Mahaçqalada yanacaqdoldurma məntəqəsində (YDM) baş vermiş güclü partlayışda 35 nəfər həlak olub.
Rusiya FHN-in məlumatına görə ölənlərdən üçü uşaqlardır.
Rusiya Səhiyyə Nazirliyi isə bildirir ki, 80 nəfər müxtəlif dərəcəli xəsarət alıb və onlardan 63 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya gətirilənlərin arasında 16 uşaq var. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır.
Dağıstanda partlayış qurbanlarının xatirəsinə matəm elan olunub.
TASS xəbər verir ki, Dağıstanın Kumtorkala rayonunda fövqəladə vəziyyət elan edilib.
Mahaçqalanın şimalındakı yanacaqdoldurma məntəqəsində partlayış avqustun 14-də axşam saatlarında baş verib.
Xəbərdə deyilir ki, əvvəlcə avtoservisin binası yanıb, daha sonra yanğın qonşuluqdakı YDM-ə keçib.
YDM-dəki səkkiz yanacaq sisternindən ikisi partlayıb. Yanğını yalnız dörd saatdan sonra söndürmək mümkün olub.
İnsidentlə bağlı cinayət işi açılıb. Hakimiyyət orqanları bildiriblər ki, partlayış zamanı həlak olanların ailələrinə 1 milyon rubl təzminat ödənəcək.
YDM-də partlayış baş verdikdən dərhal sonra yerli teleqram kanalları yaralıların xəstəxanaya gətirilməsini görüntüləyən videolar dərc edib. Bu videolarda yaralıların dəhlizlərdə yerləşdirildiyi görünür.
Daha sonra Rusiya FHN-nin teleqarm kanalında dərc edilmiş xəbərdə deyilir ki, Rusiyadan Dağıstana xüsusi təyyarə göndərilib və yaralılardan bəziləri Mahaçqaladan Moskvaya gətiriləcək.
Partlayış anını göstərən videoda yanğının əvvəlcə avtoservisdə başlandığı və partlayışın bundan sonra baş verdiyi görünür.
Bu da qeyd olunur avtoservis və YDM Qlobus ticarət mərkəzinin yaxınlığında yerləşir.
Mash teleqram kanalında deyilir ki, yanğın YDM-dən yaxınlıqdakı evlərə keçib. Bu evlərin sakinləri təcili qaydada təxliyə olunublar.
Partlayışın və yanğının səbəbləri barədə hələ ki, məlumat yoxdur.