Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:43

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsinə səs verdi


Millət vəkilləri son üç gündə intensiv danışqılarda olublar
Millət vəkilləri son üç gündə intensiv danışqılarda olublar

Makedoniya parlamenti ölkənin adını Şimali Makedoniya Respublikasına dəyişdirəcək konstitusiya düzəlişini qəbul edib.

120 yerlik parlamentdə 81 deputat bu dəyişikliyin leyhinə səs verib və beləliklə də dəyişikliyin qəbulu üçün lazım olan üçdə iki çoxluğu əldə olunub. Müxalif VMRO-DPMNE partiyası yanvarın 11-də keçirilən bu səsverməni boykot edib.

Makedoniyanın rəsmi adının dəyişdirilməsi bu ölkənin NATO və Avropa İttifaqına üzvlük üçün yolunu açacaq. İndiyədək buna qonşu Yunanıstan mane olurdu. Afina israr edirdi ki, Makedoniya onun qədim tarixi əyalətlərindən birinin adıdır.

Ad dəyişikliyi üçün Makedoniyada son aylar təşviqat işi aparılırdı
Ad dəyişikliyi üçün Makedoniyada son aylar təşviqat işi aparılırdı

Parlament sessiyasının başlanğıcında etdiyi çıxışda baş nazir Zoran Zaev millət vəkillərinə deyib ki, ad dəyişikliyi “Makediyanın Avropa gələcəyinə qapıları açacaq”.

Son üç gün ərzində bir neçə yüz adam parlamentin binası qarşısında ad dəyişikliyinə etiraz edirdi.

Bu səsvermə də Zaev-in millət vəkilləri ilə üç gün davam edən danışıqlarından sonra mümkün olub.

Zaev-in koalisya hökumətinin ad dəyişikliyə lazım olan səs çoxluğunu əldə etmək üçün müxalifətin dəstəyinə ehtiyacı vardı. Hökumət yanvarın 10-da bildirirdi ki, lazımi sayda səsin əldə olunması üçün çalışır. Nəhayət danışıqların sonunda azsaylı etnik alban partiyası qanun dəyişikliyinə etirazından imtina edib.

Hökumət və müxalifət arasında danışıqlar yanvarın 11-də də davam etdirilmişdi. Buna görə də səsvemə bir neçə dəfə ləngidilmişdi.

Makedoniyanın ad dəyişikliyi məsələsi həm də qonşu Yunanıstanda ciddi etirazlarla üzləşmişdi. Yeni ad üçün təklif edilən variantlar millətçiləri qane etmirdi. Buna baxmayaraq iki ölkə ötən ilin iyununda ad dəyişikliyi barədə tarixi sazişin imzalanması üçün lazımi siyasi dəstəyi əldə edə bilmişdi.

Makedoniya parlamentinin qarşısına ad dəyişikliyinə etiraz edənlər toplaşmışdı
Makedoniya parlamentinin qarşısına ad dəyişikliyinə etiraz edənlər toplaşmışdı

Makedoniyada isə ad dəyişikliyinə qarşı çıxanlar iddia edirdilər ki, Makedoniyanın adı onun kimlik və tarixini əks etdirdiyindən belə bir dəyişiklik “böyük milli xəyanət” olacaq.

Yunanıstanda isə “Makedoniya” adının hər hansı bir şəkildə saxlanmasına etirazlar vardı. Opponentlər bunu əsas gətirirlər ki, Makedoniya Yunanıstanın şimalındakı vilayətin adıdır və böyük tarixi əhəmiyyətə malikdir.

İndi sözü gedən sazişin qüvvəyə minməsi üçün qarşıdan gələn həftələrdə onu Yunanıstan parlamentinin ratifikasiya etməsi lazımdır.

Hazırda Afinada səfərdə olan Almaniya kansleri Angela Merkel bu sazişə güclü dəstək verdiyini bəyan edib.

XS
SM
MD
LG