniz, heyfsilənsin sizə inanmayanlar.

Əvvəl-axır hər şeyin öz adıyla çağrılıb, niyyətlərin rəsmiləşməsi özü də bir növ “səmimiyyət” nişanəsidir.

Hakimiyyətdəkilərin və rəiyyətin “analoqu olmayan inkişaf” deyəndə nəyi nəzərdə tutduqları əyani anlaşıldı.

Yerli məmurlardan, hakimiyyətdən narazı oluban da, onlardan şikayətlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanlayanların arzusu çin oldu.

Mehriban Əliyeva artıq 125 deputatdan biri, hansısa dövlət statusu olmayan fondun rəhbəri və sadəcə, Birinci ledi, prezidentin “məhrəm”i deyil. Mehriban Əliyeva artıq hakimiyyətdə ikinci şəxsdir, yəni xalqın məhrəmidir. Yəni, artıq tərifin də - tənqidin də, uğurun da - uğursuzluğun da, firavan həyatın da – kasıbçılığın da bir səbəbkarı, məsuliyyət daşıyanı və ortağıdır. Türk seriallarının dili ilə desək, İlham Əliyev onu artıq “öz kaderinə ortak” elədi.

Mehriban Əliyeva artıq dövlət aparatında ikinci şəxsdir, yəni “qanun”la xərclədiyi də - qazandığı da, var-dövləti də - borcu da, onşoru da – ofşoru da xalqın malıdır. Artıq bu barədə verilən suallar hansısa kommersiya şəxsinin və ya özəl şəxsin həyatına müdaxilə olmayacaq, bu artıq birbaşa hər bir Azərbaycan vətəndaşının haqqıdır.

Mehriban Əliyevanın 1-ci vitse-prezident olmasıyla həm də “Prezident yaxşıdır, ətrafı pis”, “Prezidentin xəbəri yoxdur” nağılları da bitdi. Prezident də, ətrafı da indi bir ailədir, pisdirsə, hamısı pisdir, xəbəri yoxdursa, deməli heç biri çalışmır.

İlham Əliyevin uzun illər atası Heydər Əliyevə sədaqətlə qulluq edib, özünü də hakimiyyətə gətirən komandadan kimisə deyil, məhz öz arvadını 1-ci vitse-prezident eləməsinə həm də ona görə sevinmək lazımdır k, artıq Azərbaycanda hər məmur, oliqarx, klan başçısı, yaxud sıravi şilləvuranla çuğulçu da bilir ki, İlham Əliyev öz ailə üzvlərindən başqa heç kimə güvənmir. Kimsə boşuna özünü yormasın.

Mehriban Əliyevanı hər zaman indiki hakimiyyətdən fərqliymiş kimi təqdim etməyə çalışanların, müxalif fikirli adamların arvadları-bacıları-qızlarını girov götürməklə qorxudanların öz paxırı açıldı və məntiqləri da hamıya əyan oldu ki, onların gözündə ailə üzvü hər şeyə – hakimiyyətə də şərikdir.

İlham Əliyevin öz arvadını 1-ci vitse-prezident təyin etməsi (hələ gələcəkdə oğul-qızlarının, hansısa qohumların da 3-4-5-ci şəxs vəzifələrinə təyini ehtimallarından danışmadan) həm də adi camaat üçün sevindirici haldır. Ən azından artıq Əliyevlərin ya zəlzələdən, ya vəlvələdən dəyişəcəyini düşünməklə başlarını yormasınlar. Nə qədər ki, Əliyevlər hakimiyyətdədir, hakimiyyət Əliyevlərindir - heç nəyin dəyişməyəcəyini qəbullansınlar, vəssəlam.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Bunlara da bax:

Mehriban Əliyeva: 'Etimadı doğruldacağam'

'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

1-ci vitse-prezident Mehriban Əliyeva, 21 fevral
1-ci vitse-prezident Mehriban Əliyeva, 21 fevral

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG