Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 07:55

Maşallah Əhmədov məhkəmə zalında həbs olundu


Maşallah Əhmədov

Dələduzluqda suçlanan veteran futbolçu Maşallah Əhmədov həbs olunub. Hadisə yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. İstintaq və məhkəmə dövründə ev dustağı olan futbolçu məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Hökmdən öncə Maşallah Əhmədov məhkəmədə son sözünü deyib.

O, Yusif Əzizovla İrandan satmağa mərmər daş gətirdiklərini, amma sözləri düz gəlmədiyindən işlərinin alınmadığını deyib. İş alınmadığına görə Y.Əzizova özünün torpaq sahəsini verdiyini deyən M.Əhmədovla şəriki yenə razılaşmayıb: «Sonra gəldi ki, torpağı istəmirəm. Gətirdiyimiz daşları istədi. Şantaj elədi ki, guya daşları oğurlamışam. Halbuki qarşılığında torpağı vermişdim. Yusif nə istəyir, bilmirəm. Bunu kimlər öyrədir, nə etmək istəyir, bilmirəm. Ev istəyirdi, verdim, amma istəmədi. Dirənib ki, 128 mini verməlisən. Daşları verdim, ev də verdim. Deyirdi ki, mənə kompensasiya da verməlisən. 20 min də kompensasiya verdim. Məni tutdurmaq istəyir? 57 yaşımda başıma ilk dəfədir belə bir iş gəlir. Məni şantaj edirlər».

Buna da bax-'Maşallah Əhmədovu çarpayının altından çıxartdım'

M.Əhmədov çıxışının sonunda Y.Əzizova 30 min pul və 70 min dəyəri olan ev təklif edib. Amma zərərçəkmiş bu təkliflə razılaşmayıb.

«BU, KİMLƏRİNSƏ SİFARİŞİDİR»

Bundan sonra Maşallah Əhmədov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib, həbsinin isə sifariş olduğunu bildirib: «Bu, kimlərinsə sifarişidir. Mən sona qədər savaşacam. Oğluma da deyirəm ki, narahat olmasın. Allahdan başqa heç kimdən qorxmuram. Allah bilir ki, bu şər və böhtandır».

Bundan sonra Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər heyəti müşavirəyə gedib. Qısa müşavirədən sonra Maşallah Əhmədova 8 il həbs cəzası verilməsi haqda hökm elan olunub. Zərərçəkmişlərə dəyən ziyanın bir qisminin ödənilməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.

XATIRLATMA

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən M.Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

Zərərçəkmişlər futbolçunu işə düzəltmək, şərikli biznes qurmaq və s. adlarla pul alıb aldatmaqda günahlandırır.

Maşallah Əhmədov isə ittihamları qəbul etmir, deyilənlərin yalan olduğunu bildirir.

Prokuror veteran futbolçuya 9 il həbs cəzası istəmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG