Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Markes bir cümlədə bütöv bir dünya yaradıb


Q.Q.Markes
Q.Q.Markes

Amerikalı yazıçı, «Ayın giriş qapısı» romanının müəllifi Meri Morris 1970-ci illərdə magistr təhsilini yarımçıq qoyub vaxtaşırı gizlicə yazırmış, ancaq yazıçı olmağa ümidi yox imiş. Çünki o zaman qadınların yazıçı olması, az qala, qeyri-mümkün sayılırdı. Ancaq uyğun vaxtda gərəkən kitab onu tapıb. Həyatının qara, şübhələrlə dolu məqamında Qabriel Qarsiya Markesin məşhur «Yüz ilin tənhalığı» romanı dadına çatıb.

Pasporta möhür vurulan an

Bu romanın köməyi ilə Morris seçdiyi həyat yoluna yenidən baxa bilib. Romanın giriş cümləsi yazıçını bütün yaradıcı fəaliyyəti boyu heyran edən mövzulara işıq salıb. Onların arasında uşaqlıq, ailə, ənənə və yaddaşın gücü, keçmişin indini qarabaqara izləməsi kimi maraqlı mövzular var.

«Anisfield-Wolf» kitab mükafatı laureatı M.Morris «Caz sarayı» da daxil olmaqla, yeddi romanın müəllifidir. Onun «Anamın qanadı altında» adlı qısa hekayəsi «The Atlantic» jurnalının buaykı nömrəsində dərc olunub.

«Daim səyahət etməyi, səyahət haqda yazmağı və pasporta möhür vurulan anı sevmişəm. Bu hekayənin ilk sətrini oxuyanda mənə elə gəldi ki, indicə pasportuma möhür vurdular. Tamamilə fərqli, bu vaxta qədər gördüyüm, bildiyim və təsəvvür etdiyim dünyalardan kənar bir aləmə ayaq basdım.

Qabriel Qarsiya Markes. «Yüz ilin tənhalığı»

«Uzun illərdən sonra, divar dibində dayanıb, güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub, buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq...».

Bəs Markesin belə bir ecazkar açılış cümləsini necə yaradıb? Bu cümlədə həm labüd ölüm, həm təhlükəli siyasət aləmi, həm sonsuz maraq hissi, həm də uşaqlıqda edilmiş bir səyahət var. … Markesin özü daim sehrli realizmi yox, yaşadıqlarını yazdığını deyirdi…», – yazıçı xatırlayır.

«Bütün həyatın içində yaşayır»

«Markes elə bir hiss ötürür ki, sanki keçmiş bizə çox yaxın və əlçatandır, sadəcə, indinin sərhədini keçən kimi əlimiz ona çatacaq. Həmin an öz həyatım da xatirələrlə dolu idi. Evdən uzaqda idim, öz ailəmlə, uşaqlıqda valideynlərimlə birlikdə etdiyim şeylərlə bağlı xatirələrə dalırdım... Bir növ Markesin bu açılış cümləsi mənə öz xatirələrimə, uşaqlığımın o işıqlı anlarına daha dərindən dalmaq imkanı verdi. «Yüz ilin tənhalığı» və onun bütöv bir nəsli əhatə edən surətləri sayəsində mən, nəhayət, daha böyük, əhatəli baxışla şəxsi hekayəyə necə qucaq aça biləcəyimi anladım.

Anladım ki, bircə kitabda bir çox nəsli, illərlə davam edən şəcərəni əhatələmək olar və bu məni heyrətə gətirdi. Məhz Markesin sayəsində mən də çox sonralar yazdığım romanlarda bunu edə bildim. Mən «Ayın giriş qapısı»nı yazmağa başlayanda 500 il öncə yaşamış, İnkvizisiyanı görmüş adamlardan yazmağın çətinliyini anladım. «Yüz ilin tənhalığı» mənə belə bir hekayəni qələmə almağa cəhd edə biləcəyimi xatırlatdı. Sadəcə, bu surətlərin mübarizəsini, təəssüf və hisslərini təsəvvür etmək lazım idi. Məncə, bunu etməyin bir yolu surətin həyatı boyu dönə-dönə qayıda biləcəyi arxetipik anlardır.

Atamın 80 yaşı tamam olanda ad gününü təbrik etmək üçün ona zəng vurdum. Ancaq onun ağladığını görüb təəccübləndim. O mənə daha öncəki gecə yuxuda 4 yaşında yaşadıqlarını gördüyünü dedi. O, artıq çoxdan silinmiş bir xatirənin yenidən bərpa oluna biləcəyini görüb heyrətə gəlmişdi. «Bütün həyatım içimdə yaşayır», - o deyirdi. «Yüz ilin tənhalığı»nın ilk cümləsini oxumaq da bu hissi… xatırladır. Bütün həyatın daim içində yaşayır, Sənin gəlib onu tapmağını gözləyir…», – M.Morris yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG