Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:36

Məhdudiyyətlərin yumşaldılması nədən xəbər verir?


Bakıda karantin yoxlamaları, 6 aprel 2020
Bakıda karantin yoxlamaları, 6 aprel 2020

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində məhdudiyyətlərin aprelin 27-də bir qədər yumşaldılacağı gözlənir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargah məlumat verib.

Söhbət bəzi iş və xidmət sahələrinə qoyulan qadağanın götürülməsindən gedir.Bu sırda fərdi tədris və repetitor ilə yanaşı dərzi xidmətləri də var. Amma SMS-lə icazə məsələsi qüvvədə qalır. Hərçənd, icazə müddəti də 2 saatdan 3 saata qaldırılmalıdır.

Tibb sahəsi üzrə professor Adil Qeybulla Azadlıq Radiosuna açıqlamasında yeni qərarı belə dəyərləndirib:

“Bu tipli viruslarda təkrar yoluxma kimi bir qorxu da var”

Adil Qeybulla, 11 may 2010
Adil Qeybulla, 11 may 2010

“Məsələ burasındadır ki, bu tipli viruslarda təkrar yoluxma kimi bir qorxu da var. Odur ki, bu yumşalmaya baxmayaraq insanlar maska istifadə etməyi, sosial məsafə gözləməyi arxa plana keçirməməlidirlər”.

A.Qeybulla küçəyə çıxmaq üçün SMS-lə icazə almağın saxlanmasını düzgün sayır. O vurğulayıb ki, fəaliyyətinə icazə verilməyən və işləməyən insanlar var.

Xüsusi karantin rejimi müddətinin mayın 4-də başa çatmasına gəldikdə isə A.Qeybulla bunları əlavə edib:

“Düşünürəm ki, əgər proseslər bu şəkildə davam etsə, yəni, virusa yoluxma enən xətt üzrə gedərsə, yumşalmalar daha çox olacaq. Yox, əgər təkrar yoluxma dalğası yaransa əlbəttə bu situasiyada mütləq əlavə tədbirlər görülə, karantin yenidən gücləndirilə bilər. Ona görə də insanların özündən də çox şey asılıdır”.

Deputat Sabir Rüstəmxanli isə “Turan” agentliyinə mövzu ilə bağlı deyib ki, bu yumşalmalar Dünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri əsasında həyata keçirilir. Onun vurğulamasına görə, bu virus dünyanın neçə illər boyu mövcud olan iqtisadi əlaqələrini alt-üst edib, indi ilk növbədə həmin əlaqələr bərpa olunmalı, bununla bağlı addımlar atılmalıdır:

Deputat yeni yumşalmaları istisna etmir

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

“Bu virus və ya hər nə idisə, gəldi, indi də getməkdədir. Dünya isə pandemiayadan əvvəlki axarına dönməli, iqtisadi həyat normaya salınmalıdır. Ölkə daxilində yaz fəslidir, əkin-səpin vaxtıdır, əhaliyə şərait yaratmaq lazımdır ki, kənd təsərrüfatı işlərilə məşğul ola bilsinlər. Onları xüsusi karantin reimi adı ilə Bakıda saxlamağın mənası yoxdur”.

S.Rüstəmxanlı mayın 4-dən sonra da bəzi yumşalmaların olacağını istisna etməyib.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 197 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb.Amma aprelin 27-dən qaydalarda müəyyən yumşalmalar olacağı vurğulanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG