Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:19

''Formula-1' yarışlarından sonra manat yenidən ucuzlaşa bilər'


Natiq Cəfərli
Natiq Cəfərli

«Əslində, indi ölkədə problem dollarla yox, daha çox manatla bağlıdır. Mərkəzi Bank bazarda sərbəst manat kütləsinin yaranmasında maraqlı deyil. Manatı sıxmaq yolu ilə məzənnəni tənzimləmək siyasəti seçilib».

Bunu manatın son günlər bahalaşmasını AzadlıqRadiosuna dəyərləndirərkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib.

N.Cəfərlinin qeyd etməsinə görə, amma bu siyasət başqa bir fəsad törədir. Bazarda manat qıtlığı yaranır, bu da iqtisadiyyatın, ticarət dövriyyəsinin azalmasına, insanların iş yerlərini itirmələrinə səbəb olur. Üstəlik, büdcəyə vergi ödəmələri də azalır.

Ekspert hesab edir ki, Azərbaycanda dollarla bağlı baş verən proseslər dünyadan fərqlənir: «Digər ölkələrdə dollar bahalaşır, milli valyutalar ucuzlaşır, bizdə bunun əksi yaşanır. Bu da onu göstərir ki, baş verənlər iqtisadi proses yox, siyasi qərara bağlı məsələdir».

Amma N.Cəfərli deyir ki, manatı da belə uzun zaman sıxıb saxlamaq mümkün olmayacaq. Bir müddət sonra istər Mərkəzi Bank, istərsə də hökumət bu siyasətə yenidən baxmalı olacaq.

Valyuta kursu. Foto arxiv.
Valyuta kursu. Foto arxiv.

UCUZ ALIB, BAHA SATMAQ

Ekspertə görə, bu, yaxın aylarda da baş verə bilər: «Bu, ola bilər ki, İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışları başa çatandan sonra baş versin».

N.Cəfərli düşünür ki, bu tədbirlər zamanı turist axını ilə bağlı bankların daha çox qazanmaq şansları olur. Dolları daha ucuz alıb, daha baha satmaqla qazana bilirlər.

Ekspertə görə, bankların durumu heç də ürəkaçan deyil: «Banklar kredit verə və verdikləri kreditləri geri ala bilmirlər. Yeganə qazanc yolu valyuta alqı-satqısına qalır».

Bu il Bakıda mayın 12-dən 22-nə kimi IV İslam Həmrəylik Oyunları, iyunun 23-dən 25-nə kimi isə «Formula-1» yarışları keçiriləcək.

Bu ilin əvvəlində 1 ABŞ dolları 1 manat 92 qəpiyə yüksəlsə də, hazırda 1 manat 72 qəpikdən belə azdır. Son hərracda da manat dollara nisbətən bahalaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG