ABŞ-ın müdafiə naziri James Mattis deyib ki, Birləşmiş Ştatların öz nüvə cəbbəxanasına yeni qitələrarası raket daxil etmək ideyası Vaşinqtona, Rusiyanın silahlara nəzarət müqaviləsinə əməl etməsinə nail olmaq üçün əlavə təsir aləti verir.
Mattis fevralın 6-da Konqresin Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib ki, əsas məqsəd ABŞ danışıqçılarına güc mövqeyindən danışmaq imkanının yaradılmasıdır.
Fevralın 2-də açıqlanmış Nüvə Silahı İcmalında deyilirdi ki, ABŞ sualtı gəmilərdəki bəzi mövcud uzaqmənzilli raketləri onlarda daha kiçik ölçülü başlıqların yerləşdirilə bilməsi üçün modifikasiya edəcək.
Uzaqmıənzilli ballistik raketlər 1987-ci il Ortamənzilli Nüvə Qüvvələrinə dair müqavilənin şərtlərini pozmur. Lakin yaxınmənzilli raketlərin quruda yerləşdirilməsi bu sazişin şərtlərinə zidd ola bilərdi.
Vaşinqton Rusiyanı yeni raket yaratmaqla bu müqavilənin şərtlərini pozmaqda ittiham edir. Moskva bu ittihamları qəbul etmir və bildirir ki, Vaşinqton hələ SSRİ ilə bağladığı bu müqavilədən de facto çıxıb.
Mattis bildirib ki, Rusiya Reagan-la Qorbaçov arasında imzalanmış bu müqavilənin şərtlərini pozur və ABŞ administrasiyası Moskvanı cilovlamaq üçün onun üzərinə təzyiq tətbiq edir.
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın yeni Nüvə Silahları İcmalını kəskin tənqid edib və bu sənədi həm “anti-Rusiya”, həm də “qarşıdurma yaradan” adlandırıb.
Moskva xüsusilə də qeyri-strateji kiçik nüvə başlıqlarının yaradılması ideyasından narazıdır və bildirir ki, belə planlar “hətta kiçik münaqişələrin də nüvə-raket müharibəsinə çevrilməsinə səbəb ola bilər”.
Fevralın 5-i hər iki ölkə üçün Yeni START (Strategic Arms Reduction Treaty – Strateji Silahların Azaldılması Müqaviləsi) sazişi kimi tanınan razılaşmanın icrası üçün son müddət sayılırdı.
Bu müqavilə hər iki tərəfin strateji nüvə döyüş başlıqlarının maksimum sayını 1550 və qitələrarası ballistik raket və strateji bombardmançılarının sayını 700 olaraq məhdudlaşdırır.
Bəs görəsən Rusiya müqavilə şərtlərinə qayıtsa, Birləşmiş Ştatlar dənizdən atılan qitələrarası raket yaratmaq ideyasından əl çəkə bilərmi? Bu suala cavabında Mattis “mən danışıqlardan əvvəl proqnoz vermək istəmirəm” cavabını verib.