Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

Bağlanan iş yerləri açıqlanmır


İlham Əliyev cəbhə bölgəsində.
İlham Əliyev cəbhə bölgəsində.

-

Cəbhə bölgəsində dağılan evlərin bərpası, nağdsız ödənişlərin azalması, ixtisarlar və büdcədə korrupsiya bu gün medianın əsas mövzusudur.

XALQ-DÖVLƏT BİRLİYİ

«Azərbaycan» qəzetində «Cəbhə bölgəsində dağıdılmış evlərin təmir-bərpa işləri başlayır» sərlövhəli məqalə dərc edilib. Yazıda bu il aprelin 2-dən 5-nə kimi cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar zamanı vətəndaşların dağılan evlərinin təmirindən bəhs edilir.

Müəllif yazır ki, təkcə Tərtər rayonunda həmin günlər 300-ə yaxın ev dağılıb. Dövlət başçısı İlham Əliyev də bölgəyə səfəri zamanı bu mənzərə ilə tanış olub və sonradan həmin evlərin təmiri ilə bağlı maliyyə vəsaiti ayırıb: «Hadisələrin gərgin xarakter aldığı, müharibədən zərər görən adamların bir kəlmə xoş sözə, səmimi münasibətə ehtiyac duyduğu zamanda prezident İlham Əliyev və xanımı Tərtərə səfər etdi. Çətin məqamda dövlət başçısı və xanımını yanlarında görən tərtərlilər əsl əzmkarlıq, gerçək fədakarlıq nümayiş etdirdilər. Tərtərlilər Ermənistan silahlı qüvvələrinin ara verməyən təxribatından qaynaqlanan gərginliyə mətanətlə sinə gərərək abadlıq, quruculuq və təsərrüfat işlərini yüksək əzmlə davam etdirirlər. Ən başlıcası isə odur ki, tərtərlilərdə döyüş ruhu var, qələbə əzmi böyükdür. Bu dövlət-xalq birliyinin sarsılmazlığından yaranan gerçəklikdir».

Samir Əliyev
Samir Əliyev

NAĞDSIZ ÖDƏNİŞLƏR KƏSKİN AZALIB

«Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək».

Bu fikir iqtisadçı-ekspert Samir Əliyevin «Azadlıq» qəzetində dərc edilən yazısından götürülüb.

İqtisadçının fikrincə, devalvasiyanın fəsadları aradan qalxmamış Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) da nağdsız ödənişlərə zərbə vurub: «Palata əvvəlcə xarici valyutada istehlak kreditinin verilməsini bir aylıq dayandırdı. Sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını çətinləşdirdi. Proses belə davam edərsə, kredit kartları istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını əngəlləyir».

İqtisadçı deyir ki, ilk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalıb: «1 milyon 322 mindən 780 minə qədər azalıb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22 faizdən 14 faizə düşüb. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin I rübündə 644 milyon manat olub. 2016-cı ilin analoji dövründə 446 milyon manata düşüb».

S.Əliyev deyir ki, devalvasiya ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib: «2015-ci ilin yanvarında, devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685.2 milyon manat olub. Bu il aprelin 1-də 611 milyon manata düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362.7 milyon manatı milli, 248.3 milyon manatı isə xarici valyutaların payına düşür. Palatanın qəbul etdiyi qaydalardan sonra xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

EKSPERT: «200 MANATIN NƏYİNİ KƏSƏSƏN?»

«Exo» qəzetində isə «Kütləvi ixtisarlardan necə xilas olaq» adlı məqalə dərc edilib. Yazıda böhran şəraitində iş yerlərinin bağlanmasından və bu qorxu altında yaşayan insanların hisslərindən bəhs edilir.

İqtisadçı Oqtay Haqverdiyev iş yerlərinin ixtisarını çıxış yolu kimi görmür. Üstəlik, o hesab edir ki, bəzi Qərb ölkələrində tətbiq edilən iş gününün qısaldılması və maaşların azaldılması da Azərbaycandan ötrü məqbul deyil: «Düzdür, Qərbdə bu tətbiq edilir, orada maaşlar yüksəkdir. Amma Azərbaycanın büdcə təşkilatlarında maaşlar 200 manatdan bir az yuxarı qalxır. Bu halda maaşları azaltmağın, sadəcə, yeri yoxdur və bu mümkün də deyil».
Ekspert Nəriman Ağayev isə deyir ki, devalvasiyadan sonra tikinti sektorunda işlərin çoxu dayanıb: «Bizim müşahidələrə görə, iki devalvasiyanın nəticəsində keçmiş tikinti layihələrindən ancaq 15 faizi ortada qalıb. Bunun da nəticəsində tikinti sektoruna cəlb edilən insanların çoxu indi işsiz qalıb».

N.Ağayev deyir ki, hökumət yeni iş yerlərinin açılmasından ötrü ciddi addımlar atmalıdır.

İş yerlərinin bağlanması mövzusunun müzakirəsini başqa qəzetlər də davam etdirib. Həmin yazılarda qeyd edilir ki, yeni açılan iş yerləri bildirilsə də, bağlanan iş yerləri haqda məlumatlar qapalı saxlanır.

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

VERGİ HAMİLƏLİYİ

«Novoye Vremya» qəzetində dərc edilən «Vergi hamiləliyi» sərlövhəli məqalədə isə müəllif bu sahədə ona paradoks görünən bir sıra məqamların üzərində dayanıb. Müəllif yazır: «Bir tərəfdən hökumət büdcəyə daxilolmaların həcminin artması ilə bağlı müntəzəm məlumatlar dərc edir. Digər tərəfdən isə vergi ödənişi məsələsində vətəndaş fəallığının kifayət qədər yetərli olmadığını bildirirlər».

Bununla bağlı müəllifin öz izahatı da var: «Büdcənin gəlir hissəsi olduqca aşağı göstərilib. Bunu hakimiyyət özü də bilir. Bu azmış kimi, xərclər hissəsində də məsrəflər az göstərilir. Bura bu ilin ilk rübündə banklardan vergi daxilolmalarının 30 faiz azalmasını da daxil etdikdə, mənzərə aydınlaşır».

Müəllifin fikrincə, iqtisadiyyata belə münasibət büdcə sferasını «korrupsiya və rüşvət qoruğu»na döndərib. Məqalədə qeyd edilir ki, hökumət bütün vergi ağırlığını kommersiya obyektlərinin çiyinlərinə qoyub. Müəllifin düşüncəsinə görə, hökumət islahatlar əvəzinə köhnə metodlarla idarəçiliyə üstünlük verir.

Məqalədə iş adamlarının vergiləri şəffaf ödəməyə hazır olduqları qeyd edilir. Amma müəllifin fikrincə, elə qiymətlər qoyulur ki, işadamı qanunsuz ödəmələri qanuni yoldan sərfəli görür: «İnhisar və məmur özbaşınalığı biznes üçün problem olaraq qalır. Yerli sahibkarlığın önünə o qədər maneələr qoyulur ki, iş adamları artıq buna marağını itirir. Bu problem həllini tapmayıb və tapmadıqca, durum daha da mürəkkəb xarakter alacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG