İranda qadınlar üçün məcburi geyim qaydalarını tənqid edən mahnısına görə pop-müğənni Mehdi Yarrahi 74 şallaq cəzası alıb. Ona qarşı daha əvvəl açılmış cinayət işi həbs cəzasını da əhatə edirdi.
Müğənninin vəkili Zəhra Minueyi martın 5-də X platformasında yazıb ki, Yarrahiyə verilən şallaq cəzası icra edilib.
M.Yarrahi 2023-cü ilin avqustunda "Roosarito" adlı mahnısını yayımladıqdan sonra geniş tanınıb. Fars dilində "Sənin baş örtüyün" mənasını verən bu mahnı İranda "Qadın, Həyat, Azadlıq" hərəkatına səbəb olan ölümcül etirazların birinci ildönümü ərəfəsində yayımlanmışdı.
2024-cü ilin yanvarında Yarrahi həmin mahnıya görə 2 il 8 ay həbs və 74 şallaq cəzasına məhkum edilib. O, məhkəmə tərəfindən bir neçə ittiham üzrə mühakimə olunub və cəzalar eyni vaxtda icra edildiyi üçün müğənni bir il həbsdə qalacaq.
Şallaq cəzasının icrasından bir neçə gün əvvəl yayımladığı videomüraciətdə Yarrahi bildirib ki, səhhətindəki problemlərə görə həbs cəzası ev dustaqlığına dəyişdirilib. Lakin o, şallaq cəzasının ləğvini xahiş etmədiyini vurğulayıb.
Sosial mediada Yarrahiyə dəstək
Həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bəyanatında Yarrahiyə şallaq cəzasını iranlı qadınlara verdiyi dəstəyə görə ona qarşı 'qisas' adlandırıb.
"Mehdi Yarrahi qadınların səsinin boğulmasına qarşı dayandı – gəlin, biz də onun səsi olaq", – N.Məhəmmədi yazıb.
Siyasi fəal və keçmiş məhbus Araş Sadeqi Yarrahiyə xalqın səsi olduğuna görə təşəkkür edib. O, müğənninin güc qarşısında boyun əymədiyini vurğulayaraq "İnsanlar ən çətin günlərində onların yanında olanları heç vaxt unutmayacaqlar" deyə bildirib.
"Sənin baş örtüyün" mahnısı qadınları məcburi hicablarını çıxarmağa çağırır. Mahnı 2023-cü ilin sentyabrında Məhsa Əmininin ölümünün birinci ildönümü ərəfəsində hakimiyyətin etirazlara qarşı təzyiqləri artırdığı bir vaxtda yayımlanıb.
M.Əmini hicab qaydalarını pozduğu iddiası ilə polis nəzarətində olarkən həyatını itirib. Onun ölümü "Qadın, Həyat, Azadlıq" hərəkatını alovlandırıb və hökumətin qadınlara, onların gündəlik həyatına qoyduğu məhdudiyyətlərə qarşı ölkə miqyasında etirazlara səbəb olub.