Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Martin Skorseze rejissorluqdan dərs deməyə başlayıb


M.Skorseze

Amerikalı kinorejissor Martin Skorseze «Vanity Fair» jurnalına geniş müsahibəsində bu sənəti öyrənmək istəyənlərə dərs demək qərarı, özünün müəllimləri, o cümlədən Akira Kurosava Billi Uaylder haqda danışıb: «Billi Uaylder mənə məsləhətləri ilə çox kömək olub. O mənə bu sahənin necə çalışdığını, ondan nə gözləməli olduğumu öyrədib. Burada siz filmi müəyyən bir məbləğə ərsəyə gətirirsiniz və siz necəsə gəlir götürməlisiniz, ya da ən azı, mayanızı çıxarmalısınız. Bu, növbəti filmi çəkdiyiniz zaman sizə təsir edəcək. O zaman mən hələ öyrənirdim, düşünürdüm ki, həmişə əlimdə hansısa film olacaq, mən onun üzərində işləyəcəyəm. Ancaq o bu məsələyə çox realist və yaxşı yumor hissi ilə yanaşırdı».

«Sənə ən yaxın şeylərin yanında qal»

M.Skorsezenin müəllimlərindən biri də Con Kassavetis olub: «Mən onun «Minni və Moskovits» (Minnie and Moskowitz) adlı filmində səs redaktorunun köməkçisi olmuşam. Mən heç nə etmirdim! Sadəcə, hər yerdə onun ardınca gəzirdim və gec saatlarda filmi redaktə etməsinə baxırdım, o da cürbəcür əhvalatlar danışırdı. Çox maraqlı vaxtlar idi və onun ətrafında olmaq xüsusi bir şey idi. Onun mənə qeyri-adi təsiri vardı. Çünki o …mənə demişdi ki, «Studiya sistemlərinə çox da aşiq olma». Mən hələ də Amerikada kinonun qızıl dövrünün təsiri altında idim. Əlbəttə, o dövr çoxdan keçib getmişdi, ancaq mən bilmirdim. O isə mənə dedi: «Ondan yapışıb qalma, ürəyinin, sənə ən yaxın olan şeylərin yanında qal. Başa çatdırmaq üçün vuruşa biləcəyin bir şey yoxdurmu?». Sonradan onun dediyi şey «Qəzəbli küçələr» (Mean Streets) filminə çevrildi».

Skorseze MasterClass platformasındakı videodərslərində tələbələrinə deyir ki, rejissorlar digər rejissorların filmlərində aktyor kimi oynamaq imkanlarından yararlanmalıdırlar.

Rejissor hesab edir ki, komediya ustası və rejissoru olmaq, xüsusən stendap komediyası son dərəcə çətin işdir: «Auditoriya var və onlar ya sənin tərəfində, ya da sənə qarşıdırlar. Əgər onlar sənə qarşıdırlarsa, sən onları öz tərəfinə çəkməlisən. Bacarmadınsa, sənin filmini yox, ssenari və ya kinematoqrafiyada olan kimisə yox, şəxsən səni rədd edəcəklər. Şəxsən sənə səhnədə hücum edəcəklər. Komediya ustaları döyüşçü kimidirlər və onların çoxunda parlaq zəka var…».

Aktyorluğu

M.Skorseze bir neçə filmdə özünü aktyor kimi sınayıb. Belə filmlərdən biri Akira Kurosavanın «Arzular» (Dreams) filmidir.

«Belə filmlərdə oynamağımın səbəbi davamlı olaraq özümü aktyorların yerinə qoymağa çalışmağımdır. Məsələn, kadrın daxilində hərəkət etmək. Düşünə bilərsiniz ki, aktyor üçün bunu etmək sadə bir şeydir. Ancaq yerişiniz haqda düşünməsəniz, bunu necə edəcəksiniz?

Biz Hokkaydodayıq. Mən Akira Terao ilə birlikdə bir səhnəni oynayıram. Mən tarlada Van Qoqu oynamalıyam. O, iki kamera ilə çəkirdi, yaxından və uzaqdan. Özü də sən heç vaxt bilmirdin indi səni hansı kamera çəkir….

Məşq edirik. Eyni zamanda tərcümə edən prodüser yaxınlaşıb deyir: - «Bəli, çox gözəl! Ancaq sensey (yaponca «ustad» deməkdir) düşünür ki, səhnənin əvvəlində sən sağa getməli, yuxarı, ağaclara baxmalı, çəkməyə başlamalı, replikanı deməli, şəkli çəkib bitirəndən sonra səhifəni cırmalısan». - «Sonra da yerə atmalıyam?» - «Yox, sadəcə, səhifəni aşağı qoymalısan. Bu replikada isə sola tərəf getməlisən…». Və bu belə davam edirdi. Mən də bunu yadımda saxlayıb dərhal edirdim. Ancaq bu o qədər spesifik idi ki.

…Anlayırdın ki, Kurosava aktyorlarla, demək olar, heykəltəraş kimi işləyirdi. Onlara kadrın içində yerlər təyin edirdi», – Skorseze deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG