Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

'Meşədən tonlarla böyürtkən, zoğal yığan var'


Meşədə fındıq ağacları
Meşədə fındıq ağacları

«Biz xalq təbabəti sayəsində yaşayırıq. Hər yerdə aptek yoxdur, hər kəsin də aptekdən dərman almaq imkanı yoxdur. Kəndli gedib dağdan, meşədən dərman bitkiləri yığır, qurudur, mürəbbəsini hazırlayır, xəstələnəndə də istifadə edir. İndi qışdır, hamı qripdir, kəndli də zoğal mürəbbəsi ilə çay içir, itburnu dəmləyir. Bəs bundan sonra neyləsin?», – Qubanın Xaltan kənd sakini, təqaüdçü Nadir Cəlilov AzadlıqRadiosuna belə deyir. O, Nazirlər Kabinetinin 31 yanvar tarixli 30 saylı qərarı ilə «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» dəyişikliklərə etirazını bildirir.

«Kəndli heyvanını saxlamaq üçün meşədən bir-iki kisə xəzəl yığıb qabağına tökür ki, birtəhər qışdan çıxsın. Bu onun dolanışığıdır, bunu da qadağan edirlərsə, olmaz, axı», – N.Cəlilov təəssüflə bildirir.

Dəyişikliklərə görə, meşədə yığılan hər bir kiloqram alma, armud, zoğal və başqa meyvələr üçün 1 manat ödənilməlidir. İcazə olmadan meyvə yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Məhsulu qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hesablanmalıdır.

Meşədən dərman bitkilərinin, məsələn, itburnu, çaytikanı, fıstıq toxumunun yığılması da qadağandır. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat arasında ödəniş nəzərdə tutulur.

Bundan başqa, yeni qaydalara görə, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı, qamış yığan şəxslər də cəzalandırılacaq.

«Bu, nonsensdir»

N.Cəlilov sual edir: «Yaxşı, bu yoxsul kəndli nə etsin? Cibində pulu yox, istədiyi meyvə, tərəvəzi alsın. Heç olmasa, meşədəki meyvədən, giləmeyvədən istifadə edir, bir ovuc ailəsinə gətirir, faydalanırdı. Düzdür, ağacın budağı sındırılmamalıdır, təbiətə ziyan vurulmamalıdır, amma meşədəki bitkilərdən yerli-dibli istifadə edilməsin, kəndli meşədən yararlanmasın, bu, nonsensdir. Bu qərarı verəndə insanları da düşünmək lazımdır».

Quba sakini həm də ondan narahatdır ki, istənilən vaxt bu qərardan sui-istifadə etmək mümkündür: «Dövlətin kim gözünə xoş gəlmədisə, bu qərar bəhanə olacaq, həmin şəxsi cəzalandıracaqlar. Son 2-3 ildə çıxarılan qərarlar xalqa qarşıdır. Bu, xalqın əleyhinə olan qərardır. Daha bundan o yana olmaz. Bayaqdan kənddə neçə adamla danışmışıq. Hamı narazıdır. Bu o deməkdir ki, kəndlinin əl-ayağını bağlayıb atın küncə. Kəndli meşədən bir ovuc meyvə dərə bilməyəcək? Ya dərman bitkisi yığa bilməyəcək? Belə qərar olar, belə haqsızlıq olar? Nə olacaq kəndlinin axırı?».

«İndi bizə itburnu lazım olsa, nə edəcəyik?»

Tovuzun Böyük Qışlaq kəndindən Nizami Hümbətov da qərardan narazıdır: «Yaxşı hal deyil. Əhali meşədən meyvə yığmalıdır. Camaat qışa tədarükü meşədən görür. Bizim kənddə camaat kompota, mürəbbəyə meyvəni əsasən meşədən yığır. Düzdür, bizim meşədə fıstıq, fındıq yoxdur, əsasən əzgil, quşburnu, armud olur. İndi onu da qoymasalar… Nə deyim, qanun qanundur əməl etməliyik, amma...».

Bunu söyləyən N.Hümbətov sonra deyir: «İndi bizə itburnu lazım olsa, nə edəcəyik? Yəqin o da problem olacaq».

Meşə
Meşə

Qaradaş kəndindən Araz Ağayev deyir: «Kənddə çiçək yığan da var, meyvə yığan da. Satmasalar da, gündəlik tələbatları üçün istifadə edirlər. Əlbəttə, bu qadağanın kəndliyə təsiri olacaq».

Tovuzun dağ kəndi Ağbulağa, Əsriyə yay-payız aylarında Bakıdan, ətraf rayonlardan çox sayda dincəlməyə gələn olur. Kənd camaatının çoxu burda salınmış istirahət mərkəzlərində işləmək və bir də mer-meyvə satmaqla dolanır. Adının çəkilməsini istəməyən ortayaşlı qadın danışır: «Yaz olanda qazayağı, unluca, başqa göyərtiləri bişirib yeyirik, artıq qalanını da bazarda, ya da bura gəzməyə gələnlərə satıb dolanırıq. Yayda da alça, böyürtkən, zoğal yığıb Bakıdan, rayonun özündən gələnlərə satırıq. Məktəbqabağı uşaqların əyin-başını təzələyirik. Bəs indi necə olacaq? İş yox, güc yox. Allahın otunu, cır alçasını da bizə çox görürlər».

«Hər adam bir ovuc meyvə yığsa, əlbəttə, kökü kəsilər»

Alimlər qərarı məmnunluqla qarşıladıqlarını bildirirlər. Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi katibi Xuraman Xəlilova AzadlıqRadiosuna bu qərarın səbəbini belə izah edir: «Meyvənin toxumu torpağa düşür və nəsli davam etdirir. Meşə bitkilərinin içində nəsli kəsilən, nadir bitkilər də var. Hər adam bir ovuc meyvə yığsa və bunu başlı-başına buraxsalar, əlbəttə, kökü kəsilər. Həm də meşəyə başqa ziyan vururlar, ağacları sındırırlar. Təbiəti mühafizə baxımından məqsədəuyğundur».

Son illər bir çox meşələri qıraraq restoran və kafelər, istirahət mərkəzləri tikilir. Mütəxəssislər bu zaman meşənin flora və faunasına da ziyan dəydiyini deyirlər. X.Xəlilova meşələrin qırılıb yerində restoran və ya istirahət mərkəzlərinin açılmasını yolverilməz sayır və deyir ki, yəqin buna da növbə çatacaq.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da bu qərarı insanların meşəyə diqqətsiz yanaşması ilə bağlayır: «Gedib bir kilo alça yığırsa, beş dənə də ağac budağı sındırır, pöhrələri məhv edir, tapdalayır. Yoxsa onunla dövlət varlanmır. Bir də bəzi insanlar bunu biznesə çeviriblər. Xüsusən də meşədən tonlarla moruq, böyürtkən, zoğal yığan var. Qanun da bunu tənzimləməyə çalışır və bu meşələrin qorunmasına xidmət edir».

Gədəbəyin Pərizamanlı kəndinin icra nümayəndəsi Elman Alıyev deyir ki, hər kəs həyətyanı sahəsində istədiyi bitkini əkə, yetişdirə bilər.

Quba sakini N.Cəlilovsa cavab verir ki, torpaqlar eroziyaya uğrayıb, kəndlinin onu bərpa etməyə gücü çatmır, dövlət də yardım etmir.

Ə.Məmmədli
Ə.Məmmədli

«Konstitusiyaya ziddir»

Hüquqşünas Ələsgər Məmmədli Facebook səhifəsində yazır ki, sözügedən qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər. O, qərarın Konstitusiyaya və Meşə Məcəlləsinə zidd olduğunu bildirir.

Hüquqşünas Nazirlər Kabinetinin bu qərarının 1993-cü ilin dekabrında qəbul edildiyini xatırladır: «1995-ci ildən etibarən istənilən NK qərarları Konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz. Çünki 1993-cü ildə qəbul olunan qərarlar, 1995-Konstitusiyasına görə ziddiyyət varsa, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi».

Ə.Məmmədli hesab edir ki, Konstitusiyada bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır yazılmayıbsa, o zaman qadağa və cərimə qoyula bilməz.

Hüquqşünas həmçinin, Meşə Məcəlləsinin 53-cü maddəsinə də toxunur. Orda deyilir ki, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq hüququna malikdirlər.

Qanun yalnız «Qırmızı kitab»a düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükünü qadağan edir.

Günün sonunda prezident Nazirlər Kabinetinə sözügedən qərarı ləğv etmək haqda göstəriş verib. Buna səbəb «yerlərdən daxil olan müraciətlər» göstərilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG