Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Prezident sərəncamından itirənlər və qazananlar-media icmalı


Azərbaycan manatı
Azərbaycan manatı

Minimum əməkhaqqı 50 manat artdı

“ Fed.az” saytında “Minimum əməkhaqqı artdı: itirənlər və qazananlar” sərlövhəli yazı oxumaq olar.

Minimum əmək haqqı artdı: itirənlər və qazananlar

Prezident minimum əməkhaqqının 130 manatdan 180 manata qədər çatdırılması barədə sərəncam imzalayıb. FED.az-ın Analitik Qrupu xatırladıb ki, minimum əməkhaqqı axırıncı dəfə 2018-ci ilin yanvarında 116 manatdan 130 manata qədər artırılmışdı: “Bu addımı zəruri edən əsas səbəb odur ki, manatın kəskin dəyər itirdiyi və ikirəqəmli inflyasiyanın baş verməsi nəticəsində rəsmi məlumata görə, 2014-cü ildən indiyədək yaşayışın dəyəri 50 faizədək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimunun dəyəri 125 manat idisə, hazırda 180 manatdır - 55 manat artım var”

Yazıda vurğulandığına görə, indi rəsmi qurumlar bildirir ki, minimum əməkhaqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.Üstəlik, verilən məlumata görə, minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat əlavə vəsait yönəldiləcək.

Yazıda qeyd edildiyinə görə, bu qərar yalnız müəllimlərə, xüsusilə də orta və ali təhsil sistemində çalışan pedeqoji işçilərə bir elə təsir göstərməyəcək.

Müəllif hesab edir ki, minimum əmək haqqının artımı ilə bağlı qərar müxtəlif qrupların maaşların artırsa da, bəzi qrupların xərclərini də yüksəldəcək: “Söhbət xüsusilə də xırda sahibkarlardan və fərdi torpaq payçılarından gedir. Belə ki, 2018-ci ilin sonlarında təsdiqlənən və 2020-ci ilin yanvarından qüvvəyə minəcək sosial sığorta qanunvericiliyinə görə, tikinti və ticarət sahələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar minimum əmək haqqının 50 faizi, iqtisadiyyatın yerdə qalan sektorlarında çalışan fərdi sahibkarlar isə minimum əmək haqqının 25 faizi qədər aylıq sosial ayırma etməlidirlər. Yeni artım onların xərclərini 12-25 manat aralığında artıracaq”.

“Vətəndaşa qayğı”

“Azərbaycan” qəzetində isə minimum əməkhaqqının artırılmasının müzakirəsi “Dövlətin siyasətinin mərkəzində vətəndaşın rifahı dayanır sərlövhəli yazı ilə davam etdirilir.

Müəllif hesab edir ki, prezident İlham Əliyev ölkə vətəndaşlarının rifahının yüksəldilməsinin daim dövlətin siyasətinin mərkəzində dayandığını vurğulayır: “Bu, əməli işlər və tədbirlərlə təsdiq olunur. Ölkədə yeni-yeni müəssisələrin açılması, çoxsaylı iş yerlərinin yaradılması, sosial infrastrukturun genişləndirilməsi insanlara qayğının davamlı olduğunu göstərir. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş üç dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində Azərbaycanın rayon və kəndlərinin siması gözəlləşib, əyalətdə yaşayan insanların güzəranı xeyli yaxşılaşdırılıb”

Müəllif daha sonra da rəsmilərin açıqlamasına istinadən bildirib ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri açılıb :“ Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Azərbaycanın qazandığı bütün iqtisadi göstəricilər deməyə əsas verir ki, ölkəmiz uğurla, inamla inkişaf edib və bu, özünü ilk növbədə əhalinin rifah halının yaxşılaşmasında göstərir”,

Müəlif sonda da yazıb: “"Mən hər bir azərbaycanlının prezidentiyəm” deyən cənab İlham Əliyev bunu əməli tədbirlərlə, yeni sərəncam və fərmanlarla təsdiq edir...”

Bahalaşmanın səbəbləri

“Yeni Müsavat” qəzetində “Bahalaşmanı kimlər yaradır – pərakəndə ticarətçilər, yoxsa…” sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, 2019-cu il yanvarın ortalarından pərakəndə ticarət şəbəkələrində ərzaq məhsullarının bahalaşması müşahidə olunur, xüsusilə taxıl və süd məhsulları 10-50 qəpik bahalaşıb.

Yazıda qeyd edilir ki, sosial şəbəkələrdəki müzakirələrdə bu bahalaşmaya səbəb kimi vergi qanunvericiliyinə dəyişiklikər, vergidən yayınma ilə mübarizə göstərilir.

Müəllif baş verənlərə münasibət almaqdan ötrü ekspertlərə də üz tutub.

“Bugünkü bahalaşmanın heç bir iqtisadi əsası yoxdur və sırf subyektiv amillərlə bağlıdır... Əvvəl topdan və pərakəndə ticarət obyektləri, ictimai-iaşə sadələşdirilmiş vergi ödəyiciləri ola bilirdilər. Onlar dövriyyələri 200 min manata qədər olduqda Bakıda 4 faiz, regionlarda 2 faiz, ondan yuxarı olduqda ticarətçilər 6 faiz, ictimai iaşə isə 8 faiz vergi ödəyirdi. İndi topdansatış sadələşmiş vergi ödəyicisi ola bilmir. Ticarətçilər də 200 min manatdan yuxarı dövriyyə olduqda mənfəət vergisinin ödəyicisi olurlar”, deyə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bildirib.

İqtisadçının deməsinə görə, indiyədək bəzi ticarətçilər dövriyyələrini dəfələrlə kiçildiblər ki, az vergi ödəsinlər: “Eyni zamanda əmək haqlarını rəsmiləşdirmir, yaxud aşağı məbləği rəsmiləşdirib də vergidən yayınırdılar... İndi vergi qanunvericiliyi dəyişib, eyni zamanda vergi orqanları yayınmalara qarşı mübarizə aparırlar. Digər tərəfdən, əmək haqlarının rəsmiləşdirilməsi sahəsində də dəyişikliklər edilir. Bütün bunlara ticarətçilər qiymət artımı ilə cavab verirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG