Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Məşhur futbol veteranı o pulu toplamasa, həbsə girəcək


Maşallah Əhmədov

Dələduzluqda suçlanan veteran futbolçu Maşallah Əhmədovun məhkəməsi bitməkdədir. O, yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinə 45 min manat pulla gələrək, iş üzrə zərərçəkmiş, 128 min manat borclu olduğu Yusif Əzizova pulun bir qismini qaytarmaq istədiyini deyib.

«BU PULU DA ÇOX ÇƏTİNLİKLƏ DÜZƏLTMİŞƏM»

Yusif Əzizov sahibkardır və deyir ki, Maşallah Əhmədov birgə biznes adıyla ondan pul alıb. Razılaşmaya görə, İrandan daş plitələr gətirilib satılmalıymış. Veteran futbolçu Yusif Əzizovdan aldığı pulun bir qismini qaytarıb, hazırda borcun 128 min manatı qalıb.

Maşallah Əhmədov sələmlə, borcla 45 min topladığını, yaxın günlərdə daha 5 min manat gətirəcəyini bildirib. O, qalan məbləği hissə-hissə qaytaracağına söz verib.

«Adamın vəziyyəti bir az pisləşincə, hamı uzaqlaşır. Ətrafında olan 100 nəfərdən 5 nəfər qalır. Bu pulu da çox çətinliklə düzəltmişəm», - Maşallah Əhmədovun sözləridir.

«YA TAM VERSİN, YA DA CƏZALANDIRILSIN»

Zərərçəkmiş kimi tanınan Yusif Əzizov razılaşmayıb və israr edib ki, Maşallah Əhmədov ya 128 min manatı tam şəkildə qaytarmalı, ya da cəzalandırılmalıdır.

Veteran futbolçunun oğlu Kamran Əhmədov 128 min manatı qısa müddətdə düzəldə bilməyəcəklərini, amma qalan məbləği hissə-hissə ödəyəcəklərini bildirsə də, Yusif Əzizov yenə razılaşmayıb.

Bu adamı kiminsə öyrətdiyini iddia edən Maşallah Əhmədov məhkəmədən yanvarın 30-dək möhlət istəyib. O, həmin vaxtadək 128 min manatı toplamağa çalışacağını vurğulayıb. Veteran futbolçu əks halda cəzasını çəkməyə hazır olduğunu da sözlərinə əlavə edib.

Məhkəmə Maşallah Əhmədova yanvarın 30-dək vaxt verib.

XATIRLATMA

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən M.Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə haqqında ilkin istintaq müddəti üçün üçaylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişərək, həbsi ev dustaqlığı ilə əvəzləyib.

Zərərçəkmişlər futbolçunu işə düzəltmək, şərikli biznes qurmaq və s. adlarla pul alıb aldatmaqda günahlandırır.

Maşallah Əhmədovun özü ittihamları qəbul etmir, deyilənlərin yalan olduğunu bildirir.

Prokuror veteran futbolçuya 9 il həbs cəzası istəyib.

XS
SM
MD
LG