Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Arif Məlikov: 'Əmma qoymağa səbəb axtarırlar'


M.Əliyeva və İ.Əliyev
M.Əliyeva və İ.Əliyev

AzadlıqRadiosu Azərbaycanın yaradıcı adamlarından Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasına münasibət öyrənib.

Çingiz Abdullayev
Çingiz Abdullayev

ÇİNGİZ ABDULLAYEVİN TƏLƏSKƏNLİYİ: «QƏRAR ÇOXDAN VERİLMƏLİYDİ»

Xalq yazıçısı Çingiz Abdullayev prezidentin birinci xanımla bağlı qərarını «çox gözəl hadisə» adlandırır və hesab edir ki, bu qərar çoxdan verilməliydi. Səbəbini də belə izah edir: «Axı, sentyabrda sorğu (referendumu nəzərdə tutur – A.R.) keçirilib və Konstitusiya Məhkəməsi də Konstitusiyaya dəyişiklikləri təsdiqləyib. Elə o vaxtdan bu qərarı vermək olardı. Düzdür, qərarı indi verdilər. Görünür, belə münasibdir. Amma xalq bu məsələyə hələ sentyabrda yekdilliklə səs verib».

Çingiz Abdullayev: 'Xalq bu məsələyə hələ sentyabrda yekdilliklə səs verib'
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Yazıçı AzadlıqRadiosunun «Bu təyinatı demokratiyadan geriçəkilmə, monarxiyanın bərpası kimi dəyərləndirənlər var, bu haqda nə düşünürsüz» sualını yarıda kəsərək telefon söhbətinə son qoyub. Təkrar zəngə cavab verməyib.

Arif Məlikov
Arif Məlikov

ARİF MƏLİKOV: «VİTSE-PREZİDENT OLMADAN DA EDƏ BİLƏRDİ...»

84 yaşlı bəstəkar, xalq artisti Arif Məlikov da Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə müsbət baxdığını söyləyir:

– Çünki son illər çox maraqlı işlərlə məşğul olub, gələcəyimiz olan uşaqlara, gənc nəslə məktəb tikilməsində, onların müalicə edilməsində böyük işlər görüb. Buna görə də bu şəxsiyyəti təbrik edirəm. Arzu edirəm ki, bu gözəl xidmətinə davam etsin.

– Amma tənqidçilər bunu «bir ailənin hegemonluğu», cümhuriyyət ənənələrindən geriçəkilmə kimi dəyərləndirirlər.

– Bəzi insanlar əmma qoymağa səbəb axtarırlar. Bu qədər gözəl işlər görüb, ondan da danışsınlar.

– Bu gözəl işləri vitse-prezident olmadan da davam etdirə bilərdi, yəqin.

– Vitse-prezident olmadan da edə bilərdi, olanda da edə bilər. Bu yaxşı işlərə görə kiməsə döş nişanı veriblər, kiməsə orden, ad veriblər. Burda pis nə var ki? Demirlər ki, Azərbaycan dəyərlərini dağıtmaq məqsədilə gəlib. Görülən işlərin hamısı bu millətə qalacaq, heç kim özüylə o dünyaya heç nə aparmır.

Ayaz Salayev
Ayaz Salayev

AYAZ SALAYEV: «MARAQLI HADİSƏDİR»

Rejissor Ayaz Salayev bu təyinat haqda çox qısa danışır: «Öz-özlüyündə çox maraqlı hadisədir...». Bunun ardınca fikrini yarıda kəsən rejissor deyir: «Sadəcə, mən indi dərsdəyəm. Ümumiyyətlə, siyasi suallara cavab vermirəm. Kinoya aid olsa, danışaram, amma siyasətdən...».

Eldəniz Quliyev: 'Bunlar ölçməmiş biçməyə başladılar'
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

ELDƏNİZ QULİYEV: «BUNLAR ÖLÇMƏMİŞ BİÇDİLƏR»

Rejissor Eldəniz Quliyevin fikrincə, Azərbaycan Konstitusiyasına hörmət etmək lazımıydı və bu hörmət də ilk növbədə ölkə başçısından gəlməliydi: «Hesab edirəm ki, demokratiya anlayışı, demokratik yaşam tərzi Konstitusiyaya həssas yanaşmağı tələb edir. Bu yanaşma ailə hakimiyyətini ehtiva etmir. Bu addımı atanda yüz ölçüb bir biçməliydilər. Amma bunlar ölçməmiş biçməyə başladılar. Bunu deyə bilərəm ancaq».

Rəhman Bədəlov
Rəhman Bədəlov

RƏHMAN BƏDƏLOV: «NAZİRLƏRİN POTENSİALI VAR?»

«Bu sizi niyə təəccübləndirir?» deyə suala sualla cavab verir kulturoloq, professor Rəhman Bədəlov: «Bizim indiki vəziyyətdə bu, çox realdır. Biz fəlakətə gedirik, uçuruma gedirik. Bu da ona doğru bir addımdır. Mənə deyirlər ki, onun potensialı yoxdur. Kimin potensialı var ki? Alimlərin potensialı var, nazirlərin potensialı var? Ümumiyyətlə, bu ölkədə potensiala ehtiyac var, peşəkara ehtiyac var? Onlar ailəni fikirləşirlər, uşaqları fikirləşirlər. Hər bir azərbaycanlı da o cür fikirləşir. 2003-cü ildən sonra müqavimət bitdi! Düşüncə gəldi. Siz istəyirsiniz ki, etiraz edim, hay-küy qaldırım? Məndə o hisslər yoxdur. Məndə acı kədər var. Bu hadisə bizə aiddir, onlara yox. Təəssüf ki, bunu da hər birimiz onu duymuruq».

Rəhman Bədəlov: 'Onlar ailəni fikirləşirlər, uşaqları fikirləşirlər'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Fevralın 21-də prezident İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin edib. Bununla da o, ölkədə ən çox səlahiyyəti olan ikinci və toxunulmaz şəxsə çevrilib. Prezident ölkədə və ya vəzifə başında olmadıqda, onu birinci vitse-prezident əvəz edə biləcək.

Bu qərar müxalifət tərəfindən narazılıqla qarşılanıb, bunu «bir ailənin hegemonluğu», «orta əsrlərə qayıdış» kimi dəyərləndirənlər var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG