ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 12-mərtəbəli binanın gecə saatlarında qismən uçması nəticəsində azı bir nəfərin öldüyü, 99 nəfərinsə axtarışının davam etdirildiyi bildirilir.
İyunun 24-də yüzlərlə xilasedici binanın xarabalıqlarını təmizləyərək axtarış aparmaqda idilər.
Rəsmilər xarabalıqlar altından 35 nəfərin sağ çıxarıldığını xəbər verirlər.
Serfsayd meri Çarlz Börket deyib ki, dağıntı böyükdür və o çox adamın sağ qala biləcəyinə inanmır.
Başqa bir rəsmi isə deyib ki, uçqunun altında 51 nəfərin qaldığı təxmin edilir.
O əlavə edib ki, ola bilsin uçqun zamanı bu adamlardan bəziləri evlərində olmayıblar.
Binanın uçmasından sonra 3 uruqvaylının, 6 paraqvaylının və 9 argentinalının itkin sayıldıqları bildirilib.
Bu barədə məlumatı Cənubi Amerikanın üç ölkəsinin konsulluqları veriblər.
Rəsmilər bədbəxt hadisəyə nəyin səbəb olduğunu bilmədiklərini söyləyirlər.
“The Champlain Towers South” adlı binanın 130 mənzilinin 80-də yaşayış vardı.