Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Əlil: 'Qolumdakı qandalın açarını tapa bilmirdilər'


Məğrur Bədəlsoy

«Qollarımı azı 30 dəqiqə qandalda saxladılar. Guya qandalın açarını tapa bilmirdilər. Mənimlə elə davranırdılar, sanki qatı cinayətkar yaxalamışdılar».

Keçmiş polis işçisi, 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy AzadlıqRadiosuna danışır ki, bu il iyulun 2-də onu yaşadığı ünvandan zorla Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıblar:

QANDALIN AÇARI İTİBMİŞ

«Gündüz saat 12 olardı, telefonuma zəng gəldi, özünü «24-cü bölmənin əməkdaşı Elxan» kimi təqdim edən şəxs məndən tələb etdi ki, bölməyə – rəisin yanına gəlim. Növbəti günə razılaşdıq. Ancaq elə danışığımızdan 4-5 saat sonra qəfil qapı açıldı, bir neçə polis işçisi içəri daxil oldu. Onlarla getməyimi tələb etdilər. Səbəbini soruşanda dedilər, «gedək, orda bilərsən». Baş Prokurorluğun 0124925540, Ombudsmanın 0503709896, Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyim zənglər cavabsız qaldı. Telefonu əlimdən alıb qolumu qandallayıb, itələyə-itələyə, ayaqyalın PPX maşınının arxasına basıb bölməyə gətirdilər».

***Buna da bax-Qarabağ əlili: 'Sənədlərimin arasında pul yoxdursa, heç araşdırmırlar'

M.Bədəlsoyun sözlərinə görə, burada ona baş verənlərin səbəbi belə izah edilib:

«Əvvəla deyim ki, qollarımı yarım saat qandalda saxladılar. Dedilər, guya «qandalın açarı itib». Elə bu vəziyyətdə də məni adını bilmədiyim rəis müavininin otağına apardılar. O da mənimlə bağıra-bağıra danışır və bununla da gözümün odunu almağa çalışırdı. Dedi, «niyə saytlara günaşırı əlillərlə bağlı yazılar verirsən?». Halım pisləşirdi, otaqdan çıxmaq istəyirdim, polislər qarşımı kəsdilər. Qolları qandallı, eynəyi gözündən düşüb itmiş bir əlil yekəpər polislərin qarşısında qalmışdı. Qandalın çıxarılmasını tələb etdim, dedilər, qandalın açarını tapa bilmirlər. Vəkil tələb etdim, məni lağa qoyub güldülər. Bu vəziyyət yarım saat davam etdi, rəis müavininin xəbərdarlıqları və hədələri bitdikdən sonra haradansa «açarı tapıb» gətirib qollarımı açdılar».

«VƏTƏNDAŞ İT DEYİL Kİ...»

Xəbərdarlıqdan sonra polis bölməsindən buraxılan əlil başına gələnlərlə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdiyini, ancaq hələ də müraciətinin araşdırılmadığını deyir:

***Buna da bax-Qarabağ əlili: 'Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan'

«Məni qandallayıb ayaqyalın, sürüyə-sürüyə aparmaqla ailəmin, qonşularımın, evimdə qonaq olan qohumlarımın yanında aşağılayıblar. Bunun hesabını kim verəcək? Vətəndaş it deyil ki, onu istədikləri vaxtda istədikləri kimi zəncirləyib, sürüyüb istədikləri yerə aparıb, istədikləri təhqirləri üzünə deyib sonra da desinlər, «indi get». Oxşar hadisə 6 il yarım əvvəl də Səbail polisində başıma gəlmişdi, Səbail prokurorluğu ört-basdır etdi».

10 ay əvvəl M.Bədəlsoy Prezident Administrasiyasının qarşısında özünü yandırmışdı. Polis işçiləri onu 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə aparmışdılar. Lakin deməsinə görə, onu xəstəxanaya aparan polislər stasionar müalicəsinə imkan verməmiş və həkimlərdən ambulator yardım edib evə buraxmalarını tələb etmişdilər. Nəticədə vəziyyəti ağırlaşan əlil 3 gün sonra DİN hospitalına yerləşdirilmiş və orada 2 ay stasionar müalicə almışdı. Əlil deyir, yenə araşdıran olmayıb, birinci qrup müharibə əlilinin dərdi nədir ki, özünü öldürməyə qalxıb...

POLİS TƏKZİB EDİR

Nizami rayon Polis İdarəsinin 24-cü bölməsindən isə deyilənlər təkzib olunub. Bölmədən «Qaynar xətt»ə bildirilib ki, M.Bədəlsoy polisə gətirilməyib və dedikləri cəfəngiyatdır.

Şikayətinin araşdırılmamasının səbəbini Baş Prokurorluqdan öyrənmək mümkün olmayıb.

M.Bədəlsoyun 10 ay əvvəlki etirazı 25 ildir ki, Bağlar Təsərrüfatının ona verdiyi Nardarandakı bağ sahəsinə buraxılmaması ilə bağlı olub. O, bağ sahəsinin əlindən alındığını və geri qaytarılması üçün rüşvət istənildiyini iddia edir.

6 il yarım əvvəl Səbail polisi tərəfindən evdən aparılıb incidilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayəti üzrə 2 aydır ki, kommunikasiya başlanıb. Avropa Məhkəməsi Azərbaycan hökumətinə zəruri sənədlərin göndərilməsi üçün bu il sentyabrın 20-dək vaxt verib.

Polisə sonuncu dəfə aparılmasının səbəbi isə bu ilin iyulunda hökumət tərəfindən 255 jurnalistə mənzil bağışlanmasına görə onun təşkilatçılığı ilə əlillərin KİVDF qarşısına toplaşaraq etiraz etməsi olub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG