Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:22

Mingəçevirdəki qəzadan çıxarılan nəticələr-media icmalı 


İlham Əliyev (solda) və Etibar Priverdiyev Mİngəçevir İES yeni təmirindən sonra açılış edir, 27 fevral 2017
İlham Əliyev (solda) və Etibar Priverdiyev Mİngəçevir İES yeni təmirindən sonra açılış edir, 27 fevral 2017

İyulun 3-də Mingçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzə və bunun ölkəyə təsiri medianın hələ də aparıcı mövzularındandır...

“ Ölkəni çökdürən İlham Əliyevdir”

“ Azadlıq.info” saytında “Tək enerji sektoru yox, bütövlükdə ölkə çökür və onu İlham Əliyev çökdürür” sərlövhələ yazı oxumaq olar.

Yazıda iyulun 3-də Mingəçevir İstilik Elektirik Stansiyasında baş verən qəza və bunun ölkəyə təsiri fonunda Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin düşüncələrinə yer verilib.

Cəmil Həsənli yazıb ki, Mingəçevir İES-da bir-birinin ardınca baş vermiş qəza bütün ölkəni işıqsız qoyub. O, vurğulayıb ki, metro vaqonlarından insanlar həyəcan içində piyada yürüyərək çətinliklə stansiyalara çatıblar, huşunu itirənlər, başı fırlananlar, ürəyi gedənlər olub:

Cəmil Həsənli, Bakı,10 oktyabr 2013
Cəmil Həsənli, Bakı,10 oktyabr 2013

“Qəribə də olsa, ölkənin enerji sistemi çökəndə məlum oldu ki, Bakı metrosunun ehtiyat enerji bloku, ehtiyat enerji mənbəyi yoxdur. Elə bu yaxınlarda ötən əsrin 60-cı illəri ilə bağlı monoqrafiya üzərində işləyəndə aydın oldu ki, 1967-ci ildə Bakı metrosunun ilk stansiyaları istifadəyə veriləndə təhlükəsizlik məqsədi ilə metronun ehtiyat enerji bloku olub. 50 il sonra niyə yoxdur?”

Yazıda bu günlər bu məsələ ilə bağlı prezident yanında keçirilən müşavirəyə də toxunulur.

Müəllifin fikrincə, “bu boyda fəlakətdən” sonra prezident məsələ ilə bağlı ciddi ölçü götürməyib.

Yazıda baş verənlərin kökündə korrpsiya izi də axtarılır:

“Bu ölkədə dövlət adına görülən işlərin üzü “Mercedes” kimi parıldasa da, korrupsiyanın “bərəkətindən” içərisi “Zaporoje”dir. Bu ölkə istidə nəfəsi çatmayan “Zaporoje” matoru ilə yerində sayır. Lakin məsələ burasındadır ki, tək enerji sektoru çökmür, bütövlükdə ölkə çökür, onu İlham Əliyev çökdürür...”

“Hakmiyyətin operativliyi”

Prezident İlham Əliyev enerji müşavirəsi keçirir, 4 iyul 2018
Prezident İlham Əliyev enerji müşavirəsi keçirir, 4 iyul 2018

​​“Azərbaycan” qəzetində “Ölkənin enerji sistemindəki vəziyyət ən yüksək səviyyədə nəzarətdədir” sərlövhəli yazı dərc edilib. Eyni mövzudan bəhs edən bu yazıda isə hakimiyyətin proseslərə yanaşması tamam fərqli dəyərləndirilir.

Müəllif həmin qəzanın səbəblərinin araşdrılmasından ötrü yaradılan Dövlət Komissiyasının bu günlərdə keçirilən iclası fonunda vurğulayır ki, dövlət başçısı ən kritik məqamda düzgün və operativ qərarlar qəbul edir, təcili çıxış yollarını müəyyən edir:
“Müşavirənin mətbuatda geniş işıqlandırılması isə ictimaiyyətin nigarançılığına son qoyur, qaranlıq məqamlara aydınlıq gətirir, kimin günahkar olduğunu üzə çıxarır. Bütün bu addımlar cəmiyyətdə əminlik yaradır, lüzumsuz şayiələrin qarşısını alır”.
Yazıda qeyd edilir ki, dövlət başçısı komissiyanın növbəti iclaslarında bütün qaranlıq məqamların geniş müzakirə olunmasının vacibliyini də vurğulayıb:
“Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın”, yazıda prezidentin müşavirədəki çıxışından sitat gətirilir.

Yazının sonunda isə oxuyuruq:

“Bir sözlə, Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı keçirilən müşavirə bir daha göstərdi ki, dövlət başçısı fövqəladə hallarda belə, problemin həlli istiqamətində çevik addımlar atır, operativ qərarlar qəbul edir. Prezident bu zaman həmçinin, mərkəzi icra orqanlarının rəhbərlərinə qarşı daha tələbkar olur. Söz yox ki, enerji sistemində baş vermiş qəzanın nəticələrinin tezliklə aradan qalxmasının əsas səbəbi də bunlardır”

SCADA sistemi niyə işləməyib?

“Marja.az” saytında da eyni qəza ilə bağlı “Dövlətə 58 milyon dollara başa gələn sistem işləməyib” sərlövhəli yazı yer alır.

Müəllif bu yazıda isə həmin qəza fonunda Azərbaycan enerji sistemində dayanıqlıq məsələsini ekspert Osman Gündüzlə müzakirəyə çıxarıb.

Ekspert burada bəzi məqamlara toxunur :

“Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən hadisələr göstərir ki, 2012-ci ildə istifadəyə verilmiş real vaxt rejimində elektron idarəetmə sistemi olan SCADA işləməyib və "Azərenerji" ASC-nin dispetçer məntəqəsi "əllə" hərəkət edib", - deyə ekspert Osman Gündüz bildirib.

Ekspert əlavə edib ki, elektrik paylayıcı şəbəkədə SCADA sistemi Dünya Bankından (47 milyon dollar) və Almaniyanın KfW bankının (3 milyon dollar) krediti hesabına yaradılıb. Onun qeyd etməsinə görə, dövlət büdcəsinin vəsaiti də üstünə gəlsə sistemin yaranması dövlətə 58 milyon dollara başa gəlib.

O.Gündüz deyib ki, həmin sistem çərçivəsində bütün ölkə boyu fəaliyyətdə olan elektrik stansiyaları arasında fiber-optik şəbəkənin və 3 dispetçer məntəqəsinin qurulması, şəbəkənin tam rəqəmsallaşdırılması, uzaqdan idarəetmə sisteminin qurulması, enerji obyektlərində baş verən bütün fiziki proseslərin uzaqdan avtomatik idarə edilməsi nəzərdə tutulub:

“Əgər qeyd olunanlar bizim SCADA sistemində olubsa, düşünürəm ki, kifayət qədər intellektual və ən müasir bir sistem olmalı idi”.

O.Gündüz komissiyanın bu günlərdəki iclasında deyilənlərə istinadən bildirir ki, enerji sistemində baş verən qəzada sözü gedən sistem özünü doğrultmayıb.

XS
SM
MD
LG