ABŞ müdafiə naziri yenidən Rusiyanı Soyuq Müharibə illərində imzalanmış silahlara nəzarət müqaviləsini pozmaqda ittiham edib.
Jim Mattis Ortamənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il müqaviləsinin (INF) pozulması barədə bəyanatı oktyabrın 4-də NATO liderlərinin görüşündən sonra verib.
Rusiya ABŞ rəsmilərinin ilk dəfə 2014-cü ildə səslənmiş ittihamını dəfələrlə rədd edib.
Lakin Moskvanı illərdir tənqid edən ABŞ-ın bu məsələdə mövqeyi xüsusilə də son vaxtlarda sərtləşib.
Rusiya ABŞ-ın haqqında danışdığı raketin mövcudluğunu etiraf edib, lakin bununla müqaviləni pozduğuna dair ittihamı qəbul etmir.
Bu həftənin əvvəllərində ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutchison demişdi ki, bu mübahisə kəsilməsə, ABŞ Rusiyanın sözü gedən raketlərini “neytrallaşdıracaq”.
Səfir sonradan izah edib ki, o bunu deyərkən konkret olaraq ABŞ-ın hərbi hücumunu nəzərdə tutmayıb.
Mattis bildirib ki, Rusiya qısa adı INF olan bu müqavilənin şərtləri daxilinə qayıtmalıdır, yoxsa əks halda ABŞ müqavilənin spesifik limitlərinə edilən hörmətsizliyə cavab verəcək.
ABŞ Konqresi Rusiya raketlərinə cavab olaraq yeni raket proqramını dəstəkləyib.
Mattis bu ilin əvvəllərində demişdi ki, ABŞ Rusiyanı müqavilənin şərtlərinə qaytarmaq üçün yeni aşağı çaplı nüvə silahlarının üzərində işləyir.