Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:44

Mahaçqalada Heydər Əliyevə abidə qoyulması təşəbbüsü narazılıq yaradıb


Mahaçqalada qoyulması planlaşdırılan abidənin maketi
Mahaçqalada qoyulması planlaşdırılan abidənin maketi

Mahaçqalada Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə abidə qoymaq istəyirlər.

Şəhər meriyası gələcək abidənin variantları barədə sosial şəbəkələrdə sorğu aparıb. Bu sorğudan məlum olub ki, şəhər sakinləri ümumiyyətlə abidənin qoyulması əleyhinədirlər.

Ekspertlər hesab edirlər ki, abidənin qoyulması ideyası Dağıstanın siyasi maraqları ilə bağlıdır.

Mahaçqalada Heydər Əliyevə abidə qoyulacağı barədə şayiələr hələ bu ilin yazından dolaşırdı. Meriyanın iyulun 13-də keçirdiyi rəy sorğusu bu şayiələrin həqiqət olduğunu göstərib.

Meriya teleqram kanalında bildirib ki, abidənin İmam ŞamilMaqomed Yaraqski küçələrinin kəsişməsindəki fəvvarənin yaxınlığında ucaldılması planlaşdırılıb.

Bu da qeyd olunur ki, rəy sorğusunda abidənin yalnız variantları verilmişdi, amma “əleyhinə” variantı yox idi.

Buna cavab olaraq Çernovik saytı özünün internet səhifəsində səsvermə keçirib.

17 iyula olan məlumata görə səsvermədə 14 mindən çox iştirak edən olub. Onlardan 80 faizi abidənin əleyhinə, 6 faizi isə leyhinə səs verib. Daha 7 faiz abidənin Dərbənddə qoyulmasını təklif edib. Belə ki, azərbaycanlıların yaşadığı bu şəhərdə artıq Heydər Əliyev küçəsi var.

AzadlıqRadiosu yazır ki, bu küçənin adı 2011-ci ildə guya şəhərin azərbaycanlı sakinlərinin təklifi ilə dəyişdirilib.

Əgər uşaqlar, ya turistlər soruşsalar...

Dağıstanda çıxan həftəlik “Novoye delo” məcmuəsinin baş redaktoru Hacımurat Sagitov AzadlıqRadiosuna deyib ki, abidənin qoyulması təşəbbüsü nə respublika, nə də şəhər rəhbərliyindən gəlmir.

Onun sözlərinə görə məmurlar hətta bu abidənin qoyulması səbəbini belə izah edə bilmirlər.

Sagitov bildirib ki, bu, respublikadakı hökumət qurumlarının onların atdıqları addımın nəticələrini proqnozlaşdırmadıqları növbəti haldır.

Dağıstanın ictimai xadimlərindən Şamil Xadulayev heykəlin qoyulması təşəbbüsünü “səhv” adlandırıb. O hesab edir ki, respublika rəhbərliyi şəhər sakinlərinə Heydər Əliyevə abidə qoyulmasının əsaslarını izah edə bilməyib.

Onun sözlərinə görə administrasiya adamlardan abidənin postamentindəki naxış variantlarını seçməyi rica edir, amma onların belə bir abidəni istəyib-istəmədiklərini xəbər almır:

"Dağıstanlılara informasiya verin ki, adamlar başa düşsünlər: Heydər Əliyev Dağıstanda abidəsinin qoyulması üçün əlamətdar nə iş görüb. Əgər uşaqlar və turistlər soruşsalar ki, bu kimin heykəlidir, onlara nə cavab veriləcək? Kimsə istəyib və abidəni qoyub?”

“Ona qalsa abidə İlham Əliyevə qoyulmalıdır...”

Siyasi şərhçi Maqomed Maqomedov isə deyir ki, heç kim yerli sakinlərin fikri ilə maraqlanmayıb, rəsmi teleqram kanalında “demokratiyanın imitasiyası” kimi keçirilən sorğudan başqa heç bir ictimai dinləmə keçirilməyib:

"Heydər Əliyev SSRİ zəmanəsinin tarixi şəxsiyyətidir, müstəqil Azərbaycanın keçmiş rəhbəridir, amma onun fəaliyyəti Dağıstanla heç cür bağlı deyil. Əgər abidə qoymağa qalsa, onun oğlu İlham Əliyevə abidə qoysunlar. Onun Dağıstan qarşısında, daha doğrusu onun siyasi elitası qarşısında xidmətləri daha çoxdur. O onları bir xeyli Rusiya rəhbərliyi qarşısında müdafiə edib, tərəf çıxıb. Maqomedovlar, Qurbanovlar, Şıxsəidovlar – bu Dağıstan soyadları onlar üçün çətin situasiyalarda rəsmi Bakı tərəfindən rəğbətlə qəbul olunublar”.

AzadlıqRadiosu yazır ki, Mahaçqala sakini, “Bizim şəhər” qrupunun fəalı Mədinə İbrahimova bu və ya “istənilən abidələrin” qəti əleyhinədir.

O təklif edir ki, kiminsə xatirəsini əbədiləşdirmək üçün park salıb ağac əkmək olar:

"Hesab edirəm ki, istənilən abidə şəhər sakinləri ilə müzakirə olunmalıdır. Xüsusilə də söhbət Dağıstana heç bir aidiyyəti olmayan şəxsin abidəsindən gedirsə”.

“Bu kimdir” sualı

Şərhçi Maqomed Maqomedov hesab edir ki, Heydər Əliyevə abidə, bundan əvvəl Mahaçqalada Əziz Əliyevə qoyulmuş abidə kimi Dağıstan hakimiyyətinə Bakı ilə yaxşı münasibətlər, Azərbaycandakı şəxsi kommersiya maraqları, lazım gələrsə, Putinə ağız açılması üçün lazımdır.

Maqomedov qeyd edir ki, Rusiya da Azərbaycanla yaxşı münasibətlərin marağındadır, amma Azərbaycan getdikcə NATO üzvü olan Türkiyənin təsiri altına daha çox düşür.

Onun sözlərinə görə buna baxmayaraq Moskva köhnə və əziz müttəfiqini itirmək istəmir.

Rusiya Qafqaz Xalqları Konqresinin sədr müavini Denqa Xalidov da abidənin əleyhinədir. O deyir ki, Dağıstan rəhbərliyi bunu İlham Əliyevə yarınmaq üçün edir:

"Bu ona bənzəyir ki, Bakıda Maqomedali Maqomedova (Dağıstanın keçmiş başçısı-red) heykəl qoysunlar. Azərbaycanlılar soruşacaqlar: “Bu kimdir belə?” və haqlı olacaqlar. Dağıstanlılar da sualı belə qoyurlar: “Onun bizə nə dəxli var?”

Xalidov bildirir ki, ictimai narazılıq respublika rəhbərliyini Heydər Əliyevə abidə qoymaq təşəbbüsündən çəkindirə bilər.

O xatırladıb ki, bir neçə il əvvəl rəhbərlik Maxaçqaladakı “Lenin komsomolu” parkında Rusiya tarixi muzeyi tikmək istəyirdi. Lakin adamların narazılığı və “Bizim şəhər” təşkilatı fəallarının səyləri ilə bu ideya həyata keçmədi.

Bu ilin yazında Heydər Əliyevə Rusiyanın Koqalım şəhərində abidə qoyulacağı bildirilmişdi. Aprel ayında, Əliyevin 100 illiyi ərəfəsində abidənin yerində xatirə daşı qoyulub. Şəhər hakimiyyəti izah edirdi ki, azərbaycanlılar Xantı-Mansi Muxtar Dairəsində neft-qaz sənayesinin inkişafına böyük töhfə veriblər və Əliyevin abidəsi də buna minnətdarlıq olaraq ucaldılacaq.

XS
SM
MD
LG