Macarıstanın Baş naziri Viktor Orban deyir ki, aprelin 6-da Rusiya Prezidenti Vladimir Putinlə danışıb və ondan Ukraynada dərhal atəşkəs elan etməyi xahiş edib.
Orban Putini Macarıstana – Ukrayna, Fransa prezidentləri və Almaniya kansleri ilə danışıqlara dəvət etdiyini deyib. Onun sözlərinə görə, Putinin reaksiyası “müsbət” olub, amma deyib ki, bunun üçün şərtləri olacaq.
“Prezident Putinə dərhal atəşkəs elan etməyi təklif etdim”, – deyən Orban Putinin ona zəng etdiyini söyləyib.
Putinlə yaxşı münasibətləri olan Orbanın sözlərinə görə, Budapeştdə keçirilməsi təklif edilən danışıqlarda dərhal atəşkəs müzakirə olunmalıdır, çünki sülh danışıqları daha uzun çəkir.
Bazar günü – aprelin 3-də dördüncü müddətə seçilmiş Orban bir daha Rusiyanın qonşu Ukraynaya hücumunu pisləyib, bunu “təcavüz” adlandırıb.
Amma Orban Aİ-nin Rusiya neft və qazına sanksiyalarına, yaxud Qərbin onun ərazisindən Ukraynaya silah göndərməsinə qarşı çıxır.
11 humanitar dəhliz açılmalıdır
Baş nazirin müavini İrina Vereşçuk 11 humanitar dəhlizin açılacağını deyir. O, aprelin 6-da Telegram kanalında yazıb ki, Mariupoldan çıxmaq istəyənlər öz şəxsi maşınları ilə gedə bilərlər.
Beynəlxalq müşahidəçilər Mariupoldakı vəziyyəti “apokaliptik” adlandırır.
O, avtobus karvanlarından başqa marşrutlarda istifadə olunacağını deyib.
İndiyədək Mariupoldan evakuasiya cəhdləri əsasən alınmayıb, tərəflər buna görə bir-birini ittiham edib.
***
Ukraynanın cənub-şərqində mühasirədə olan Mariupol liman şəhərində ağır döyüşlər gedir, Rusiya şəhərə zərbələr endirir. Məlumatı aprelin 6-da Britaniya hərbi kəşfiyyatı yayıb.
Britaniyanın Müdafiə Nazirliyi şəhərdəki 160 min sakinin çoxunun işıq, kommunikasiya, dərman, istilik və susuz qaldığını bildirir.
“Rusiya qüvvələri humanitar girişi əngəlləyib, müdafiəçilərə təslim olmaq üçün təzyiq göstərməyə çalışır”, – bəyanatda deyilir.
AzadlıqRadiosu bu məlumatı müstəqil təsdiqlədə bilməyib.
NATO yeni hücum gözləyir
Qərb rəsmiləri Kiyev ətrafından çəkilən Rusiya qüvvələrinin Ukraynanın şərqinə və cənubuna yerləşdirilmək üçün qruplaşdığını bildirir. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunda yeni döyüşlər gözlənir.
NATO başçısı Yens Stoltenberq deyib ki, alyans Rusiyanın Donbası bütünlükdə ələ keçirmə və işğal etdiyi Krımla quru əlaqəsi yaratmaq üçün “bir neçə həftəyə” hücuma keçəcəyini gözləyir.
Xeyli dağıdılmış Mariupol liman şəhəri də bu regiondadır.
Bir gün öncə isə Mariupol və digər yerlərdən adamların evakuasiyası davam edib. Aprelin 5-də humanitar dəhlizlərlə 3 min 800-dən çox insan çıxa bilib. Bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib.
Onun sözlərinə görə, Mariupoldan evakuasiyaya hazırlaşan yeddi avtobusluq karvan Rusiya blokadasını yara bilməyib.
Rusiyanın mövqeyi
Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna qüvvələrinin evakuasiya cəhdini “sinik şəkildə pozduğunu” bildirib.
Avtobusların Berdyansk şəhərindən adamları çıxara bildiyi, onların içində Mariupol sakinlərinin də olduğu xəbər verilir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarının aprelin 4-də yaydığı məlumata görə, Rusiyanın müharibəsi nəticəsində 1480 dinc sakin öldürülüb, 2195 nəfər yaralanıb.
BMT real ölü və yaralı sayının daha yüksək olduğuna inanır, çünki əməliyyatlar gedən bəzi yerlərdən informasiya yubanır, bir çox məlumatlar isə təsdiqlənməlidir.