Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:12

Gürcüstanda Marneuli şəhərinin azərbaycanlı meri saxlanıb


Teymur Abbasov

Gürcüstanda Marneuli şəhərinin meri Teymur Abbasov saxlanıb, ölkə parlamentinin deputatı, müxalifətdən olan “Milli Hərəkat” partiyasının deputatı Azər Süleymanov isə prokurorluqda 6 saatdan çox dindirilib.

Onlar Marneuli rayon sakini Elçin Allahverdiyevin ləyaqətini alçaltmaqda ittiham olunurlar. Artıq prokurorluq deputatın toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib. Adı çəkilən şəxslərin hamısı milliyətcə azərbaycanlılardır.

Azər Süleymanov AzadlıqRadiosuna ittihamları qəbul etmədiyni, hətta cərimə ediləcəyi halda onu ödəməyəcəyini bildirir.

O baş verənləri hakim “Gürcü arzusu” partiyasının “quraması” və siyasi oyunu kimi dəyərləndirir. Azər Süleymanovun iddiasına görə, o deputat mandatından məhrum ediləcəyi təqdirdə təmsil etdiyi “Milli Hərəkat”ın parlamentdəki fraksiyası dağılacaq və hakim partiya da buna çalışır.

Azər Süleymanov adı bu işdə zərərəçəkən kimi hallanan Elçin Allahverdiyevin də “Gürcü arzusu”nun üzvü olduğunu iddia edir:

“Biz onu sadəcə çağırıb söhbət etmişik, özü də “Gürcü arzusu” partiyasının üzvlərinin yanında, yerli deputatların yanında. Onu çağırıb demişik ki, bizim partiyadan olmaya-olmaya niyə adımızdan danışmısan? Bir də ona demişik ki, düşmən belə olsa ailə toxunulmazdı, belə qələt eləmisənsə üzr istə. Açdım qapını dedim ki, rədd ol burdan. Amma ona əl vurmamışıq”.

Azər Süleymanov Elçin Allahverdiyevin ləyaqətinin alçaldılmasını da qınayır:

“XXI əsrdə insan nə ifadə işlətsə də, hüquq-mühafizə orqanları var və bunun cavabını hüquq, dövlət verməli idi. Amma bu işi Teymur Abbasov, ya kim edib deyə bilmərəm. O da günahını boynuna almır. Amma hamı bilir ki, bunu mən etməmişəm”.

Elçin Allahverdiyevin etiraz aksiyası zamanı sosial mediada canlı yayımda “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanaşvili və Marneulinin meri Teymur Abbasovun arvadını ağır sözlərlə təhqir etdiyi deyilir. Amma bunlar Gürcüstan mediasında yayılan xəbərlərdir. AzadlıqRadiosu Elçin Allahverdiyevin özü ilə əlaqə saxlayıb haqqında deyilənlərlə bağlı fikır öyrənə bilməyib.

Bundan sonra Elçin Allahverdiyevin “Milli Hərəkat” partiyasının ofisinə çağrıldığı, daha sonra Teymur Abbasovla görüşə aparıldığı, merin onu döydüyü və fiziki təhqir etdiyi etdiyi deyilir.

O həmin ittihamla 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər. Hələlik Teymur Abbasovun yaxınları, ya da vəkillərinin bu ittihamla bağlı mövqeyi səslənməyib.

XS
SM
MD
LG