Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

“ABŞ-ı bu cür qanun layihəsi ilə şantaj etmək mümkün deyil”


Cəmil Həsənli Vaşinqtonda konfransda, 2013
Cəmil Həsənli Vaşinqtonda konfransda, 2013

►Milli Məclisdə hazırlanmış “ABŞ-da insan haqlarının vəziyyəti haqqında” qanun layihəsinə​ reaksiyalar

“ABŞ-ı bu cür qanun layihəsi ilə şantaj etmək mümkün deyil, belə bir sənədi ortaya çıxarmaq çox mənasızdır”.

Milli Şuranın sədri Cəmil Həsənli deputat Rövşən Rzayevin “ABŞ-da insan haqlarının vəziyyəti haqqında” qanun layihəsinə münasibət bildirərkən belə deyib. Onun qənaətincə, Azərbaycan hakimiyyəti münasibətləri gərginləşdirməkdən qaçmalıdır.

Bu qanun layihəsi əslində ABŞ Helsinki Komissiyasının sədri Chris Smith-in Konqresə təqdim etdiyi «Demokratiya aktı»na, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə bir cavab kimi qiymətləndirilir.

“Demokratiya aktı" adlı qanun layihəsini hazırlayanlar hesab edir ki, Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq, seçkilər kimi təməl insan haqları pozulur, ölkədə siyasi məhbus problemi var. Buna görə də sadalanan problemlər həll edilənə kimi Azərbaycanın vəzifəli şəxslərinin ABŞ-a səfərlərinə sanksiya qoyulmasını istəyirlər.

Buna da bax: Trump 2016-cı ilə lider namizəd kimi gedir

Milli Məclis
Milli Məclis

“MILLI MƏCLİSDƏ HEÇ KİM ÖZ TƏŞŞƏBÜSÜ İLƏ LAYİHƏ HAZIRLAMIR”

“Mən uzun müddət – 10 il parlamentin üzvü olmuşam. Azərbaycan parlamentində heç kim öz təşəbbüsü ilə heç nə hazırlamır, xüsusilə də hökumətyönlü deputatlar. Düşünmürəm ki, Rövşən Rzayev bu qanun layihəsini öz təşəbbüsü ilə hazırlayıb. Ona verilən tapşırıq əsasında bu addımı atıb. Bu, təxminən “Washington Post” qəzetinin qabağına “Səs” qəzeti ilə çıxmaq kimi bir şeydir”.

Cəmil Həsənli iki ölkə arasında insan haqları, demokratiya ilə bağlı paralel aparmağı yersiz sayır:

“ABŞ-da Konqresə, bələdiyyəyə normal seçkilər keçirilir. Azərbaycanda isə mən seçkilərdən 20 gün qabaq parlament üzvlərinin siyahısını elan etmişdim. 125 nəfərdən 120-i düz çıxdı. Hakimiyyət xalqın seçki hüququnu mənimsəyib”.

Cəmil Həsənlinin fikrincə, hökumət “gözlənilməz addımlarla üzləşmək istəmirsə”, “Demokratiya Aktı” fevralda müzakirəyə çıxarılana kimi ciddi addımlar atmalıdır, yəni insan haqları sahəsində problemləri həll etməlidir.

Buna da bax: Kimlər əfv gözləyir

“İSLAHATA TƏZYİQ ALTINDA GETMƏDİKLƏRİNİ GÖSTƏRMƏYƏ ÇALIŞIRLAR”

Mehman Əliyev
Mehman Əliyev

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev fevrala kimi hakimiyyətin islahatlara gedəcəyini və bu sanksiyanın gündəmə gəlməyəcəyini düşünür. O zaman Azərbaycan parlamentində hazırlanan qanun layihəsi nəyə xidmət edir? Mehman Əliyev deyir:

“Sadəcə, ictimai rəydə fikir formalaşdırmaq istəyirlər ki, hakimiyyət bu cür layihələrə cavab verməyə hazırdır, möhkəmdir, durur. Və heç kimdə fikir yaranmasın ki, Azərbaycan hakimiyyəti Amerikaya güzəştlərə getməyə hazırdır”.

Mehman Əliyev fikirlərinə belə davam edir:

“Hakimiyyət əfvə hazırlaşır. Hesab edirəm ki, yanvarda başqa məsələlər, islahatlar məsələsi gündəmə gətiriləcək. Ümumilikdə, Amerikanın qaldırdığı problemlər hakimiyyətin atacağı addımlarda öz əksini tapacaq. Ancaq Azərbaycan hakimiyyəti o biri yandan göstərmək istəyir ki, sanksiyalardan qorxmuruq, biz də qarşılıqlı addım ata bilərik”.

Sadəcə, buna təzyiq altında getmədiklərini göstərməyə çalışırlar.

Mehman Əliyev böhran yaşayan hakimiyyətin islahatlara getməkdən başqa yolu qalmadığına əmindir:

“Mən demirəm 100 faiz həll edəcək, ancaq o yolu gedəcək. Sadəcə, buna təzyiq altında getmədiklərini göstərməyə çalışırlar. Ancaq məcburiyyət qarşısında islahatlara gedəcək hakimiyyətə yardımlar, kreditlər, investisiyalar lazımdır”.

Sözügedən qanun layihəsinə ABŞ səfirliyinin münasibətini də müsahibimiz “çox mülayim” adlandırır:

“Mülayim şəkildə deyilir ki, biz danışıqlara hazırıq. Məlumdur ki, söhbət hansı danışıqlardan, hansı öhdəliklərdən gedir. Bu bir mesajdır ki, biz sizi bərabərhüquqlu tərəf kimi görürük, dialoqa hazırıq”.

Azərbaycanda neçə siyasi məhbus var? 22 ya 93
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG