Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

Azərbaycan-Ermənistan məhbus mübadiləsinə Vaşinqtondan, Brüsseldən və Moskvadan reaksiyalar


Sülh danışıqlarında ciddi dönüş, yoxsa?.. Bakı və Yerevandan şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Sülh danışıqlarında ciddi dönüş, yoxsa?.. Bakı və Yerevandan şərhlər

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Rusiya Azərbaycan və Ermənistan arasında məhbus mübadiləsi qərarını və başqa etimadyaratma addımlarını alqışlayıblar.

Dekabrın 7-də gecə elan olunmuş razılaşmaya əsasən Azərbaycan 32 erməni məhbusunu, Ermənistan isə iki Azərbaycan əsgərini azad edəcək. Yerevan bunun müqabilində habelə Azərbaycanın BMT iqlim konfransı – COP29-a ev sahibliyi etməsini dəstəkləyəcəyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller razılaşma barədə məlumat verildikdən az sonra bəyanat verib:

“Tərəflərin sülh razılaşmasını yekunlaşdırmaq və aralarındakı münasibətləri normallaşdırmaq üzərində işlədikləri bir vaxtda atdıqları bu addım çox mühüm etmadyaratma tədbiridir”.

Avropa Şurasının prezidenti Şarl Mişel də sözü gedən razılaşmaya dərhal reaksiya göstərib.

O bu hadisəni Ermənistan-Azərbaycan münasibətlərində “böyük irəliləyiş” adlandırıb.

Mişel bu barədə X platformasında yazıb:

“Mən indi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını mümkün qədər tez yekunlaşdırmağa çağırıram”.

Zaxarova Moskvanın xidmətini xatırladıb

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında məhbus mübadiləsi razılaşmasından “razı qaldığını” bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu razılaşmanı Putin, Əliyev və Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatlarla əlaqələndirib:

“Bu, qarşılıqlı etimadın gücləndirilməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə olunmuş geniş üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan normallaşdırma prosesinin inkişaf etdirilməsi üçün yeni imkanlar açır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Zaxarova COP29 sammitinin Bakıda keçirilməsinə Ermənistanın dəstəyini xüsusi vurğulayıb.

O deyib ki, Rusiya prezidentinin iqlim üzrə xüsusi səfiri BMT iqlim sammitinə dair anlaşmanın əldə olunması üçün Bakı və Yerevanla təmaslarda olub.

Xandanyan: “Bu məsələ Bakı və Yerevan arasında həll olunub”

Lakin Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan bəyan edib ki, razılaşma Bakı və Yerevan arasında birbaşa danışıqların nəticəsində əldə olunub.

Xandanyan əlavə edib ki, məhbusların azad olunması məsələsi “saatlar və ya günlər” ərzində həllini tapıb.

Yerevanda mənzillənən insan haqları qrupları bildirirlər ki, Bakı dekabrın 7-ə olan məlumata görə 55 ermənini əsir saxlayır.

Bunlardan 41-i hərbi əsir, 6-sı mülki şəxs və daha 8 nəfəri Qarabağ separatçılarının keçmiş liderləridir.

Azatutyun bildirir ki, Qarabağın separatçı liderləri məhbus mübadiləsi razılaşmasına daxil edilməyiblər.

Sülh danışıqlarında ciddi dönüş, yoxsa?.. Bakı və Yerevandan şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG