ABŞ müdafiə naziri Jim Mattis deyib ki, NATO-nun müdafiə nazirləri Rusiyanın silahlara nəzarət müqaviləsini “pozmasını” və Moskvanın bu sənədə riayət etməyə vadar edilməsinin yollarını müzakirə ediblər.
Nazir noyabrın 9-da NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iki günlük müşavirəsindən sonra müxbirlərə deyib ki, müzakirələrə Rusiya Federasiyasının Ortamənzilli Nüvə Raket Qüvvələrinə dair Müqaviləni pozması və Moskvanın bu müqavilənin çərçivəsinə qaytarılması cəhdləri daxil edilib.
1987-ci ildə imzalanmış və INF kimi tanınan müqaviləyə uyğun olaraq Avropdakı bütün növlərdən olan ballistik və qitələrarası raketlər ləğv edilib və bu sənəd ABŞ və Rusiya arasında silahlanmaya nəzarətin bel sütunu sayılır.
ABŞ Dövlət Departamentinin illik silahlara nəzarət hesabatı aprel ayında açıqlanıb. Bu hesabatlara görə Rusiya artıq dördüncü ildir ki, müqaviləni pozaraq özünün yer bazalı qitələrarası raketlərini inkişaf etdirir.
Moskva ABŞ-ın ittihamlarını rədd edərək bildirir ki, Birləşmiş Ştatlar Rumıniya və Polşada antiraket sistemlərini qurmaqla bu müqaviləni pozub. Vaşinqton bu iddiaları qəbul etmir.
Mattis Brüsseldə bildirib ki, müqavilələr imzalandıqdan sonra ölkələr bir-birlərinin təhlükəsizliyinə hörmət göstərməlidir.
ABŞ müdafiə naziri deyib ki, Rusiyanın INF müqaviləsini pozmasına dair “bir çox” NATO ölkələrinin öz dəlilləri vardır.
O əlavə edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri bu məsələnin çözülməsi üçün Moskva ilə danışıqlar aparmağa çalışacaqlar.
Mattis daha sonra deyib ki, “NATO müdafiə nazirləri Rusiyanın bizim suveren demokratik proseslərimizə aramsız müdaxilə cəhdlərini geniş müzakurə ediblər”.
Hazırda ABŞ-da Rusiyanın 2016-cı il seçkisinə iddia edilən müdaxiləsi araşdırılır. Rusiya habelə Fransa, Almaniya və başqa Avropa ölkələrində keçirilən seçkiləri təsirləndirmək cəhdlərində günahlandırılır.
Lap bu yaxınlarda İspaniya mediası Rusiyanın dövlət mediasını Kataloniyada keçirilmiş 1 oktybar müstəqillik referendumu zamanı yaranmış böhranda sabitsizləşdirici rol oynamaqda ittiham etmişdi.
Bu iddialar barədə sualara cavab verən Avropadakı NATO qoşunlarının amerikalı komandanı generalCurtis Scaparrotti deyib ki, “biz Birləşmiş Ştatlarda və bir sıra başqa ölkələrdə bunun şahidi olmuşuq”.
General bildirib ki, Rusiya başqa ölkələrin işlərinə qarışmaq cəhdlərini dayandırmalıdır.
Rusiya xarici ölkələrdə keçirilən seçkilərə təsir göstərməyə çalışdığı barədə iddiaları təkzib edir.