Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Nelson Mandela məhbəsdən nə yazırdı


Nelson Mandela-nın 27 illik həbsi zamanı yazdığı uzun, dərin mənalı məktublar dəyişikliyin mütləq qalib gələcəyini göstərir.

Bu həftə Nelson Mandelanın 100 yaşı tamam olur. Cənubi Afrikanın ilk qaradərili prezidentinin məhbəsdən yazdığı məktublardan görünür ki, o, mübarizəsinin tarix yazacağına, ideyalarının bir gün qalib gələcəyinə zərrə qədər şübhə etməyib.

1964-cü ildə Rivoniya məhkəməsinin yekununda hakim ona ömürlük həbs cəzası kəsəndə də, 45 yaşında 466 saylı məhbus olaraq Robben adasındakı həbsxanadakı kiçicik kameraya salınanda da, hətta 1969-cu ildə, böyük oğlu Thembi avtomobil qəzasında həlak olanda da Mandelanın buna şübhəsi olmayıb. Oğlu anasının vəfatından bir ildən də az vaxt keçmiş həlak olub. Mandelanın nə anasının, nə də oğlunun dəfnində iştirakına icazə verilib.

250 MƏKTUBUN YARISI DƏRC OLUNMAYIB

Ədalətin qələbəsinin labüdlüyü onun "Azadlığa aparan uzun yol" (Long Walk to Freedom) adlı məşhur avtobioqrafiyasının əsas mesajı idi.

Bu mənada Mandelanın kitabı tək deyil. Bu mesaj XX əsrin sonlarında bu mövzuda yazılmış digər kitabların da əsas xəttini təşkil edirdi.

Mandelanın saxlandığı həbsxananın nəzarətçisi James Gregory-nin "Əlvida, Bafana" (Goodbye Bafana) kitabı 2007-ci ildə eyni adlı filmin ssenarisinə çevrilib.

Cənubi afrikalı millət vəkili və aparteidə qarşı kampaniya aparan Peter Hain-in yazdığı "Mandela: onun əsas həyatı" (Mandela: His Essential Life) adlı yığcam və informativ kitabda da, nəvəsi Ndabanın babasının sevgisi və nəsihətlərinə həsr etdiyi "Dağlara getmək: babam Nelson Mandelanın öyüdləri" adlı memuarlarında (Going to the Mountain: Life Lessons from My Grandfather, Nelson Mandela) da bu mesajı aydın görmək olur.

Seçilmiş 250 həbsxana məktubunun yarıya qədəri əvvəllər heç vaxt dərc olunmayıb. Mandela bu məktubları az sayda yaxın adamına – həyat yoldaşı Winnie, uşaqları və köhnə dostlarına və mübarizə yoldaşlarına ünvanlayıb.

Ailə məktublarından görünür ki, daha öncə yazılan məktublar vaxtında çatdırılmırmış. Buna görə buradakı öyüdlərin bir hissəsi məktubu ailə üzvlərindən öncə oxuyacaq senzorlara ünvanlanırdı.

Mandela yazıb göndərdiyi məktubların qeydiyyatını aparırdı. Özü də bu işi hüquqşünas səliqəsi və dəqiqliyi ilə görürdü.

NƏZARƏTÇİLƏRİN TƏŞVİŞİ

Hətta çox zaman əbəs yerə yazdığını, məktubun ünvanına çatmayacağını bildiyi halda belə, o, səbirlə öz fikirlərini qələmə alırdı. Özü də bu zaman nadir hallarda qəzəb, yaxud çarəsizliyin üzə çıxmasına imkan verirdi. “Həqiqətin içində yaşamaq" fəlsəfəsi daha çox digər böyük məhbəs yazarının - Václav Havelin adı ilə assosiasiya olunur.

Nelson Mandela (solda) keçmiş arvadı Winnie Madikizela-Mandela və başqa qohumlarla
Nelson Mandela (solda) keçmiş arvadı Winnie Madikizela-Mandela və başqa qohumlarla

Mandela məktublarında özünü azad insan kimi göstərirdi. Onun nəhəng səbir dolu bu tonu şübhəsiz ki, onun həbsxana nəzarətçilərini təşvişə salırdı.

Mandelanın özü də bəzən vurğulayırdı ki, bu tonu onun Robben adasındakı gündəlik həyatının reallıqları ilə qarışdırmaq böyük səhv olardı. Burada onun günləri, əsasən, həbsxananın həyətində oturub ağır çəkiclə iri daşları parçalamaqla keçirdi. Məktublar qətiyyən bu dünyanı əks etdirmirdi, əksinə, Mandelanın həmin dünyadan qaçışı idi.

1976-cı ildə, ilk həbsindən 14 il keçmiş öz həyat yoldaşına yazırdı ki, yazdığı anlarda bir şeyi hiss edir: "Bir gün bəşəriyyət yenidən müqəddəslər doğura bilər və onlar gördükləri hər işi insanlığa həqiqi sevgi ilə görərlər". Mandelanın bu yazılı ritorikası o qədər cəlbedici idi ki, onun özünü belə daha çox ilhama gətirirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG