Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:37

Antimüharibə rəsminə görə atası tutulan qız uşaq evindən çıxarılıb


Aleksey Moskalyov məhkəmədə
Aleksey Moskalyov məhkəmədə

Atası Rusiya ordusunu nüfuzdan salmaqda təqsirli bilinəndən sonra uşaq evinə göndərilən 13-yaşlı qızı anası götürüb. Bu haqda Kremlin insan haqları komissarı aprelin 5-də açıqlama yayıb.

Mariya Moskalyova məktəbdə müharibəyə qarşı rəsm çəkəndən sonra özü uşaq evinə göndərilib, atası isə məhkum edilib.

İnsan haqları komissarı Mariya Lvova-Belova deyib ki, o, yeniyetmə üçün qəyyum ailə axtardığını deyəndən bir gün sonra qızın anası onu uşaq evindən götürüb.

Lvova-Belova ərindən çoxdan boşanmış anayla görüşdüyünü söyləyib. Qız əvvəlcə anasıyla yaşamaqdan imtina edirmiş, sonra fikrini dəyişib.

Ana Olqa Sitçixina qızının 2 yaşından bəri onun böyüməsində iştirak etməyib, hazırda Tambov vilayətində digər nikahından olan 17-yaşlı qızıyla birlikdə yaşayır.

Moskalyov Belarusda saxlanıb

Moskalyovanın atası Aleksey Moskalyova qarşı cinayət işi insan haqları qurumlarının tənqidinə səbəb olub. Moskalyov Moskvanın cənubunda yerləşən Yefremov şəhərində ona hökm oxunmazdan öncə ev dustaqlığından qaçıb. Martın 28-də ona “Rusiya silahlı qüvvələrinin nüfuzdan salınması” ittihamı üzrə iki il qiyabi həbs cəzası kəsilib. Rusiya hakimiyyəti ötən ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayandan işğalı tənqid edənlərə qarşı bu ittihama əl atır.

54-yaşlı Moskalyov iki gün sonra Belarusda saxlanıb. Yefremov məhkəməsi aprelin 6-da prokurorların onu valideynlik hüququndan məhrum etməklə bağlı vəsatətinə baxmalıdır.

Mariya Moskalyova
Mariya Moskalyova

Vəkili və tərəfdarlarının dediyinə görə, Moskalyovun qızının müharibəyə qarşı çəkdiyi rəsm atasının cəzalandırılmasına yol açıb. Rusiya bayrağı tərəfdən ana və qızına tuşlanmış raketlərin təsvir olunduğu rəsmin üstündə “Müharibəyə yox”, “Ukraynaya eşq olsun” sözləri yazılıb.

Məktəb polis çağırıb, qız dindirilib. Moskalyov cərimələnib, sonra sosial media postlarına görə mühakimə olunaraq təqsirli bilinib.

XS
SM
MD
LG