Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:26

'Mazımçay' gömrüyündə uzun növbə olub


Bu gün, avqustun 6-da gündüz saatlarında Balakəndəki "Mazımçay" gömrük-sərhəd buraxılış məntəqəsində uzun növbə yaranıb.

Bu barədə AzadlıqRadiosuna adlarının çəkilməsini istəməyən Azərbaycan vətəndaşları danışıblar.

Onların sözlərinə görə, Gürcüstana nəqliyyat vasitəsilə keçmək istəyən vətəndaşlar uzun növbə səbəbindən sərhəd buraxılış məntəqəsinin qarşısında saatlarla gözləməli olublar.

Həmin şəxslər belə bir vəziyyətin yaranmasına görə, Azərbaycan gömrükçülərini günahlandırıblar, onları süründürməçilikdə qınayıblar. Şikayətçilərin bildirməsinə görə, Azərbaycanın Gürcüstanla sərhədində tez-tez belə hallar baş verir.

Dövlət Gömrük Komitəsinin izahı

Baş verənlərə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirib.

Qurumun İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, son günlərdə turist axınının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub:

“Gündəlik iş rejimində "Mazımçay" gömrük postunun idxal və ixrac nəzarət xəttləri vasitəsilə ümumilikdə 400 nəqliyyat vasitəsi sərhəddi keçirdisə, ötən gün (avqustun 5-də) bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib.Avqustun 6-da günün birinci yarısında isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub”.

Qurumdan vurğulandığına görə, hazırda "Mazımçay" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:

“Sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün lazımi bütün tədbirlər həyata keçirilir... Hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin, həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub”

XS
SM
MD
LG