Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:47

Məhərrəm ayı başlayıb


Bakıda Aşura mərasimi, arxiv foto

Sentyabrın 1-i hicri təqvimi ilə Azərbaycanda Məhərrəm ayı başlayıb. Beləliklə Məhərrəm ayının 1-i miladi təqvimlə bu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.

Fətvada bildirilir ki, ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Orada habelə qeyd edilir ki, qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq düz deyil.

Fətvada habelə xatırladılır ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir. Qurum baş yarmaqla qan çıxarmaqdansa, belə aksiyalara qatılmağı daha doğru sayır.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir («Aşura» ərəb dilindən tərcümədə «10-cu gün» deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən Aşura adı verilib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG