Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:30

Məhbus ailələri, hüquq müdafiəçiləri narahatdırlar


“Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır".

İyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin keçirdiyi dinləmələrdə qurumun rəhbəri Oqtay Gülalıyev belə deyib.

Hüquq müdafiəçiləri və məhbus ailələrinin qatıldığı tədbirdə son günlərdə baş verən həbslərdən danışılıb.

Oqtay Gülalıyev deyib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücumun fonunda çoxsaylı həbslər həyata keçirilib:

“Rəsmi məlumatlara görə, Gəncədə baş verən hadisələrlə bağı azı 52 nəfər həbs edilib. Amma qeyri-rəsmi mənbələrin məlumatına görə, həbs edilənlərin sayı 100 nəfər civarındadır və hazırda həbslər davam etdirilir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Elmar Vəliyevə qarşı sui-qəsddən sonra onu tənqid edənlər və sui-qəsddə günahlandırılan Yunis Səfərovu müdafiə edənlər, həmçinin, hökuməti tənqid edənlər həbs olunub. Bununla yanaşı, bir neçə internet saytının rəhbərlərinə qarşı cinayət işi qaldırılıb, azı 4 sayta giriş bloklanıb.

Tədbirdə hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərin həbs yerlərindəki durumuna da toxunulub.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə bildirib ki, həbsxanada oğluna qarşı pis rəftara yol verilir.

“Buna son qoyulmalı və o, azadlığa buraxılmalıdır. Mən bu günlərdə İlkinin saxlandığı cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşmüşəm. O, İlkinə qarşı qeyri-insani rəftarın olmadığını bildirir. Amma İlkin telefonla zəng edərkən onun yanında dururlar, kiminlə danışdığı ilə maraqlanırlar. Rəis mənimlə görüşsə də, İlkin Rüstəmzadə ilə görüşümə imkan yaratmadı", - məhbus atası qeyd edib.

Həbsdəki jurnalist Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Növrəsli deyib ki, jurnalistin ciddi xəstəlikləri var, lakin onu müalicə müəssisəsinə köçürmürlər.

Həbsdəki bloqqer Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova bloqqerin daim mənəvi təzyiqlərə məruz qaldığını və hətta ona qarşı fiziki təzyiqin olduğunu deyib. Onun sözlərinə görə, həyat yoldaşına kitablar verməyə imkan yaradılmır, onun əlyazmaları əlindən alınır.

Bir neçə həftə əvvəl həbsdən çıxmış jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova isə həyat yoldaşının iyulun 7-də Cəlilabadda saxlanılmasından danışıb:

“Ona 30 sutka inzibati həbs veriblər. Mən və vəkil indiyədək Əfqanın harada saxlandığını öyrənə bilmirik. İnsan tutulanda onun ailəsinə xəbər verilməlidir”.

Tədbirdə rəsmilər iştirak etməyiblər.

Penitensiar Xidmət adətən məhbusların saxlanma şəraiti ilə bağlı iradları təkzib edir, onlara ayrı-seçkilik edilmədiyini, normal davranıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG