Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Hakim Mehman Hüseynova: 'Məhkəmədən xahişiniz nədir?'


Mehman Hüseynov məhkəməyə gətirilən zaman
Mehman Hüseynov məhkəməyə gətirilən zaman

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi videobloqqer Mehman Hüseynov barəsində aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Mehman Hüseynov hakimə: “O pulun yarısını sizə verəcəm”

"Məni həbs elətdirmək Musa Musayevin (Nəsimi Rayon Polis İdarəsinin rəisi-red.) gücü çatacaq iş deyil. Sadəcə, ona "yuxarıdan" sifariş veriblər, o da icra eləyib. Yəni məni həbs eləmək üçün ondan vasitə kimi istifadə olunub", – həbsdə olan bloqqer Mehman Hüseynov belə deyir.

M.Hüseynov Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında CM-nin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinib, iki il azadlıqdan məhrum edilib. Polis rəisi iddia edir ki, Mehman yanvarda həbs olunarkən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, başına torba keçirilib şəhərin mərkəzindən oğurlanması haqda mətbuata açıqlama verməklə, onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna zərbə vurub.

Suraxanı Rayon Məhkəməsinin bu hökmündən verilmiş şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

“XƏCALƏT ÇƏKMƏYƏK”

Hərçənd, apellyasiya instansiyası bundan öncə bir dəfə bu işə baxıb, hökmü qüvvədə saxlayıb. Amma sonradan Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarını ləğv edib, işi yenidən araşdırılması üçün təkrar bu instansiyaya qaytarıb.

Dekabrın 15-də M.Hüseynovun məhkəməsində bloqqer özü, vəkilləri və ittihamçı polis rəisinin nümayəndəsi çıxış edib.

Mehmanın vəkili Fuad Ağayev deyir ki, ötən dəfə apellyasiya şikayətinə baxılarkən müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmadığına, lazımi araşdırma aparılmadığına görə Ali Məhkəmə qərarı ləğv eləmişdi. Amma yenə də Bakı Apellyasiya Məhkəməsində eyni pozuntular təkrarlandı: "Apellyasiya Məhkəməsinin tədqiq elədiyi sübutlar ancaq Mehman Hüseynovun özünün ifadəsindən ibarət oldu. Vəssalam. Azərbaycan hüquq məktəbinin şərəfini qorumaq sanki mənim və bir neçə başqa vəkilin üzərindədir. Halbuki, prokurorlar da, hakimlər də bunun qayğısına qalmalıdır. Hakimlər hüquq normalarını elə tətbiq etməlidir ki, biz hüquqşünaslar başqa yerdə bu haqda çıxış edəndə xəcalət çəkməyək".

Vəkil deyir ki, qanuna görə, şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır, hüquqi şəxsə, hansısa təşkilat və ya dövlət orqanına yox. Mehman isə nə Musa Musayevi tanıyır, nə də müsahibələrində onun adını çəkib: "Suraxanı Rayon Məhkəməsinin hökmü cinayət hüququ haqda dərs vəsaitlərində yazılanlara əksinqilabdır. Sən demə, universitetlərdə tədris olunan vəsaitlərdə yazılanlar düz deyil, Nəsimi Rayon Polis İdarəsinin şərəf və ləyaqəti, işgüzar nüfuzu varmış... Bu, absurd və hüquqa yaraşmayan mövqedir".

“MUSA MUSAYEV ÖZÜ YALAN XƏBƏRÇİLİYƏ GÖRƏ...”

Fuad Ağayev deyir ki, əgər Mehmanın işgəncəyə məruz qalması haqda söylədikləri yalan olsaydı, qarşı tərəf əllərində olan videogörüntüləri ortaya qoyardı. Məsələn, bloqqer saxlanılan ərazidəki, polis idarəsinin qarşısındakı və içəridəki videokameraların qeydə aldığı görüntülər vasitəsilə sübut edə bilərdi ki, Mehman yalan deyir, ona elektroşok verilməyib, idarəyə gətiriləndə başında torba olmayıb və s.

"Bu işdə cinayət tərkibi yoxdur. Əksinə, Musa Musayev özü yalan xəbərçiliyə görə məsuliyyətə cəlb olunmalıdır. Avropa Məhkəməsinin işgəncə, pis rəftara görə Azərbaycana qarşı qərarlarından biri də Mehmanın qardaşı Emin Hüseynovun şikayəti əsasında çıxarılıb. Emin də məhz Nəsimi rayon Polis İdarəsinin bölmələrindən birində işgəncəyə məruz qalıb", - vəkil bildirib.

F.Ağayev çıxışının sonunda vurğulayıb ki, M.Hüseynov jurnalist fəaliyyətinə, vəzifəli şəxslərin malikanələri haqqında silsilə reportajlarına görə cəzalandırılıb.

Digər vəkil Fəxrəddin Mehdiyev də Mehman haqqında bəraət hökmünün çıxarılmasını istəyib. Müdafiəçi xatırladıb ki, yanvarda bloqqer saxlanılarkən Nəsimi RPİ-yə ona görə təcili yardım çağrılıb: "Polis idarəsində saxlanılan şəxsə görə təcili yardım çağrılması çox az hallarda olub. Bu da sübut edir ki, orada Mehmanın vəziyyəti yaxşı olmayıb. Sual çıxır ki, ona orada necə davranıblar ki, vəziyyəti pisləşib?"

F.Mehdiyev də bloqqerin korrupsiyanı ifşa edən materiallarına görə cəzalandırıldığını söyləyib.

“CEK-POT UDDUM”

M.Hüseynovun özünün son sözü isə qısa olub. Deyib ki, onun həbsi M.Musayev səviyyəsində həll olunan məsələ deyil: "Mənim həbsim həm jurnalist fəaliyyətim, "Facebook"dakı "Sancaq" səhifəsini idarə etməyim, həm də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri olmağımla əlaqəlidir. RATİ-nin birinci sədri qardaşım Emin Hüseynov idi, ölkədən didərgin salınıb. İkinci sədri Rasim Əliyev öldürüldü. Mən də üçüncü sədri oldum, cek-pot uddum - həbslə yaxşı qurtardım".

Hakimin "məhkəmədən xahişiniz nədir?" sualına isə bloqqer belə cavab verib: "Mən xahiş eləmirəm, günahsızam, ona görə də bəraət tələb edirəm. Günahsız həbsdə saxlandığım hər günə görə də kompensasiya istəyirəm. Söz verirəm, o pulun yarısını sizə verəcəm".

Xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov isə hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib. Deyib ki, Mehmanın Nəsimi RPİ haqda söylədikləri Musa Musayevin işinin öhdəsindən gəlməməsi anlamına gəlir. Ona görə də Musayev işgüzar nüfuzunu qorumaq üçün məhkəməyə müraciət edib.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG