Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:15

Keçmiş əsir, sərt tənqidçi, açıqsözlü McCain... Senatora nekroloq


McCain Ukrayna Maydanında
McCain Ukrayna Maydanında

ABŞ siyasətçisi, Arizona ştatından 6 dəfə dalbadal senator seçilmiş, Vyetnamda 6 il işgəncəli əsirlik həyatı yaşamış senator John McCain avqustun 25-də, 81 yaşında vəfat edib.

Bir neçə onillikdə özünün Senatdakı xidməti zamanı davakarlığı və prezidentliyə iki uğursuz namizədliyi ilə yadda qalmış McCain ömrünün sonunadək vuruşduğu beyin xərçənginə ram olub.

Zamanın getdikcə az qaldığını hiss edən senator son vaxtlar Arizonadakı rançosunda özünü ailə üzvləri və yaxınları ilə əhatələmişdi.

O bu dövrdə özünün “Sakitlik bilməyən dalğa” kitabının çapını və HBO telekanalında onun həyatına həsr edilmiş sənədli filmin nümayişini gözləyirdi.

Kitabın çap olunmuş parçalarında McCain ona ömür üçün ayrılmış vaxtdan nə qədər qaldığını bilmədiyini yazır, hazırkı prezident Donald Trump-ı sancmağı unutmur, keçmiş Alyaska qubernatoru Palin-i özünə seçki yoldaşı etməsindən peşmançılıq ifadə edirdi.

Əsirlikdən azad olunmum John S. McCain Hanoy hava limanında (1973)
Əsirlikdən azad olunmum John S. McCain Hanoy hava limanında (1973)

Senatın Silahlı Qüvvələr Komitəsinin veteran sədri olan McCain müdafiə və xarici siyasət məsələlərində ekspert sayılırdı.

McCain 1936-cı ilin 29 avqustunda ABŞ-ın Panamadakı Coco Solo Dəniz bazasında, uzun hərbi tarixi olan ailədə doğulmuşdu.

İkisi də dördulduzlu admiral olan atasının və babasının yolu ilə gedən McCain 1958-ci ildə Annapolisdəki Donanma Akademiyasından məzun olub.

Bundan təxminən on il sonra Vyetnam müharibəsinə yollanıb. Burada onun təyyarəsi Hanoy üzərində vurulub və beləcə McCain əfsanəsi başlanıb.

Qollarının və dizinin sınmasına, mütəmadi işgəncələrə məruz qalmasına və təkadamlıq kamerada saxlanmasına baxmayaraq McCain əsirlikdən erkən azad olunması üçün təklifləri rədd edib. O əsirlikdə olan bütün yoldaşlarının azad edilməsini istəmiş, yalnız bundan sonra özünün də azadlığa çıxacağını demişdi.

O 2008-ci il prezident seçkisinin nominasiya nitqində deyirdi ki, “mən öz vətənimə başqa bir ölkədə əsir edildikdən sonra məftun oldum”.

“Mən Birləşmiş Ştatları bu ölkənin ləyaqətinə, müdrikliyinə, ədalətinə və adamlarının yaxşılığına görə sevmişəm. Mən bu ölkəni ona görə sevdim ki, bu sadəcə yer yox, ideya, uğrunda vuruşulası amal idi. Bundan sonra mən artıq əvvəlki insan deyildim. Mən artıq vətənimin insanı idim”.

Lakin onun sözləri gerçəyi danırdı. John McCain həmişə olduğu kimi özü olaraq qalırdı.

O bir senator kimi onun baxışlarına uyğun gəlməyən prezidentlərə onların partiya mənsubiyyətinə fərq qoymadan meydan oxuyurdu. McCain ictimaiyyətin gözündə müharibə qəhrəmanından, siyasi mücəssəməyə, mübarizə çevrilmişdi.

Özünün Konqresdəki deputatlığı dövründə McCain bugünədək hörmət edilən respublikaçı prezident Ronald Reagan-ı, Beyrutdakı Amerika sülhməramlı qüvvələrinin zəif müdafiə şəraitinə görə tənqid etmişdi.

McCain-nin narahatlığı sonradan özünü doğrultmuşdu. 1983-cü ilin oktyabrında həmin qışlaya hücum nəticəsində 241 dəniz piyadası öldürülmüşdü.

Onun əfsanəsi getdikcə böyüyürdü və o, artıq növbəti respublikaçı prezident George W. Bush-a qarşı çıxmışdı. Bu dəfə o prezidenti vergilərin ixtisarına, işgəncə iddialarına və ABŞ-ın İraqdakı strategiyasına görə tənqid edirdi.

McCain Demokratik Partiyanın liderlərinə qarşı da amansız idi.

Senator John McCain və keçmiş prezident Barack Obama (2008)
Senator John McCain və keçmiş prezident Barack Obama (2008)

O, prezident Barack Obama-nın xarici siyasətinin ən kəskin tənqidçilərindən biri idi. McCain Obama-nı qoşunları İraqdan çəkdiyinə və Suriya prezidenti Bashar al-Assad-a öz xalqına qarşı kimyəvi silahdan istifadə etdikdən sonra qırmızı xətt qoymadığına görə tənqid edirdi.

Vəziyyət 2017-ci ildə, Donald Trump Ağ Evə gələndə bir qədər dəyişmişdi.

McCain prezidentlə Suriya, Rusiya və Çin siyasətinə görə tez-tez toqquşurdu.

Trump-sa ona qarşı çıxan demokratları və respublikaçıları ələ salmaq xasiyyətinə malik insandır. Prezidentliyə namizəd olarkən Trump McCain-in “əsir düşərək müharibə qəhrəmanı olmasını” lağa qoymuşdu. Demişdi ki, şəxsən o “əsir düşməyən adamları” xoşlayır.

Lakin McCain bəzən millət vəkili kimi mühacirət, abortlar və başqa məsələlərdə yayğın mövqe tutur, mövqeyini dəyişirdi.

O, İraq müharibəsini dəstəkləmişdi və çox az tanınan Palin-i 2008-ci il seçkisi zamanı özünün vise-prezidentliyə namizədi etməsinə görə lağa qoyulurdu. Həmin seçkidə McCain Obama-ya əhəmiyyətli səs fərqi ilə uduzmuşdu.

Beynəlxalq səhnədə McCain kəsə danışan adam kimi tanınırdı. O bəzən mürəkkəb siyasi məsələləri özünün sərt ritorikası ilə loru dilə çevirirdi.

McCain Şərqi Avropa ölkələrinin NATO-ya qoşulmasının qızğın tərəfdarı idi.

Senator McCain Gürcüstanın NATO-ya üzvlüyünə tərəfdar idi (Kutaisi, 2017)
Senator McCain Gürcüstanın NATO-ya üzvlüyünə tərəfdar idi (Kutaisi, 2017)

Rusiya prezidenti Vladimir Putin 2017-ci ilin 8 iyununda açıqlanmış müsahibəsində özünün ən kəskin tənqidçilərindən biri haqqında deyirdi ki, McCain “köhnə dünyada” yaşayır. McCain bundan əvvəl bəyan etmişdi ki, Putin dünya üçün, İslam Dövləti ekstremist təşkilatından daha böyük təhlükədir.

McCain Rusiyanı lağa qoyaraq onu “ölkə qiyafəsi geyinmiş yanacaqdoldurma məntəqəsi” adlandırmışdı.

Buna baxmayaraq Putin senatorun vətənpərvərliyinə pərəstiş etdiyini də vurğulamışdı.

Putin McCain-ni qədim Roma senatoru ata Markus Porsius Katoya bənzətmişdi. Kato özünün Senatdakı bütün çıxışlarını “Karfagen məhv edilməlidir!” şüarı ilə bitirirdi.

Putin deyirdi ki, McCain kimi adamlar “köhnə dünyada” ilişib qalıblar, onlar “gələcəyə baxmağa həvəs göstərmirlər”:

"Mən senator McCain-i müəyyən mənada xoşlayıram. Mən onu vətənpərvərliyinə görə xoşlayıram və ona dəyişməzliyinə görə hörmət edirəm”.

McCain-dən sonra onun 38 il birgə həyat sürdüyü xanımı Cindy və beş övladı qalır. Onun əvvəlki evlilikdən iki ögey övladı da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG