Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

190 manatdan ötrü müraciət müddəti başa çatdı


Atanı infarkt vurub, işsiz qalıb, 190 manat yardımı ala bilmir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Atanı infarkt vurub, işsiz qalıb, 190 manat yardımı ala bilmir

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.

Bu barədə bugün, aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, koronavirus pandemiyası ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur: "Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq. Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb".

Nazirlik bildirib ki, daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir: "Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, (e-informasiya bazalarının məlumatları əsasında) ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu müəyyən edilən şəxslər diqqətdə saxlanır...".

Prezidentin sərəncamı və ziddiyyətlər

Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı ilkin olaraq 1 milyard manat ayrılıb. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.

Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər. Habelə, pay torpaqlarına görə subsidiya almış şəxslərə də bu yardımın edilməyəcəyi vurğulanırdı. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslərin də bu yardımdan kənarda qalacağı qeyd edilmişdi.

Daha sonra isə prezident göstəriş verdi ki, həmin 190 manatı alan şəxslərin sayı 600 minə çatdırılmalıdır.

Ziddiyyət

Artıq bir çox şikayətlərə görə, VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olan şəxslər bu yardımdan kənarda qalıb. Hətta bəzi şikayətçilər qeyd ediblər ki, onların VÖEN-ləri dondurulub, çünki faktiki işsizdirlər.

Lakin müraciətlərin qəbulunun dayandırılmasından iki gün əvvəl, şənbə günü İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur: "VÖEN, sadəcə, nömrədir. Buna görə imtina alınıbsa, bugün də təkrar müraciət edə bilərlər...".

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 207 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Amma bugün, aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olacağı vurğulanıb. Bu tarixdən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG