Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:14

‘Biz nə vaxta qədər primitiv, feodal qaydalarla sənədləşmə işləri aparacağıq? ’-deputat ( media icmalı)


"Diglas" ticarət mərkəzi
"Diglas" ticarət mərkəzi

Bakıdakı “Diqlas” Ticarət Mərkəzindəki baş vermiş yanğından hasil olan nəticələr, Azərbaycandan çıxarılan kapitalın artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Bu gün tikinti bazarı, mənzil bazarı ölüb”

“Yeni Müsavat” qəzeti-ndə “FazilMustafa: “Bu gün torpaq bazarı, tikinti bazarı, mənzil bazarı ölüb”” sərlövhəli yazı oxumaq olar.

Yazıda deputat Fazil Mustafa-nın martın 29-da Milli Məclisdəki çıxışında “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı fikirlərinə yer verilib.

F.Mustafa bu məsələdə sahibkarların suçsuz olduğunu və vətəndaşı qınamağa ciddi əsaslar olmadığını söyləyib:

“Çünki güvənli sığorta sistemi, məhkəmə sistemi formalaşdıra bilmirsənsə, burada vətəndaşın günahı yoxdur.Burada öz funksiyasını tam yerinə yetirən bir şəxs oldu, o da ölkə prezidenti. Prezident baxdı ki, başqa çıxış yolu yoxdur və vətəndaşa dəstək verdi. Amma biz niyə vaxtında addımlar atmırıq?".

Fazil Mustafa
Fazil Mustafa

​Müəllif qeyd edib ki, F.Mustafa ticarət sistemində düzən yaratmağın vacibliyindən də bəhs edib:

“Adam 50-100 min verib bir obyekt alıb, amma onun adı sadəcə bir kağıza yazılıb. Biz nə vaxta qədər primitiv, feodal qaydalarla sənədləşmə işləri aparacağıq? İcarə müqaviləsi bağlanıbsa, niyə tələb olunmayıb ki, bu əmlak sığorta olunmalıdır? Bu, bir binanın yanması məsələsi deyil”.

Deputat vurğulayıb ki, ölkədə islahatlara maneələr var:

“Bu gün torpaq bazarı ölüb, tikinti bazarı ölüb, mənzil bazarı ölüb. İcra hakimiyyətləri aylardır ki, sərəncam verə bilmirlər, nəyisə gözləyirlər. Həyat canlanmalıdır ki, insanlar işsizlikdən qurtulsunlar, fəaliyyətlərinə davam etsinlər”.

​“Dövlət sahibkarın yanında”

“Azərbaycan” qəzeti-ndə dərc edilən “Dövlət yenə sahibkarlara sahib çıxdı” sərlövhəli yazıda da martın 26-da Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı görülən tədbirlərdən bəhs edilir.

Müəllif yazıb ki, bu yanğın ölkə ictimaiyyətinin diqqət mərkəzindədir və sıradan bir hadisə sayıla bilməz. Yazıda vurğulanır ki, orada ticarətlə məşğul olan yüzlərlə iş adamının malları yanıb, onlara külli miqdarda ziyan dyib, işsiz, qazancsız qalıblar.

Müəllifin gəldiyi nəticəyə görə, prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durub, sahibkarları sahibsiz qoymayıb:

“Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirdi, Nazirlər Kabinetinə baş vermiş yanğınla bağlı komissiya yaratmağı və görülmüş işlər haqqında məlumat verməyi tapşırdı. Ən başlıcası isə iş adamlarına dəymiş ziyanın hesablanandan sonra ödəniləcəyi bildirildi”.

"Diqlas müşavirəsi", 28 mart 2019
"Diqlas müşavirəsi", 28 mart 2019

​Müəllif iddia edir ki, dünyanın indiki vaxtında öz vətəndaşlarına bu səviyyədə dayaq olan dövlət tapmaq çətindir:

“Hara sel gəlir - dövlət oradadır, harada zəlzələ baş verir - dövlət operativ tədbirlər görür, harada yanğın olur - dövlət yenə də vətəndaşlarını tək qoymur”.

Yazının sonunda icra orqanlarının məsuliyyəti də qabardılır:

“Lakin sonacan belə davam edə bilməz. Sonuncu hadisə də göstərdi ki, hər bir icra orqanı öz üzərinə düşən vəzifənin öhdəsindən tələb edilən səviyyədə gəlməlidir. Əks halda bu məsuliyyətsizlik hətta təbii də olmasa, fəlakətlə nəticələnir. Onun altını isə dövlət çəkməli olur. O dövlət ki, indiki vaxtda onu belə əlavə qayğılarla yükləmək yolverilməzdir”.

Ölkədən kapital axını artıb

“ Marja.az” saytı-nda isə “Azərbaycandan kapitalın çıxarılması artıb” sərlövhəli yazı yer alır.

Saytda yer alan yazıya görə, 2018-ci ildə Azərbaycandan 3 milyard 156.2 milyon dollar kapital çıxarılıb .

Yazıda vurğulanır ki, 2017-ci ildə isə Azərbaycandan cəmi 2 milyard 820,5 milyon dollar kapital aparılmışdı. 2017-ci illə müqayisədə 2018-ci ildə çıxarılan kapital 335,7 milyon dollar və ya təxminən 12 faiz artıb.

"Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.1 mlrd.dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neftqaz sektorunun xüsusi çəkisi 76.5 faiz təşkil edib. 2018-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (952.9 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 109.1 mln.dollar) kapitalın repatriasiyası (3 mlrd.156.2 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967.1 mln.dollar olub", yazıda qeyd edildiyinə görə, Mərkəzi Bankın məlumatında yazılıb.

Mərkəzi Bank
Mərkəzi Bank

Yazıda bildirildiyinə görə, Mərkəzi Bank açıqlayıb ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd.dollar olub. “Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86 faiz təşkil edib. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2 mlrd.80.3 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 900.8 mln.dollar) kapitalın repatriasiyası (2 mlrd.820.5 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 813.1 mln. dollar olub” yazıda qeyd olunduğuna görə, Mərkəzi Bankın 2017-ci il üzrə Tədiyyə balansı məlumatında bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG