Bu həftə manatın taleyi ilə bağlı açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov yenidən təhlilçilərin diqqətini öz üzərinə çəkdi. Elman Rüstəmov dedi ki, ilin sonuna qədər manat bahalaşa bilər.
Baş bankir fikrini əsaslandırmaqdan ötrü tədiyyə balansının vəziyyətinin yaxşılaşması və neftin bahalaşması kimi faktorları göstərdi.
“Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”, - deyə Elman Rüstəmov bildirib.
Buna da bax: E.Rüstəmov: 'Manat bahalaşa bilər'
“FED faizi artırmadı...”
“Dollara tələb artırsa, nədən manat möhkəmlənir?”
Ekspertlərdən Toğrul Cuvarlı AzadliqRadiosu-na deyib ki, Elman Rüstəmovun fikirlərində müəyyən əsaslar var:
“Birinci amil ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizi artırmamasıdır. Dünya bazarında tələblə təklifin müəyyən balansı qalır. İkinci amil neftin qiymətinin artmasıdır”.
Toğrul Cuvarlı hesab edir ki, məzənnə nöqteyi-nəzərindən dövlət özünü rahat hiss edir. Amma 2018-ci ildə problemlər ola bilər. Onun fikrincə, əsas problem odur ki, dövlətin borcu artdıqca valyutaya tələb də artır:
“Borclar isə artmaqdadır. Məsələ ondadır ki, dövlət ixracata başlayanda gərək manat ucuz olsun. Konkret olaraq, hökumət kənd təsərrüfatının ixracatında manatın məzənnəsinin aşağı olmasına çalışmalıdır…”
Buna da bax: Elman Rüstəmov: 'Manat sabitləşib'
“Manat üzmür…”
"Borclar isə artmaqdadır. Məsələ ondadır ki, dövlət ixracata başlayanda gərək manat ucuz olsun..."
İqtisadçı-alim Nazim Bəydəmirlinin fikrincə isə, Elman Rüstəmovun açıqlaması göstərir ki, manatın kursunu bazar, üzən məzənnə deyil, inzibati qaydalar müəyyən edir.
Nazim Bəydəmirli sual edir:
"Əgər manat bahalaşırsa, o zaman Mərkəzi Bankın ehtiyatları niyə azalır? Bəlkə hökumət neftin qiymətinin yüksələcəyini və nəticədə valyutanın çoxalacağını ehtimal edir?"
“İlin sonunda dollar tələbat artır”
Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?
İqtisadçı vurğulayır ki, bunlar ehtimallardır:
“Azərbaycanın son illərdəki praktikasını nəzərə aldıqda, dollar ilin sonuna bahalaşmağa meylli olur. Ümumiyyətlə, bütün ölkələrdə belə vəziyyət yaranır. Əksər ölkələrin kommersiya banklarının xaricdən aldığı vəsait dollardır, ilin sonunda onları geri qaytarmaq aktuallaşır”.
"Dollar ekvivalentində vətəndaşın aldığı maaş çox aşağı səviyyədədir..."
Nazim Bəydəmirli bildirir ki, baş bankirin açıqlaması manatın kursunun bazara adekvat olmadığını da göstərir:
Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]
"Yəni inzibati yolla saxlanılır. Daha çox manat kütləsi yaratmaq üçün bu addımlar atılır. Çünki dollar ekvivalentində vətəndaşın aldığı maaş çox aşağı səviyyədədir. Ona görə ölkəyə gətirilən məhsulların əksəriyyəti valyuta ilə olduğundan vətəndaşlar dolların kursunun sabit olmasında maraqlıdırlar. Amma obyektiv səbəblər də var, ilk növbədə ilin sonunda dollara tələb yüksəlir. Tətillər başlayır, vətəndaşlar xaricə istirahətə getməyə üstünlük verir, dövlət, kommersiya qurumları borclarını verir".
“Valyuta bazarı manatın möhkəmlənəcəyini diktə etmir”
"Mərkəzi Bank üçün çətin ay dekabrdır..."
İqtisadçı Vüqar Bayramov da düşünür ki, Elman Rüstəmovun son açıqlaması əvvəlkilərdən fərqlənir:
Buna da bax: Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'
“Çünki baş bankir son açıqlamasında birmənalı şəkildə manatın möhkəmləndiyini və ilin sonunda bahalaşacağının istisna etmədiyini deyir. İstisna etməmək hökmən o anlama gəlmir ki, manat mütləq möhkəmlənəcək. Xatırlayırsınızsa, mən avqust-dekabr aralığında xarici valyutaya tələbin artacağını demişdim. Əgər avqustun yekunlarına baxsaq, əvvəlki aylala müqayisədə hərraclarda dollara tələbatın artdığını görərik. Amma Mərkəzi Bank üçün çətin ay dekabrdır. Bu, dövlət və özəl müəssisələrin xarici öhdəliklərini yerinə yetirmək üçün son aydır. Deməli, dollara tələb yaranacaq. İkinci, dekabr ilin son ayı olduğundan idxal artır və buna görə xarici valyuta alanların sayı da çoxalır. Üçüncü, yeni il bayramına görə xarici səfərlərə gedənlərin sayında da artım müşahidə edilir. Bu da dollar tələbi artırır. Əslində, biz dekabrda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bunun fonunda manatın necə möhkəmlənəcəyini söyləmək çətindir. Sual yaranır, dollar tələb artırsa, nədən manat möhkəmlənir? Sentyabr və oktyabr hərraclarında dolların satışında hər hansı azalma yoxdur. Bəli, yay aylarında dollar satışında azalma müşahidə olunurdu, amma kəskin azalmadan söhbət getmirdi. Nəzərə alın ki, hərraclarda satılan dolların 92 faizi idxal məqsədilə istifadə olunur. Bu kontekstdən dekabrda dollara tələb artacaq, belə olanda valyuta bazarı ilin sonunda manatın möhkəmlənəcəyini diktə etmir”.
Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]
Vüqar Bayramov hesab edir ki, postneft dövründə möhkəm manata deyil, optimal manata ehtiyac var:
“Çünki optimal məzənnə ilə qeyri-neft ixracatını artırmaq mümkün olur. O baxımdan Mərkəzi Bank üçün manatın möhkəmlənməsi hədəf olmamalıdır. Daha çox bazarın müəyyənləşdirdiyi optimal məzənnənin əldə edilməsinə çalışmalıdır. Optimal məzənnə isə heç də milli valyutanın möhkəmlənəcəyi anlamına gəlmir”.