Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:37

Maye qaz bahalaşdı, sonra... 


Yanacaqdoldurma məntəqəsi, arxiv foto
Yanacaqdoldurma məntəqəsi, arxiv foto

Azərbaycanda noyabrın 8-dən maye qazın qiymətinin bahalaşdığı bildirilir.

Maye qazın 1 litrinin satış qiymətinin 45 qəpikdən 65 qəpiyə qaldırıldığı söylənir. “Hazırda “Azpetrol”un bütün yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 65 qəpikdir”, deyə şirkətdən də qeyd ediblər.

APA -nın xəbərinə görə, isə şirkətdən vurğulanıb ki, bu təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun satış qiyməti əsasında formalaşıb.

“Bu ancaq onunla izah edilə bilər ki,...”

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna xatırladıb ki, maye qazın satışının bahalşması ilə bağlı Tarif Şurasında hər hansı informasiya yoxdur:

“Amma dünəndən saytlar şəkillər qoyublar və bu, maye qazın 65 qəpiyə satıldığını göstərir. Bu ancaq onunla izah edilə bilər ki, onlar bu maye yanacağı idxal ediblər. İdxal olunduğundan bu qiymətə satılır. Çünki, təbii qazın qiyməti əvvəlki kimi 45 qəpik olaraq qalmaqdadır”.

İ.Şabana görə, “Azpetrol” şirkətinin bu yanacağın idxal olduğunu deməməsi maraqlıdır:

“Maye qaz yanacağı ölkəyə idxal yanacağı kimi daxil olursa onun qiyməti artıq Tarif Şurası tərəfindən tənzimlənmir. Bu ölkədə istehsal edilən yanacaq məhsulu olsaydı şirkət qiyməti özbaşına qaldıra bilməzdi. Çünki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimlənir. Əgər, qiymət qaldırılıbsa bu o deməkdir ki, bu idxal məhsuludur. Bunun məntiqi izahı belədir”.

“Bu yanacağı almağa növbələr yaranırdı”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də Azadlıq Radiosuna deyib ki, son üç ayda bu yanacaqla bağlı qıtlıq var idi. Onun vurğulamasına görə, özü də bu, süni yaradılan qıtlığa bənzəyirdi:

“...Bu yanacağı almağa növbələr yaranırdı, yanacaqdoldurma məntəqlərində maye qaz yanacağı tapılmırdı. Dünən isə həmin qıtlığın nəticəsi kimi maye qazın maya dəyərinin bahalaşması, əvvəlki qiymətə satılmasının sərfəli olmaması ilə bağlı bəzi rəsmilərin açıqlamaları oldu. Sanki ictimai rəyi buna hazırlayıdırlar”.

N.Cəfərli hesab edir ki, yanacaq bahalaşması bununla yekunlaşmayacaq:

“Dizel yanacağının bahalşması ilə bağlı informasiya təməli hazırlanır. Bir müddətdir ki, belə bir kampaniya aparılır ki, Azərbaycanda bir sıra ölkələrlə müqayiəsədə dizel yanacağı çox ucuzdur. Növbəti addım kimi də bu ilin sonuna kimi dizel bahalaşmasının şahidi ola bilərik...”

Xatırlatma

Maye qazdan ( duru qaz) bəzən avtomobil yanacağı və balon qaz kimi istifadə edilir. Habelə kimya sənayesinin təminatında yarımfabrikat kimi ondan istifadə edildiyi qeyd olunur.

XS
SM
MD
LG