Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:11

'Manatın devalvasiyasının FED-ə dəxli yoxdur'


FED-in sədri Janet Yellen
FED-in sədri Janet Yellen

Amerika Mərkəzi Bankı – Klivlend Federal Ehtiyat Bankının prezidenti və baş icraçısı Loretta Mester Federal Ehtiyat Sisteminin (ingiliscə qısaltması - FED) faiz artırmaq məsələsinə "rahat" baxdığını bildirib.

O, Sinqapurdakı çıxışında deyib: “İqtisadiyyat indiki şəkildə sürərsə, faiz artımından rahatam. Fikrimcə, faizlər zamanla, mərhələ- mərhələ artırılmalıdır. Məncə, iqtisadiyyatın indiki durumu faiz artırmağın gərəkliliyini gündəmə gətirir. Amma bunu deyə bilərəm ki, FED-də heç kim sərt şəkildə faiz artırmağı düşünmür".

Buna da bax:​ Azərbaycan iqtisadi baxımdan 'nisbətən azad'dır

FED-in Filadelfiya rəhbəri Patrik Harker qrumun 14-15 martda keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağını istisna etməyib.

“Bunu deyə bilərəm ki...”

FED-in bir çox rəhbər üzvü faiz artımını dəstəkləyir. Qurum fevralın 1-də keçirilən son iclasında uçot dərəcəsini dəyişməyərək, 0.5-0.75 səviyyəsində saxlayıb. FED rəhbəri Janet Yellen yanvarda bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırırlar. Dəqiq vaxt və templər barədə məlumat verməyən J. Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq:

“FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın yetərincə güclü qalmasına əmin olmalıyıq”.

Buna da bax:​ FED rəhbərindən faiz artımı siqnalı

FED son dəfə ötən il dekabrın 14-də uçot dərəcəsini artırıb.

“Azərbaycanda kəskin devalvasiya ola bilər”

Dolayı da olsa, FED-in faiz artımı manata təsir göstərir. Bu halda “Azərbaycan Mərkəzi Bankı (AMB) FED-in mümkün faizartırma qərarına nə dərəcədə hazırdır” sualı aktuallıq qazanır.

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, FED, böyük ehtimalla, bu il faiz dərəcəsini bir neçə dəfə artıracaq: “Nəticədə dollar dünyada da, Azərbaycanda da bahalaşacaq. Axı manat heç dollar bahalaşmadan da ucuzlaşmağa məhkumdur. Azərbaycanda kəskin devalvasiya ola bilər və bu baxımdan rahat ola bilmərik”.

“Hökumət və Mərkəzi Bank FED-in faiz artımına hansı dərəcədə hazırdır” sualını ekspert belə cavablayıb: “Təbii, bunu gözləyirlər, amma problemin öhdəsindən gəlib-gəlməməkləri başqa məsələdir. Ümid edirəm ki, yaxında real islahatlara başlayacaqlar”.

Buna da bax:​ Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...

“İqtisadi göstəricilər FED-in gözləntisi kimi olarsa…”

İqtisadçı ekspert Ülvi Əmrahsoy bildirir ki, fevral və mart aylarında ABŞ-dakı iqtisadi göstəricilər FED-in gözləntisi kimi olarsa, martın sonunda uçot dərəcəsi artırılacaq: “Ümumiyyətlə, Azərbaycanda üzən məzənnə olmadığından, FED-in faizləri artırmasının bizə birbaşa təsiri olmur. Amma bu manatın ucuzlaşmasına bəhanə verir”.

“Hökumət heç bir ciddi tədbir görmür”

Buna da bax:​ FED uçot dərəcəsini dəyişmədi, ancaq...

Ekspertin fikrincə, hökumət olası faiz artımının mənfi təsirlərini azaltmaq üçün heç bir ciddi tədbir görmür: “AMB indi sərt pul siyasəti aparır. Bu siyasət, əsasən, inflyasiyanın qarşısını almağı hədəf götürür. Manatın ucuzlaşmasının FED-lə birbaşa əlaqəsi olmadığından, AMB ciddi tədbirlər görə bilmir. Amma ola bilər ki, AMB uçot dərəcəsini yenə artırsın. İndi uçot dərəcəsi 15 faizdir. Bu isə, öz növbəsində, bir müddət manatın ucuzlaşmasının qarşısını ala bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG