Keçid linkləri

2025, 26 Yanvar, bazar, Bakı vaxtı 10:26

Çin Almaniyada Karl Marksa nəhəng heykəl qoyur


Trir şəhəri Karl Marksın abidəsinin açılışına hazırlaşır
Trir şəhəri Karl Marksın abidəsinin açılışına hazırlaşır

Karl Marksın 200 illik yubileyi onun Almaniyada doğulduğu şəhərdə keçirilir və AzadlıqRadiosu müxbirinin yazdığına görə “inqilabi filosofun” bu iki əsrlik ad gününün keçirilməsi də onun özü kimi ziddiyyətlərə səbəb olub.

Qərbdə “yolunu azmış utopist” və kommunizm ideologiyasını bəşəriyyətə sırımız birisi kimi qiymətləndirilən Marksa, məsələn, Çində bugünədək sitayiş edirlər və onu “tarixin ən böyük mütəfəkkiri” sayırlar.

Marksın mayın 5-də Trir şəhərində keçirilən yubiley tədbirlərinə elə Çinin maliyyələşdirdiyi 5, 5 metrlik heykəlin açılışı da daxildir.

“Das Kapital” müəllifinin bu abidəsinin Çindən hədiyyə kimi qəbul edilməsi barədə qərarı Trir şəhər bələdiyyəsi səsvermə yolu ilə ötən il qəbul edib.

Heykəlin müəllifi Çin rəssamı Vu Veysandır.

Şəhər meri Wolfram Leibe deyib ki, belə bir qərarın qəbul edilməsində Trir şəhərini hər il 150 min çinli turistin ziyarət etməsi əsas rol oynayıb.

Leibe Marksın Almaniyanı 40 il ikiyə bölmüş bir ideologiyanın müəllifi olmasına əhəmiyyət vermir. O deyir ki, abidə “insanların Marks və onun əsərlərinə marağını artıracaq”.

Lakin hamı belə düşünmür. Berlində keçmiş siyasi məhbusların həbsxana-muzeyinin direktoru Hubertus Knabe Los Angeles Times qəzetinə deyib ki, “kommunist sisteminin bir çox qurbanları üçün qərbi Almaniya şəhərlərindən birində belə bir abidənin qoyulması çətin dərk olunan məsələdir”.

Şəxsən Juncker gələcək

Minlərlə insanın iştirak edəcəyi gözlənilən şənliklərdə “Das Kapital” adlı şərab və üstündə Marksın şəkli olan “0” avroluq əskinaslar satılacaq. Əlbəttə belə kapitalistcəsinə yanaşma, sağ olsaydı, Marksın heç də xoşuna gəlməzdi.

Küçələrdə Marksın 500-dək miniatür fiqurları düzüləcək, piyada svetoforlarında isə yaşıl işıqla birlikdə Marks da görünəcək.

Trir şəhərinin svetoforlarında Marks
Trir şəhərinin svetoforlarında Marks

Bu tədbirdə bir sıra Almaniya millət vəkillərinin iştirak edəcəyi, Avropa Komissiyasının prezidenti Jean-Claud Juncker-in isə nitq edəcəyi gözlənilir.

Juncker-in bu təbirdə nitq etmək niyyəti güclü tənqidlərə səbəb olub. Bir çoxları onu kommunizm ideologiyasının ucbatından həyatını itirənlərin ruhuna hörmətsizlikdə ittiham edirlər.

Lakin Avropa Komissiyasının sözçüsü, Juncker-in Trirdə nitq söyləmək qərarını müdafiə edib. O deyib ki, Marks “tarixi formalaşdırmış şəxsiyyətlərdən” biridir və onun haqqında danışmamaq “tarixin inkarı” olardı.

Lakin Çinin Marksın ildönümü tədbirlərində fəal iştirakı Trirə çox sayda Falun Gong fəallarını da cəlb edib. Onlar burada Pekinin onların təriqətini təqib etməsinə və minlərlə təriqətçini həbsxanalara salmasına etiraz edəcəklər.

Tarixdə “ən böyük mütəfəkkir”

Bu arada Çinin özündə Marksın yubileyinin böyük təntənə ilə qeyd edilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Marksın ideologiyası Çinin siyasi sisteminin əsasını təşkil edir.

Çin prezidenti Xi Jinping mayın 4-də Pekinin Böyük Xalq Sarayında etdiyi nitqdə Marksı “bəşər tarixinin ən böyük mütəfəkkiri” adlandırıb.

Xi deyib ki, Marksın “qüdrətli ideologiya silahı bizə dünyanı başa düşmək, qanunlara əməl etmək, həqiqəti axtarmaq və dünyanı dəyişməkdə kömək edir”.

Ötən həftə Çin lideri öz həmkarlarını Kommunist Manifestini oxumağa çağırıb. Mayın 5-də Pekinin Marksizm Universitetində böyük ümumdünya forumu açılacaq.

Çinin dövlət televiziyası bu günlərdə “Marks haqlıdır” adlı 5 hissəli teleserialın yayımına başlayıb. Bu günlərdə ölkə qəzetləri Marksın portretlərini və onu mədh edən məqalələri dərc edir.

Lakin bir çoxları, mahiyyət etibarilə kapitalizmi qəbul etmiş Çinin Marks canıyananlığına kinayə ilə baxırlar.

Honq Konq Universitetinin professoru Kenji Starrs South China Morning Post qəzetinə deyib: “Əgər Çin xalqı Marksın konsepsiyasını ciddi şəkildə öyrənsəydi, başa düşərdi ki, bugünkü Çinin Marksla heç bir əlaqəsi yoxdur”.

XS
SM
MD
LG