Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:33

Mehman Hüseynov: ‘Məni valideynlərlə sındırmaq mümkün deyil’


Mehman Hüseynov 2017-ci ildə həbs edilib
Mehman Hüseynov 2017-ci ildə həbs edilib

“Mənim üçün fəxr günüdür, anam dünyasını qəhrəmancasına dəyişib”.

Bu gün, avqustun 6-da anasının vəfat etməsinə görə, həbsxanadan müvəqqəti evə buraxılan bloqqer Mehman Hüseynov belə deyib.

Güclü, möhkəm olduğunu vurğulayan Mehman Hüseynov anası ilə sonuncu dəfə bir ay əvvəl həbsxanada görüşə bildiyini qeyd edib:

“1 ay əvvəl anamla cəzaçəkmə müəssisəsində görüşmüşdük. Görürdüm ki, durumu yaxşı deyil. Ancaq məndən gizlətməyə çalışırdı. Hər ikinci gün mənim yanıma gəlirdi. Həftənin birici günü bir az nasaz olmuşdu, həkimlər xəstəxanaya yerləşdirilməsini istəmişdi. Ancaq anam imtina etmişdi ki, “ikinci gün oğlumun yanına getməliyəm”. Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi. Onunla telefonla da danışa bilməmişdim”.

O, anasının ölümü ilə bağlı onu sıxan sualların olduğunu ifadə edib:

“Mənim üçün sual altındadır, anam necə oldu ki, birdən-birə dünyasını dəyişdi? Səhhəti yaxşılığa dogru gedirdisə, birdən birə necə oldu ki, bu baş verdi? Bütün bunlar mənim üçün sualdır, araşdırmaq lazımdır. Bir şey mənim üçün dəqiqdir, valideynlərlə məni sıxmaq, sındırmaq mümkün olan şey deyil. Mən dəmir kimi adamam”.

Mehman Hüseynov anasının dəfnində iştirak edib-etməyəcəyinin hələ bəlli olmadığını da bildirib:

“Yolda mənə Penitensiar Xidmətin işçiləri xəbər verdilər ki, axşam saat 10-da 14 Saylı Cəzaçəkmə Müəssisəsinə qayıtmalıyam. Axşam 10-da dönməliyəm öz evimə, ora artıq mənə evim kimidir. Dəfndə iştirak edib-etməyəcəyimi də bilmirəm. Görünür, yenə də mənim üçün xüsusi sürpriz hazırlayıblar, eybi yoxdur, buna da dözərik. Niyə 2-3 saatlıq buraxıblar, bunun səbəbi mənə çatmır”.

Bloqqer anası xəstəxanada olarkən müvəqqəti evə buraxılmamasını da yada salıb:

“Biz hələ anam xəstəxanada olanda müraciət etmişdik. Normalda mən anamı sağ olanda görməli idim. Mən yenə də möhkəməm, mənim üçün qeyri-adi heç nə baş verməyib. Mənə qarşı nələr baş verib, mənim ailəmə qarşı nələr baş verir, heç nə unudulmur. Bir qardaşımı didərgin salıblar. Bir qardaşımı da Naxçıvana təyin ediblər. Atam, anam tək qalmışdı, heç birimiz onların yanında qala bilmədik”.

Bloqqerin bu açıqlmasına, hələlik, Penitensiar Xidmətdən və onun anasının müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından münasibət almaq mümkün olmayıb.

Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

Firəngiz Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

Hətta Mehman Hüseynovun vəkilləri də onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər. Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.

Bu gün, avqustun 6-da isə müdafiə tərəfi onun anasının dəfnində iştirak etməsinə şərait yaradılmasından ötrü Penitensiar Xidmətə müraciət etmişdilər.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG