Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:20

Fevralın 24-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin qaldırdığı iddiaya hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti baxır.

Bloqqerin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən polis rəisi özü məhkəməyə gəlməmişdi, onu Əlirza Əbilov təmsil edirdi.

Bloqqerin vəkili Elçin Sadıqov iddiaya Suraxanı Rayon Məhkəməsində baxılmasına etiraz edib. Bildirib ki, polis rəisinin böhtan hesab etdiyi çıxış Nəsimi Rayon Məhkəməsinin qarşısında olub. Ona görə də iddiaya Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.

"Məhkəməyə dincəlməyə gedirəm"
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

«ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİLİB»

Əlirza Əbilov etiraz edib. Deyib ki, Mehmanın çıxışını yayımlayan KİV-lər xaricdə yerləşir, ona görə də bloqqerin yaşadığı ərazi üzrə məhkəməyə müraciət olunub.

Hakim iddianı qəbul edib və Mehman Hüseynovu təqsirləndirilən şəxs qismində tanıyıb.

Ötən iclasda Mehman Hüseynov şəxsiyyətinin müəyyən edilməsi haqda vəsatət qaldırmışdı. Çünki onun şəxsiyyət vəsiqəsi yoxdur. Bugünkü məhkəmədə şəxsiyyəti müəyyənləşdirmək məqsədilə Mehman Hüseynova bir şəkil təqdim olunub və hakim ondan özü olub-olmadığını soruşub.

«O, mən deyiləm, yetimin biridir», – Mehmanın cavabı belə olub.

Mehman Hüseynov:"Əvvəlcə şəxsiyyətimi təsdiq edin"
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Hakim fikrində qalıb ki, fotodakı şəxsin Mehman Hüseynov olduğu müəyyənləşdirilib.

QARDAŞI DA İŞGƏNCƏYƏ MƏRUZ QALIB

Daha sonra Elçin Sadıqov Avropa Məhkəməsinin Azərbaycana qarşı ifadə azadlığının pozuntusunu təsdiqləyən iki qərarını təqdim edib. Qərarlardan biri Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş sədri Emin Hüseynov haqdadır. Avropa Məhkəməsi o qərarda Emin Hüseynovun Nəsimi rayonu, 22-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz həbs olunması, orada işgəncələrə məruz qalmasını təsdiqləyib.

«Bu qərar sübut edir ki, polis rəisinin, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının heç vaxt heç kimə işgəncə vermədiyi haqda dedikləri doğru deyil», – Elçin Sadıqov bildirib.

Hazırlıq iclasında həmçinin, Mehman Hüseynovdan başqa yerə getməmək barədə iltizam alınıb.

Məhkəmə baxışı fevralın 27-nə təyin olunub.

«O, BANDİTƏ OXŞAYIR»

Mehman Hüseynov məhkəmədən sonra AzadlıqRadiosuna deyib ki, Daxili İşlər Nazirliyindən alınmış və hazırlıq iclasında ona təqdim olunan fotodakı adamın özü olduğuna şübhə edir: «Mən normal adamam, o isə banditə oxşayır. Mənim şəxsiyyət vəsiqəmi versinlər, bilim ki, mən də bu ölkənin vətəndaşıyam. Vəsiqəm əlimdə olana qədər şübhə ilə yanaşacağam».

Məhkəmənin gedişinə gəlincə, bloqqer deyir ki, sanki onun ətrafında sirk qurulub, o da tamaşa etməyə gəlir: «Baxıram, həzz alıram».

Mehman Hüseynov bildirir ki, Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında onun ünvanına söylənilən fikirlər böhtandır: «Polis idarələrində nə baş verdiyini Azərbaycan xalqı yaxşı bilir. Bunları ictimailəşdirmək vacibdir və bundan sonra da o işi görəcəyik. Görünür, başıma gətirilənləri mediaya açıqlamağım Daxili İşlər Nazirliyinin xoşuna gəlməyib. Məndən qisas almaq üçün məhkəməyə veriblər. Amma yenə də özləri şər-böhtanla məşğuldurlar».

Məhkəmədən heç bir gözləntisi olmadığını deyən bloqqer əlavə edir ki, bu cür təzyiqlər onu fəaliyyətindən çəkindirə bilməz.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG