Böyük Britaniya parlamentinin 50 deputatı mədəniyyət naziri Liza Nendiyə açıq məktub yazaraq "Maşa və Ayı" cizgi filminin striminq platformalarından yığışdırılmasını tələb edib. "The Guardian" qəzetinin yazdığına görə, buna "Netflix"in cizgi filminin iki yeni mövsümünü alması və yayım lisenziyasını 100-dən çox ölkəyə genişləndirməsi səbəb olub. "Netflix" artıq 11 ildir ki, bu Rusiya cizgi serialını nümayiş etdirir.
Altı partiyanı təmsil edən deputatların fikrincə, Maşanın bəzi hərəkətləri açıq-aşkar "təbliğat" xarakteri daşıyır. Onlar iki konkret epizodu tənqid edirlər: birində Maşa tankçı dəbilqəsi, digərində isə NKVD furajkasına bənzər papaq taxır. Parlamentarilər hesab edirlər ki, bu, azyaşlı uşaqlar arasında sovet hərbi simvollarının adiləşdirilməsinə xidmət edir.
Məktubda Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəylərinə də istinad olunub. Mərkəz iddia edir ki, "Maşa və Ayı" sadəcə cizgi filmi deyil, Rusiyanın "yumşaq güc" alətidir: "Maşanın hərəkətləri ilə digər xalqların adət-ənənələri lağa qoyulur, sovet rəmzləri və hərbi mövzular isə adiləşdirilir".
Bir müddət əvvəl Estoniyanın xarici işlər naziri Margus Tsahkna da bu layihəni "Kremlin yumşaq gücü" adlandırmışdı.
Cizgi filmini istehsal edən Rusiyanın "Animaccord" studiyası isə bütün ittihamları rədd edir. Şirkət rəsmisi Melani Bonviçino bu iddiaları "yalan və böhtan" adlandıraraq, studiyanın heç vaxt dövlətdən maliyyə almadığını vurğulayıb.