Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:38

Məhkəmənin önündə köynəksiz etiraz aksiyası


S.İsmayılovun yarıçılpaq aksiyası

«Adam məni öldürmək məqsədilə güllələyib, ancaq sonra da rüşvət gücünə işini yüngülləşdirib. Məhkəmə ona 5 il həbs cəzası verdi. Bir azdan eşidərəm ki, yuxarı məhkəmələr həmin cəzanı da yarıbayarı azaldıb, azadlığa buraxıb. Bu ölkədə hər şeyi pul həll edir, qanun yox...».

Bunu AzadlıqRadiosuna Bakı sakini Sənan İsmayılov deyir.

İki il əvvəl - 2015-ci ilin oktyabrında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində aralarında yaranmış şəxsi münaqişə zəminində Rusiya vətəndaşı Vəli Əhmədov «Vinçester»dən bir neçə dəfə atəş açmaqla S.İsmayılovu yaralayıb. Güllə yarası ilə xəstəxanaya yerləşdirilən S.İsmayılovun həyatı xilas edilib. V.Əhmədov həbs olunaraq Suraxanı Rayon Prokurorluğunda barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ancaq sonradan maddə başqa bir maddəyə tövsif edilib və nəticədə Vəli Əhmədovun cinayət məsuliyyət yükü yüngülləşdirilib.

«SANKİ GÖZLƏRİNİ PUL TUTDU»

S.İsmayılov:

«İlk günlər istintaq ədalətli aparılırdı. Sonra sanki gözlərini pul tutdu, istintaq, az qala, özümü günahkar çıxaracaqdı. Hər şey tərsinə idi, adam güllələyən qalmışdı kənarda, müstəntiq mənim üstümə gəlirdi. Açıq-aşkar görünürdü ki, müstəntiq yaxşı pul yeyib. Şikayətlərim də nəticəsiz qaldı, müstəntiq bildiyi özbaşınalığı etdi, məni güllələyib şikəst qoyan adamın hərəkətini sıradanbir xuliqanlıq kimi qiymətləndirib».

Bir neçə ay əvvəl cinayət işinin istintaqı yekunlaşaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. S.İsmayılov düşünüb ki, bəlkə məhkəmədə ədalət zəfər çalar. Ancaq hər şey gözlədiyindən də pis nəticə verib:

«Dəfələrlə tələb etdim ki, bu iş ölümə sui-qəsd maddəsi ilə aparılsın, bu adam məni öldürmək üçün güllələyib, hansı xuliqanlıqdan söhbət gedir? Hakim də, prokuror da, az qala, təqsirləndirilən şəxsin vəkili kimi davranırdılar. Axırda da 5 il həbs cəzası elan edib zaldan qaçdılar. Bizim məhkəmələr bir şilləyə görə 9, adam güllələməyə görə 5 il cəza kəsir, çünki şillə vuranın rüşvət verməyə pulu yoxdur, «Vinçester»lə gəzib qarşısına çıxanı güllələyənsə cibinə arxayındır».

«HÖKM ŞƏRH OLUNMUR»

Suraxanı Rayon Prokurorluğundan «Qaynar xətt»ə bildiriblər ki, bu iş üzrə sənədlər çoxdan məhkəməyə göndərilib və məhkəmə də öz hökmünü verib:

«Əgər vətəndaşın istintaqdan narazılığı vardısa, vaxtında hüquqi addımlarını ata bilərdi. Məhkəmə ibtidai istintaq zamanı hər hansı yanlışlığa, qanun pozuntusuna yol verildiyini aşkar etsəydi, buna mütləq hüquqi qiymətini verərdi, ən azı, işi təkrar istintaqa qaytarardı».

Bakı Ağır Cinayətlər Məhkəməsindənsə bildirilib ki, hökmdən narazı qalan tərəfin qanunla müəyyən olunmuş müddət ərzində yuxarı məhkəmələrə müraciət etmək hüququ var:

«Dövlətin adından çıxarılan hökm şərh olunmur, ondan şikayət verilir».

Sentyabrın 6-da S.İsmayılov hökmə etiraz əlaməti olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin əsas giriş qapısının qarşısında yarıçılpaq soyunub oturub. Məhkəmə binası yaxınlığındakı polislər onu ərazidən uzaqlaşdırarkən o, qışqıra-qışqıra məhkəmələrdə ədalət olmadığını, haqlarının tapdandığını bildirib.

Hüquqşünas Vaqif Alıyev deyir, məhkəmə hökmündən narazı qalan S.İsmayılov 20 gün ərzində hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG