Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:15

ABŞ müdafiə naziri NATO müttəfiqlərini hərbi xərcləri artırmağa çağırdı


Jim Mattis

ABŞ-ın müdafiə naziri Jim Mattis Vaşinqtonun NATO müttəfiqlərinə deyib ki, onlar müdafiə xərclərini artırmasalar, Birləşmiş Ştatlar özünün alyans qarşısındakı “öhdəliklərini mötədilləşdirə” bilər.

Mattis fevralın 15-də alyansın Brüsseldəki qərargahında keçirilən NATO müdafiə nazirlərinin yığıncağında deyib ki, ABŞ vergiödəyəni bundan sonra da “Qərb dəyərlərinin müdafiəsi xərclərindəki qeyri-mütanasibliyin” yükünü çəkə bilməz.

ABŞ müdafiə naziri həmkarlarına bildirib ki, onlar “Birləşmiş Ştatların bu alyans qarşısındakıöhdəliklərini mötədilləşdirməsini” istəmirlərlərsə, onda hər bir üzv ümumi müfaiə üçün üzərinə düşən maliyyə vəzifəsini yerinə yetirməlidir.

Bundan əvvəl, elə fevralın 15-də Mattis demişdi ki, NATO alyansı “Birləşmiş Ştatların və bütün transatlantik birliyin bel sütunu olaraq qalır”.

Mattis yığıncaqdan əvvəl jurnalistlərə bildirmişdi ki, "prezident Trump NATO-ya güclü dəstək verdiyini söyləyib”.

NATO üzvləri Donald Trump-ın alyansa münasibətindən narahatdırlar. O özünün seçki kampaniyası ərzində NATO-nu “köhnəlmiş” təşkilat adlandırmışdı.

Alyans üzvləri həm də Trump-ın Rusiyaya öz xələfindən daha yumşaq münasibət göstərəcəyi barədə niyyətindən narahatdırlar.

Trump habelə NATO üzvlərini alyans üzrə maliyyə öhdəliklərini yerinə yetirmədiklərinə görə kəskin tənqid etmişdi.

NATO-nun nizamnaməsinə görə ona üzv ölkələr ÜDM-lərinin ən azı 2 faizini müdafiəyə xərcləməlidirlər.

Mattis jurnalistlərə deyib ki, dünyada ən yaxşı müdafiədən faydalananların öz azadlıqlarının müdafiəsi üçün öhdələrinə düşən xərci çəkməsi tamamilə ədalətli tələbdir.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen hələ görüşdən əvvəl jurnalistlərə demişdi ki, Avropa müttəfiqlərinin NATO-nun xərclərinin çəkilməsində lazımi cəhdi etməsi və bütün xərci amerikalılara yükləməməsi “bir ədalət məsələsidir”.

2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra NATO üzvləri müdafiə xərcləri sahəsindəki ixtisarları dayandırmağı və onu ÜDM-nin 2 faizi həddinə yüksəltməyi qərara almışdılar.

NATO-nun 28 üzvündən 24-ü hərbi xərclərin ixtisarını dayandırıb və alyansın baş katibi Stoltenberg deyib ki, ABŞ, Britaniya, Polşa, Yunanıstan, və Estoniya artıq öz ÜDM-lərinin 2 faizini müdafiəyə yönəldiblər, Latviya, Litva və Rumıniya isə bu hədəfə yaxınlaşıblar.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, o alyansın bu yığıncağının onun birliyi barədə aydın siqnal verəcəyinə əmindir.

İki gün davam edəcək bu sammitdə habelə İslam Dövləti adlandırılan ekstremist qruplaşma ilə mübarizənin vəziyyəti məsələsinin də müzakirə olunacağı gözlənilir.

Bu məqsədlə nazirlər İtaliyanın Neapol şəhərində koordinasiya mərkəzinin qurulması barədə qərar qəbul edəcəklər.

Bu mərkəzə Liviya, Suriya və İraqdan kəşfiyyat məlumatları gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG