Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 03:04

Banklar dolları 'qara bazar' qiymətinə satmağa başlayacaq


Dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 11-də valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizini, yəni marjanı (-/+4%) ləğv edib. Bu barədə AMB artıq Mərkəzi Poçta və banklara məktub da göndərib. Marjanın tətbiqi birmənalı qarşılanmamışdı. Ekspertlər hesab edirdi ki, əgər ölkədə üzən məzənnə rejimi mövcuddursa, marja tətbiq edilməməlidir. Üzən məzənnə məsələsi Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qəbulu ilə yenidən gündəmə gəldi. Sənəddə qeyd olunur ki, 2017-ci ildə tam üzən məzənnə rejiminə keçiləcək.

ZİDDİYYƏTLİ AÇIQLAMALAR

Əslində, çaşqınlığa səbəb AMB-nin açıqlamaları idi. AMB ötən il bəyanat vermişdi ki, 2015-ci il dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu qərardan bir neçə gün sonra, yanvarın 8-də (2016) AMB mübadilə əməliyyatları zamanı rəsmi məzənnənin +/-4%-i məbləğində marja qoydu.

Buna da bax-'Manat üzərində basqının davam edəcəyi gözlənilir'

Məsələ bundadır ki, üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Ekspertlər marja qoyulmasının üzən məzənnə rejiminə uyğun olmadığını dedilər. Sonralar AMB idarəolunan məzənnə rejiminin mövcudluğundan danışdı. Üzən-tənzimlənən rejimdə isə məzənnə, əsasən, tələb-təklif əsasında müəyyən edilsə də, mərkəzi banklar kəskin tərəddüdləri əngəlləməkdən ötrü aktiv fəaliyyət göstərir.

Ülvi Əmrahsoy
Ülvi Əmrahsoy

Ancaq, deyəsən, hökumət və AMB bu dəfə ciddidir. Bəs, tam üzən məzənnə rejimində manatın taleyi necə olacaq? Artıq marja da ləğv olunur. Banklar valyutanı istədiyi qiymətə alıb, istədiyi qiymətə satacaq. Bu arada valyuta hərracı yeni formatda keçirilir. Yanvarın 12-də keçirilən ilk belə hərracda dollar bahalaşıb.

«SABİT MƏZƏNNƏ İSTİFADƏ EDƏN ÖLKƏLƏR GEC-TEZ...»

İqtisadçı-ekspert Ülvi Əmrahsoy deyir ki, sabit məzənnə rejimi olan ölkələrdə hər zaman satış limitlə olur: «Marjadan kənara çıxılmasına icazə verilmir. Ümumiyyətlə, sabit məzənnə istifadə edən ölkələr gec-tez bunun acı nəticəsi ilə qarşı-qarşıya qalırlar. Hətta Çin dollar qarşısında ixrac potensialını artırmaqdan ötrü, az da olsa, devalvasiyaya getməyə məcbur oldu».

Buna da bax-'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'

Onun fikrincə, hazırda manatın məzənnəsi hərracda satılan dolların miqdarından asılıdır: «Marja ləğv olunarsa və banklara tələb olunan qədər dollar satılarsa, banklarda müştərilərin tələbini ödəyərsə, «qara bazar»ın önəmi azalacaq. Banklar dolları «qara bazar» qiymətinə satmağa başlayacaq. Bu isə 1.90 manat civarında satış deməkdir».

Vüqar Bayramov
Vüqar Bayramov

«BU, HEÇ DƏ ARZUOLUNAN DEYİL»

Digər iqtisadçı Vüqar Bayramova görə, marjanın ləğviylə Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək: «Amma AMB bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka builki 7.5 milyard manatlıq transfertlərinə baxmayaraq, manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunacağı güman edilirdi. Amma belə görsənir ki, bu, daha tez baş verə bilər. Amma AMB-nin qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil».

Ekspert təəssüflə bildirir ki, ötən 2 il yarımda mili valyuta liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Onun fikrincə, liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə, o zaman dollar yenidən bahalaşacaq.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG