Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:46

Mehman Hüseynov: 'Sübut elədim ki, sifətləri budur'


Mehman Hüseynov
Mehman Hüseynov

“Bələdiyyə seçkilərində namizəd olmaqda məqsədim heç də vəzifə tutmaq deyildi. Mən bu seçkiyə qatılmaqla xalqa göstərdim ki, bunların “islahat”, “gəncləşmə siyasəti” haqda dedikləri boş sözlərdir”, - bloger Mehman Hüseynov məhkəmədəki çıxışında belə deyib.

Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsində Mehman Hüseynovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayətinə baxılıb.

Bloger son bələdiyyə seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 5 məntəqəsində, 31 saylı Suraxanı İkinci Seçki Dairəsininsə 16 məntəqəsində səslərin yenidən sayılmasını, qanun pozuntuları olan məntəqələrdə nəticələrin ləğvini istəyib.

Mehman Hüseynov daha öncə eyni tələblə MSK-ya üz tutsa da, yanvarın 2-də onun şikayətinə baxan komissiya şikayəti təmin etməyib.

Bloger sözügedən qərardan məhkəməyə şikayət verib. Məhkəmədən pozuntu olan məntəqələrdə nəticələrin ləğvilə yanaşı, həm də pozuntuya yol verənlər haqda prokurorluğa məlumat göndərilməsini də istəyib.

“Gələnlərin sayı heç 150 nəfər deyil, amma 500 səs yazılıb”

O, apellyasiya məhkəməsində namizəd olduğu dairə məntəqələrinin 9-unda MSK-nın veb-kameralarının olduğuna diqqət çəkib. O məhkəmənin seçim edərək həmin məntəqələrin birində kamera görüntülərinə baxmasını da istəyib.

Blogerin sözlərinə görə, görüntülərə baxılsa, aydın olacaq ki, protokolda səs vermiş kimi göstərilən seçicilərin sayı reallıqda məntəqəyə gəlib səs verənlərdən bir neçə dəfə çoxdur:

“Görəcəksiniz ki, gələnlərin sayı heç 150 nəfər deyil, amma 500 səs yazılıb”.

Mehman Hüseynovun kamera görüntülərinə baxış keçirilməsi barədə vəsatətinə “yox” cavabı verilib.

Bloggr MSK-ya həmin məntəqələrdə seçki saxtakarlığını sübut edən çoxsaylı video və foto təqdim etdiyini də söyləyib:

“Mənə vəzifə lazım deyil. Ancaq sübut elədim ki, bunların sifəti budur. Necə olur, 17 nəfərlik bələdiyyə üzvlüyünə namizəd Mehman Hüseynov heç 17-ci də ola bilmir? Biabırçılıqdır...”

MSK nümayəndəsi: “Səslərin yenidən sayılmasına ehtiyac yoxdur”

MSK nümayəndəsi Ramiz İbrahimov bu qurumun 30 və 31 saylı dairələrlə bağlı şikayətlərə obyektiv baxdığını, hətta o dairələrin bir neçə məntəqəsində nəticələri ləğv etdiyini söyləyib. R.İbrahimovun sözlərinə görə, bundan sonra yenidən səslərin sayılmasına ehtiyac yoxdur.

Mirzə Tağızadənin sədrlik etdiyi hakimlər kollegiyası blogerin şikayətini təmin etməyib.

Mehman Hüseynov AzadlıqRadiosu-na bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG