Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Maşın bazarında bahalaşma var


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

Yerli avtomobil istehsalı qiymətlərə təsir edirmi?

“Modern.az” maşın bazarındakı qiymətlərə toxunur: “Maşın bazarında qiymətlər artıb, azalıb?”

Nəqliyyat sahəsi üzrə ekspert Ramil Osmanlı bu gün avtomobil bazarında qiymətlərin müəyyən qədər artımının müşahidə olunduğunu söyləyir və bunun səbəbini belə izah edir: “Qiymət artımlarının əsas səbəblərindən biri mövsümlə əlaqədar bazarda təklifin azalmasıdır. Əvvəlki dövrdə avtomobili satmaq fikrində olan insanlar mövsümlə əlaqədar maşınları bazardan çıxarırlar. Bu səbəbdən yay mövsümündə təklif portfelinin xeyli məhdurlaşdırılması prosesi baş verir. Bütün bunlar da bazarda qiymətlərin artmasına səbəb olur”.

Ekspert sentyabrdan qiymətlərin yenidən stabilləşəcəyini bildirir.

R.Osmanlıya görə, ilin əvvəlində gömrük rüsumunun artımının qiymətlərə təsiri psixoloji amillərlə bağlı idi.

“Hazırda bazarda gömrük rüsumunun artımından sonra bahalaşma o qədər də çox müşahidə olunmur. Gömrük rüsumunun artması daha çox ölkəyə idxal olunan mühərrik həcmi böyük avtomobillərə təsir etdi. Həmin avtomobillərin idxal həcmi olduqca azaldı. Amma ümumilikdə istər gömrük, istərsə də vergi siyasətində aparılan islahatlar bütövlükdə avtomobil bazarında qiymət artımına təsir göstərir, idxalı məhdurlaşdırır”, - ekspert izah edir.

Ramil Osmanlı yerli istehsalın hələlik bazarda tələbatın heç 5 faizini ödəmək iqtidarında olmadığını və qiymətlərə təsir göstərmədiyini qeyd edir.

“Amma gələcəkdə, əgər yerli istehsalın həcmi heç olmasa 15-20 faiz həddinə gəlib çatarsa, ucuz avtomobillər üzrə rəqabətin olmasını müşahidə edə bilərik”, - ekspert hesab edir.

Kurs keçməklə stomatoloq olanlar

“Yeni Müsavat”da isə “Saxta diplomlar necə əldə olunur?” adlı məqalə diqqət çəkir.

Qəzetin bu mövzuya toxunmasına səbəb Səhiyyə Nazirliyinin 2018-ci ildə 19, 2019-cu ilin ilk 3 ayında 4 saxta diplom aşkarlaması haqda verilən məlumatdır.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, saxta diplom məsələsini 3 kateqoriyaya bölmək olar: “Birinci kateqoriya diplomları dövlət nümunəli olmayanlardır. Kimlərsə bu və ya digər yolla xaricdə təhsil alır ki, onların diplomları dövlət nümunəli olmur. İkincisi də təhsil aldıqları universitetin diplomları Azərbaycanda tanınmır. Üçüncü kateqoriya isə bir qədər fərqlidir. Belə ki, abituriyent Azərbaycan universitetinə qəbul olub, ancaq bu proses Dövlət İmtahan Mərkəzi yolu ilə baş tutmayıb”.

Ekspert Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin 2014-cü ildə söylədiyi fikri xatırladır. O demişdi ki, 1992-2001-ci illərdə diplom alan 22 min 332 nəfərin diplomu saxtadır, eyni zamanda Müəllimlər İnstitutunun Gəncə filialını bitirən 600-dən çox şəxsin diplomu dövlət nümunəli kimi qeydə alınmayıb.

Kamran Əsədov səhiyyə sistemində də eyni problemin yaşandığını, vaxtilə Azərbaycan Beynəlxalq Universiteti,”Təvəkkür” kimi universitetlərdən diplom alanların böyük əksəriyyətinin tibb sahəsində çalışdığını və bunun “çox ciddi fəsad törətməkdə davam etdiyini” vurğulayır.

Ekspert hesab edir ki, qəbul prosesində vahid mərkəzin olmaması belə problemləri ortaya çıxarır və “burada cəzasızlıq sindromu” olduğundan miqyası daha da böyüyəcək.

Onun iddiasına görə, hazırda saxta diplomlular daha çox səhiyyə və təhsil sistemindədir. Ekspert məsələnin kifayət qədər ciddi olduğuna diqqət çəkir və “saxta diplomlu”larun “diplomsuz mütəxəssislər”in özəl sektorda çalışdıqlarını, bu səbəbdən monitorinq aparmağa ehtiyac olduğunu bildirir.

K.Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda Ukraynada, Türkiyədə və digər ölkələrdə kurs keçməklə stomatoloq işləyənlər var.

Dəniz səyahəti, VİP salon - 10 manat

“Bakıda dəniz gəzintiləri: Qrafiki yoxdur, hər şey havadan asılıdır”, - “Oxu.az” yazır.

Dənizkənarı Bulvar İdarəsindən bildirilir ki, dəniz gəzintiləri gecə saatlarına qədər davam edir: “Yay aylarında gəmi ilə gəzintilər daha sıx təşkil olunur. Sərnişinlərin tələbatına uyğun olaraq, gəzintilər təxminən saat 16:00-dan gecə yarısına qədər davam edir. Qışda isə bu müddət təxminən saat 12-13 radələrindən 20:00-a qədərdir. Yəni gəmi ilə gəzintilər bütün fəsillərdə təşkil edilir”.

İdarə yayda tələbatdan asılı olaraq gün ərzində 5-12 gəzinti təşkil edildiyini, bulvarda sərnişinlərə “Mirvari” və “Şəfəq” gəmilərinin xidmət göstərdiyini bildirir. “Mirvari” gəmisinin tutumu 466 nəfərdir, bu gəmidə gəzinti haqqı 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5 yaşdan yuxarı 3 manat, eləcə də böyüklər üçün sadə salonda 3 manat, VİP salonda 10 manatdır.

“Şəfəq” gəmisinin tutumu isə 60 nəfərdir, burada da 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşdan yuxarı isə 5 manatdır.

Dənizkənarı Bulvar İdarəsi gəmi gəzintilərinin əvvəlcədən qrafikinin olmamasını hava şəraiti ilə izah edir: “Yalnız hava şəraiti imkan verdiyi halda gəmi dənizə çıxa bilər”.

Azərbaycanın mədəni irsi müdafiə təşəbbüsləri

“Azərbaycan” qəzeti mədəni irsin müdafiəsi mövzusuna diqqət çəkir: “Dünya mədəni irsinin qorunması yolları Bakıda müzakirə olunur”.

Qəzet UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumunun iyunun 27-də Bakıda keçirildiyini yada salır. Forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində işə başlayıb və artıq üçüncü dəfədir keçirilir.

Məqalədə deyilir ki, Azərbaycanın bir il müddətinə Komitənin sədri seçilməsi, qurumun tədbirlərini Bakıda keçirməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

UNESKO-nun Dünya İrs Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidənin daxil olduğu, Azərbaycandan həm İçərişəhər, həm də Qobustan qoruğunun siyahıya düşdüyü qeyd olunur: “Ölkəmizdə bir neçə məkanın da UNESKO-nun Dünya İrs Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulub. Hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin, Hirkan Milli Parkının, Naxçıvandakı türbələrin bu siyahıya salınması üzərində iş gedir”, - “Azərbaycan” yazır.

Qəzet sessiya çərçivəsində Azərbaycanda ilk dəfə respublika sənətkarlıq festivalının keçiriləcəyini, bura 100-ə qədər sənətkarın dəvət edildiyini də bildirir. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün "wall art” və "street art” üçün şərait yaradılacaq, festivalı ziyarət edən şəxslər "xalçaçılar kəndi”, "dulusçular məhəlləsi”, "misgərlər qəsəbəsi” ilə tanış olacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG