Dekabrın 26-da həbsdə yeni ittihamla üzləşən bloqqer Mehman Hüseynovun bu gün, dekabrın 27-də evlərinə zəng vurduğu bildirilir.
Bu barədə bloqqerin qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov “Turan” agentliyinə məlumat verib.
Qardaşının bildirdiyinə görə, Mehman Hüseynov 10 günlük cərimə kamerasına salındığını deyib.
Emin Hüseynovun habelə, vurğulamasına görə, Mehman ona qarşı yeni ittihama etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başladığını da bildirib.
"Bu gün Mehman evə zəng edib. O, deyib ki, “kars”a (cərimə kamerası) salınıb və təzyiqə məruz qalıb. Telefon zəngi bir dəqiqədən də az çəkib, Mehman deyib ki, onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumat yalandır. Telefonda bildirirb ki, ona cinayət işi, hələlik, fakt üzrə açılıb, ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edib, ancaq vəkilini yanına buraxmırlar. Mehman yeni cinayət işinə, ona qarşı təzyiqlərə və vəkillərinin yanına buraxılmamasına etiraz əlaməti olaraq istintaq hərəkətlərində iştirakdan, ifadə verməkdən də imtina edib", deyə Emin Hüseynov vurğulayıb.
Penitensiar Xidmət və başqa rəsmi qurumlardan Emin Hüseynovun bu açıqlamasını, hələlik, dəqiqləşdirmək, bu deyilənlərə onlardan münasibət almaq mümkün olmayıb.
Vəkili Mehman Hüseynovla görüşə bilməyib
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, vəkil Şəhla Hümbətova həbsdə barəsində yeni cinayət işi açılmış bloqqer Mehman Hüseynovla görüşə bilməyib.
Bu haqda “Turan” agentliyinə vəkilin özü bildirib.
Onun sözlərinə görə, bu gün, dekabrın 27-də Mehman Hüseynovun saxlandığı 14 saylı cəzaşəkmə müəssisəsinə gedib.
“Mənə əvvəlcə onun “kars”da (cərimə kamerası) olduğunu, ona görə razılıq olsa, görüşə icazə veriləcəyini bildirdilər. Daha sonra dedilər ki, müstəntiq gələcək, onunla birlikdə icazə verəcəklər. Amma iki saat gözləsəm də, görüşə icazə vermədilər”, vəkil bildirib.
O, sabah, dekabrın 28-də bloqqerlə görüşməkdən ötrü yenidən onun saxlanıldığı cəzaşəkmə müəssisəsinə gedəcəyini qeyd edib.
Bloqqer Mehman Hüseynova yeni cinayət işi açılması haqqında məlumatı dekabrın 26-da Penitensiar Xidmət yaymışdı.
Məlumatda iddia edilirdi ki, dekabrın 26-da 14 Saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayıb:
“Ona qarşı zor tətbiq etmiş, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirmiş, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır”.
Məlumatda habelə vurğulanırdı ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanması qadağan olan 461 manat pul aşkar edilərək götürülüb.
“Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılmışdır”, açıqlamada habelə yazılırdı.
Bu maddə üzrə ittiham edilən şəxsə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bloqqerin yaxınlarından, hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov isə baş verənləri Mehman Hüseynova qarşı təxribat adlandırıb. Onun dediyinə görə, 2 ay sonra azadlığa çıxacaq bloqqerin təxribatla həbs müddətini uzatmaq istəyirlər.
Azərbaycanda cəzaçəkmə müəssisələrində bundan öncə də bir sıra siyası məhbus sayılan şəxslərə azadlığa çıxmalarına az qalmış yeni ittihamlar verilib, onların həbs müddətləri artırılıb. Belə siyahiya jurnalist Eynulla Fətullayev, keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müşaviri Məmməd İbrahim və bir neçə dini fəal daxildir.
Azərbaycan rəsmiləri isə ölkədə insanların tənqidi mövqe və siyasi baxışlarına görə şərlənməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.